“Müharibə alovlanarsa Türkiyə ordusu yanımızda olacaq” - MÜSAHİBƏ

“Müharibə alovlanarsa Türkiyə ordusu yanımızda olacaq” - MÜSAHİBƏ

Müsahibimiz millət vəkili Azər Badamovdur

- Azər müəllim, Rusiya prezidenti Vladimir Putin keçirdiyi brifinqdə bəyan etdi ki, Rusiya sülhməramlılarının sayının artırılması üçün tərəflər təkliflə çıxış etməlidirlər. Sizcə, rus sülhməramlılarının sayının artırılmasına ehtiyac varmı?

- Düşünürəm ki, rus sülhməramlıların artırılmasına heç bir ehtiyac yoxdur. 10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağda sülhməramlı missiyasının həyata keçirilməsi üçün 1960 sülhməramlı gəlməli idi. Əgər əlavə qüvvəyə ehtiyac yaranarsa Azərbaycanın razılığı ilə bu baş verə bilər. Ona görə də rəsmi olaraq rus sülhməramlıların Dağlıq Qarabağda mövcudluğu 1960 nəfər olmalıdır. Reallıq isə ondan ibarətdir ki, Dağlıq Qarabağda nəzərdə tutulmuş kontingentdən əlavə qüvvələr də yerləşdirilmişdir. Bunlar Rusiya Fövqəladə Hallar Nazirliyin əməkdaşları və səhiyyə işçiləridir. Bu əlavə qüvvənin orada yerləşdirilməsi Azərbaycanın razılığı ilə olmalı idi. Düşünürəm ki, müxtəlif adlar altında razılaşdırılmış 1960 nəfərdən əlavə qüvvənin əlavə razılığımız olmadan Dağlıq Qarabağa yerləşdirilməsi imzalanmış üçtərəfli bəyanata ziddir. Onu da qeyd etməliyəm ki, sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsinin də bizim üçün böyük əhəmiyyəti var. Birincisi güllə atmadan, şəhid vermədən üç rayon Azərbaycana qayıtdı və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bunu özü böyük qələbəmizdir. İkincisi isə , artıq münaqişə ifadəsi yoxdur və Azərbaycan - Ermənistan dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası məsələləri öz həllini tapır. Əgər rus sülhməramlıları olmasaydı dövlət sərhədinin müəyyənləşdirilməsində biz çoxlu erməni təxribatları ilə rastlaşacaqdıq. İndiki halda isə hansı ərazidə iki ölkə arasında fikir ayrılığı yaranırsa orda rus sülhməramlıları mübahisəni beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunmasına töhfə verir.

- Erməni silahlıları hələ də Laçın dəhlizi vasitəsi ilə Qarabağa gəlməkdədirlər, sülhməramlıların erməni terrorçularının Qarabağa sızmasına göz yumması nədən qaynaqlanır?

- Üçtərəfli imzalanmış bəyanata əsasən Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi erməni silahlı qüvvələrin ərazilərimizdən çıxması ilə paralel həyata keçməli idi. Təəssüf ki, bu da istədiyimiz kimi baş vermədi. Erməni silahlıları Laçın dəhlizi vasitəsi ilə Qarabağa gəlməkdədirlər. Sülhməramlılar da buna göz yumur. Həm də Dağlıq Qarabağın özündə də yerli özünü müdafiə qüvvələri adı altında silahlılar qalmaqdadır. Bu da yol verilməzdir. Bu gün ölkəmizin ərazisində mövcud olan hər hansı bir silahlı bizim üçün terroristidir və onlara qarşı çox ciddi mübarizə aparılır. Son vaxtlar ordumuz və müvafiq orqanlarımız tərəfindən aparılan antiterror əməliyyatları çərçivəsində əsir götürülən çoxlu sayda erməni yaraqlısı terroristlərdir. Əgər sülhməramlılar bu işi tənzimləmirlərsə Azərbaycanın müvafiq orqanları bu ünsürlərə qarşı mübarizə aparır və onlar tərksilah olunur. Bununla yanaşı Dağlıq Qarabağda silahlılara silahların təhvil verilməsinə çağırışlarını da eşidirik. 30 ildə sağalmaz yaraya dönmüş bu problem bir deyib həll etmək qeyri mümkündür. Düşünürəm ki, məsələnin bizim istəyimizə uyğun tam həll olunması üçün zamana ehtiyac var. Zaman keçdikcə Dağlıq Qarabağdakı yaraqlıların hamısı tərksilah olunacaq, həmin ərazilərdə Azərbaycanın dövlət atributları ucaldılacaq və mütəmadi olaraq idarə etmə bizə keçəcək. Həm də Dağlıq Qarabağa Azərbaycan icması qayıdacaq və həyat öz axarına düşəcəkdir. Onu da qeyd edim ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə qeyd etmişdir ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağıdır. Düşünürəm burda alternativ fikir olmamalıdır və həyata keçirilən bütün missiyaların sonu buna gətirməlidir. Biz öz haqq işimizi görmüşük və davam etdiririk.

- Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, əgər 10 noyabr razılaşması pozularsa, bu halda müharibə başlaya bilər. Ümumiyyətlə, yenidən müharibənin başlanma ehtimalı varmı?

- Türkiyə hər zaman bizim yanımızda olmuşdur və bundan sonra da olacaqdır. Bunu əsil qardaşlıq münasibəti hesab edirəm. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbənin daha inamlı olmasında Türkiyənin bizə verdiyi mənəvi və siyasi dəstək xüsusi rol oynayıb. Ağdamda yaradılacaq monitorinq mərkəzinin məqsədi də əldə olunmuş üçtərəfli bəyanatının icrasına birgə nəzarəti həyata keçirmək və bu gün baş verən bəzi xoşagəlməz halların qarşısını almaqdır. Həm də Qarabağa Türkiyənin hərbi qüvvələri yerləşdirəcəkdir. Türkiyə hərbi qüvvələrinin Qarabağa yerləşdirilməsi yenidən müharibənin başlanma ehtimalını azaldır. Amma hər şey baş verə bilər. Əgər yenidən müharibə alovlanarsa Türkiyə ordusu yanımızda olacaq və bu, birbaşa tarixi torpaqlarımızın işğaldan azad olunması ilə başa çatacaqdır. Bunu ermənilər və onlara dayaq duran qüvvələr yaxşı bilirlər və ona görə də yenidən müharibənin alovlanmasına şərait yaratmayacaqlar. Əgər yenidən müharibə baş verərsə bu, Ermənistan üçün ölümə bərabər olacaqdır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə