"Qışda humanitar böhran daha da pisləşə bilər" Artak Beqlaryan

"Qışda humanitar böhran daha da pisləşə bilər" Artak Beqlaryan

Artak Beqlaryan qeyd edib ki, Dağlıq Qarabağ problemləri yalnız mənzil çatışmazlığı ilə məhdudlaşmır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma rejimin əldəqayırma ombudsmanı RİA Novosti-yə açıqlama verdiyi zaman söyləyib.

Dağlıq Qarabağ Ombudsmanı Artak Beqlaryan, qışda humanitar böhranın, koronavirus pandemiyası səbəbindən daha da kəskinləşə biləcəyini istisna etmir.

Artak Beqlaryan qeyd edib ki, Qarabağ problemi bu gün digər bölgələrdən olan qaçqınların yerləşdirilməsi üçün lazım olan mənzil çatışmazlığı ilə məhdudlaşmır.

“Bundan əlavə, insanlar üçün ən azı minimal rahat şərait yaratmaq lazımdır, məsələn, istilik. Evlərindən çıxan bir çox insan paltarlarını da götürə bilməyib. Koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət də bu məsələdə mühüm rol oynayır”, deyə Beqlaryan fikirlərini açıqlayıb.

Beqlaryan, Dağlıq Qarabağda COVID-19-a yoluxanların sayını açıqlamaqda çətinlik çəkib və bu barədə son məlumatların səlahiyyətlilər tərəfindən sentyabr ayında, yeni eskalasiyanın başlamasından əvvəl qeydə alındığını deyib.

Artak Beqlaryan mənzil çatışmazlığını Qarabağdakı ən kəskin problem adlandırıb.

Ombudsmanın sözlərinə görə, sentyabr ayında yenidən döyüşlərin başlaması ilə insanlar özlərini və yaxınlarını xilas etmək üçün evlərini tərk ediblər.

“Münaqişənin bir ay yarım müddətində bir neçə min ev dağılıb. Evlərini itirənlərin əksəriyyəti hələ də İrəvandadır və bu səbəbdən bu problem çox miqyaslı və vacib olaraq qalır”, deyə A.Beqlaryan etiraf edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə