Qələbəmizi reallaşdıran Prezidentimiz dövlətimizi daha firavan gələcəyə aparır - MƏQALƏ

Qələbəmizi reallaşdıran Prezidentimiz dövlətimizi daha firavan gələcəyə aparır - MƏQALƏ

Lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Artıq 17 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub.

Zəfər salnaməsinin şanlı 44 günü

30 ilə yaxındır ki, dilimizdən düşməyən gün o gün olsun ki... İllərdir həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq...Nəhayət sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDASI qoyuldu!. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Ali Baş Komandanımız İlham Əliyev "Twitter" hesabından 71 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi ilə bağlı şad xəbəri xalqa verdi. 10 noyabr gecəsi isə dövlət başçımız İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır".

"Qarabağ Azərbaycandır!" reallığı 44 gündə – mümkünsüzü mümkün etdi

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat Ermənistanın kapitulyasiyasıdır.

"Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

"Qarabağ Azərbaycandır! və nida" deyən Prezident İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Özünün tarixi, coğrafi mövqeyinə görə Azərbaycanın ən qədim və strateji cəhətdən vacib olan yaşayış məskənlərindən sayılan Laçının işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edərkən dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşının illərlə arzusunda olduğu sözləri dilə gətirdi: «Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında Zəfər Günü və Anım Günü təsis edildi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Bu gün bütün Azərbaycan xalqı, bütün türk dünyası fəxrr edir, sevinir. Çünki tarixi Qələbəimizi reallaşdıran Prezidentimiz dövlətimizi daha firavan gələcəyə aparır. Zəfər Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!

KAMİL MİRZƏYEV,

YAP Biləsuvar rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə