Azərbaycanlıların qayıtması Arutunyanların istəyi ilə baş vermir - ŞƏRH ÖZƏL

Azərbaycanlıların qayıtması Arutunyanların istəyi ilə baş vermir - ŞƏRH ÖZƏL

"10 noyabrda əldə imzalanmış üçtərəfli bəyanatın 7-ci bəndində qeyd olunur ki, Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu, Arutunyanların və Paqosyanların istəyi ilə baş vermir. İmzalanmış üçtərəfli bəyanat bir öhdəlikdir. Rusiya sülhməramlıları da üçtərəfli bəyanatın icrasını təmin etməlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, 1991-ci ildə Xankəndində 12024 nəfər azərbaycanlı yaşayıb: "Bu insanlar qaçqın və köçkündürlər və yenidən ora qayıtmalıdırlar. Xankəndiyə Azərbaycan icması qayıtmadan uzun müddətli sülhə nail olmaq mümkün deyil. Düşünürəm ki, Xankəndində qaçqın və köçkünlərimizin qayıtması və yaşaması üçün şərait yaranan kimi qayıdacaqlar. Xankəndi Azərbaycanın şəhəridir və orada ermənilər azərbaycanlılarla birgə yaşamalıdırlar. Birgə yaşayışın təhlükəsizliyini isə hələlik sülhməramlılar təmin etməlidir".

A.Badamov vurğulayıb ki, Azərbaycan –Ermənistan dövlət sərhəddinin demarkasiyasında müəyyən mübahisələr yaranmaqdadır: "Ermənilər torpaqlarımızı işğal etdiyi dövürdə Ermənistan sərhəddini ölkəmizin içərilərinə doğru çəkiblər. İndi həmin torpaqlar işğaldan azad olunub və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri müəyyənləşdirilərək geri qaytarılır. Mübahisəli məsələlər hüquq çərçivəsində həll olunur və ermənilərin nəzarətində olmuş bir çox yüksəkliklər və yaşayış yerləri Azərbaycanın nəzarətinə keçir. Bu proses ermənilərin istəyinə uyğun aparılmır. Texnologiyalar inkişaf edib və dövlət sərhəddini dəqiqliklə müəyyənləşdirmək olur və düşünürəm ki, bu, erməni tərəfində müəyyən narazılıqlar yaratsa da qanuni sərhəddimiz razılaşdırılıb qorunacaqdır. Bütün bu mübahisələr müvəqqəti xarakter daşıyır. İki ölkə arası dövlət sərhəddi boyunca tikanlı məftil çəkiləndən sonra bütün mübahisələr də başa çatacaqdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə