Minasyandan qeyd-şərtsiz istefa tələbi: Nikol getməlidir, vəssəlam! İDDİA
Sabiq səfir: “İctimai fikirlərə təsir göstərən, yalan danışan populyar və ictimaiyyətçi adamların adları açıqlanmalıdır”
“Vətəni məhv etmiş və on minlərlə insanın həyatını sındırmış Nikol növbədənkənar seçkilər yolunu təşkil etməklə, özünün siyasi ömrünü uzatması qərarını verib ki, bu, onun heç olmasa seçkiöncəsi müddətdə öz postunda qalmasına şərait yaradır”. SİA tert.am-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın Vatikandakı keçmiş səfiri, əvvəlki prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan feysbuk sosial şəbəkəsində yazıb. O, hesab edir ki, növbədənkənar seçkilərə qədərki dövr süquta uğramış hakimiyyət üçün qısa vaxt deyil. Minasyan seçkilərin lazımlığının mütləq olduğnu qeyd etməklə yanaşı, əhəmiyyətli məsələnin bu deyil, digər məqam olduğunu yazıb və bildirib ki, daha mühüm məsələ “siyasi meyit” Nikol Paşinyanın indi, hazırda, yəni seçkilərə qədər olan qısa zaman ərzində ortadan yığışdırılmasına zərurət var, eləcə də baş vermiş rüsvayçı məğlubiyyətə görə reaksiya və qiymət verilməliydi. O, bunu bir neçə mərhələyə bölüb. Belə ki, Minasyana görə məğlubiyyətə siyasi və milli qiymət vermək lazımdır. Habelə, dövlət xainlərinə və hərbi cinayətkarlara qarşı cinayət işi açılmalıdır. O, hakimiyyətin ələ keçirilməsinin, son 2,5 ildə baş verən planlaşdırılmış, məqsədyönlü və realizə edilmiş addımların da araşdırılmasını tələb edib.
“Kimin seçiləcəyini və seçilməyəcəyini xalq müəyyən etməlidir”
Minasyan həmin proseslərə xidmət edən, maliyyələşdirən feyk industriyasının aşkara çıxarılmasını, bütün xarici agentlik şəbəkələrinin ifşasını, qanunları pozmağa hesablanmış addımlarda iştirak edən hüquq-mühafizə orqanlarının, vəzifəli və cavabdeh şəxslərin də məsuliyyətə cəlb olunmalı olduqlarını bildirib.
“İctimai fikirlərə təsir göstərən, yalan danışan populyar və ictimaiyyətçi adamların adları açıqlanmalıdır”, deyən Mikael Minasyan məğlubiyyətə səbəb olacaq əmrləri bilərəkdən icra edən hərbi xadimlərin də hədəfə alınmalı olduqlarını bildirib və onu da yazıb ki, meyitlərin gizlədilməsi prosesində də kimlərin rol oynamaları aydınlaşdırılmalı, həmçinin, müharibədən sonra ölən və əsir düşmənlərin də səbəbkarları cəzalandırılmalıdır: “Bütün bunlardan sonra yeni seçkilər elan olunmalıdır. Elə bir seçkilər ki, vətəndaşlar hər şeydən məlumatlı olmalıdırlar və kimin seçiləcəyini, kimin isə seçilməyəcəyini xalq müəyyən etməlidir. Çünki digər yerdə qalan hallarda, yəni bu tələblər icra olunmayacağı halda seçkilər saxtalaşdırılacaq, xalq aldadılacaq”.
“Axı siz kimsiniz, ay satqınlar?”
“Qalib ölkə avtomatik şəkildə seçkilərə gedə bilməz. Günahkarları tapmaq, cəzalandırmaq, həqiqəti demək və analizlər aparmaq vacibdir və yalnız bundan sonra cəmiyyətin təmizləndiyi hakimiyyəti yeni səhifədən formalaşdırmaq olar”, deyə qeyd edən Minasyan hazırda bir tələbin olduğunu bildirib: “Nikol heç bir şərt irəli sürmədən istefaya getməlidir. Üç əsas hədəf və funksiyalarla müvəqqəti hökumət formalaşdırılmalıdır”.
Belə ki, onun sözlərinə görə, dövlətçiliyi kollapsa uğradan hökumət buraxılmalı, Ermənistanın və insanların təhlükəsizliyi təmin edilməli, sayılı həftələrlə baş verəcək iqtisadi kollapsın qarşısı alınmalı, kapitulyasiyada günahlar olanlar cəzalandırılmalıdır.
“Bu qədər. Sadəcə, hər kəsə aydındır. Xüsusilə, vətənin itirilməsindən sonra alver, ya da razılaşmalarla hər şeyi həll edəcəklərinə inanan Nikolun ardıcıllarına aydındır. Lakin bu, baş verməyəcək. Siz kapitulyantlar və siyasi meyitlərsiniz”, deyə Minasyan bildirib. SİTAT: “Sizin hətta hər hansı ümumdövlət prosesini keçirməyinizə haqqınız yoxdur. Axı siz kimsiniz, ay satqınlar? Sizə elə gəlir ki, nəyi isə təqdim etməyə hüququnuz var? Onda gedin Yerablura (İrəvanda erməni hərbçilərinin dəfn olunduğu yer) və oradan deyin ki, sizin vəzifə tutmağa, ya da hansısa prosesi təşkil etməyə mənəvi hüququnuz var. Sizinlə yalnız bir razılaşma ola bilər: Faxroyanın siyahısında sizi mühakimə edəcək hakim Karen, Mnats, ya da Artuş olmaya bilər. Onlar sizin iradəsiz cib cəlladlarınız idi. Keçid hökuməti ədalətli məhkəmə və araşdırmaya zəmanət verir. Nikol indi istefaya getməlidir. Dövlət xadimləri və ona yaxın olanların müvəqqəti olaraq siyasi və mənəvi mandat sahibləri olmalarına haqları yoxdur. Həmçinin, onların nə namizədləri, nə də ambisiyaları ola bilər. Alış-veriş ola bilməz və olmayacaq da. Boş yerə Moskvada kabinetdən-kabinetə qaçmayın. Olmayacaq, biz yol verməyəcəyik”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB