"Bu, sülhyaratma missiyası ilə ziddiyət təşkil edir" - ŞƏRH ÖZƏL

"Bu, sülhyaratma missiyası ilə ziddiyət təşkil edir" - ŞƏRH ÖZƏL

"Ermənistan 44 günlük müharibənin nəticəsi kimi kaptulyasiya aktını imzaladıqdan sonra, noyabrın 10-dan başlayaraq daxili situasiya gərginlik nöqteyi-nəzərindən pik həddə gəlib çatıb. Ermənistanda etiraz edən tərəflərin tələbləri odur ki, Paşinyan istefaya getməlidir. Bu tələbi irəli sürənlər isə daha çox revanşist siyasi dairələrdir. Onlar əslində özləri də yaxşı bilirlər ki, Paşinyanı hakimiyyətdən göndərsələr belə heç nəyi dəyişə bilməyəcəklər. Sadəcə siyasi təzyiq elementi kimi yaranmış vəziyyətdən Paşinyan əleyhinə istifadə etmək istəyirlər. Hadisələrin Ermənistandakı inkişaf ssenarisi bir neçə variantda nəzərdən keçirilir. Birinici Ermənistanda növbəti inqilab hansı ki, bu dəfəki inqilabda qan töküləcəyi də istisna deyil. Digər ssenari Ermənistanda hakimiyyət çevrilişi ola, yəni, generalların hakimiyyəti zəbt etməsi məsələsi gündəmə gələ bilər və üçüncü ssenari isə odur ki, Paşinyan artıq məğlub statusu ilə barışaraq parlamentdə tərəfdarları vasitəsilə eks Baş nazir haqqında qanunun qəbuluna nail ola bilər. Bununla da o, istefaya getdikdən sonra onun toxunulumazlığı və müəyyən hüquqları qoruyub saxlaya bilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, siyasi ekspert Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Paşinyanın hazırda Moskvaya səfəri gözlənilir: "İndidən erməni və rus mətbuatında belə məlumatlar yayılır ki, Rusiya Ermənistana kredit ayıracaq. Bu kredit Ermənistana minimum 500 milyon, maksimum isə 1,5 milyard dollar dəyərində silah satışını özündə ehtiva edəcək. Yəqin ki, bu addım həm də Paşinyan üçün ona görə lazımdır ki, revanşist qüvvələrdən heç də fərqlənmədiyini və güclənmək xəttini seçdiyini göstərsin. Bu cür silah-sursatların Ermənistana kredit vasitəsilə verilməsi hər zaman elə Azərbaycan ictimaiyyətində də narahatlıq doğurub. Bu hal müharibədən əvvəllər də olub, müharibəni gedişatında da mətbuatda bu cür məlumatlar yayılıb. Heç şübhəsiz bu bizi narahat edən cəhətdir. Revanşizm duyğuları ilə yaşayan bir ölkənin silahlandırılması qəbuledilməzdir və nəzərə alsaq ki, Rusiya özü bu məsələdə sülh yaratma prosesində iştirak edir. Sülh yaratma missiyası ilə Ermənistanda kredit vasitəsilə silah satışı bir-birinə zidd yanaşmalardır".

E.Nəsirov vurğulayıb ki, Rusiya sülhməramlılarına gəldikdə isə onların artıq bir neçə dəfə xəritə icadetmə hadisəsinə biz şahidlik etmişik: "Ermənistanla Azərbaycan sərhəddi birmənalı olaraq Sovet Azərbaycanı ilə Sovet Ermənistanı sərhəddi əsasında müəyyən edilməlidir. Yəni, Sovet İttifaqı dağılana qədər Azərbaycanın Ermənistanla sərhəddi harada yerləşirdisə, indi də həmin sərhəd olmalıdır. Belə olan halda rus sülhməramlılarının yeni xəritələr çəkməsi təbii olaraq Azərbaycan ictimaiyyətində böyük narazılıqlara səbəb olub. İnsanlarımız, vətəndaş cəmiyyətləri resursları, ictimaiyyət nümayəndələri bu məsələlərlə bağlı açıq şəkildə öz etirazlarını bildirdilər və rus sülhməramlıları əvvəlki mövqelərinə qayıtmalı oldular. İndi də ara-sıra mətbuatda bu kimi məlumatlar yayılır. Fikrimcə, 10 noyabr bəyanatının tam işlək vəziyyətdə olması və onun tam təmin olunması üçün Türkiyə sülhməramlılarının Azərbaycana gəlişi çox önəmlidir. Türk sülhməramlıları Monitorinq Mərkəzində fəaliyyətə başladıqdan sonra bu kimi anlaşılmazlıqların aradan qaldırılması üçün daha münbit şərait formalaşmış olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə