Düşmənin Zəngəzuru itirmək qorxusu ANALİTİK

Düşmənin Zəngəzuru itirmək qorxusu ANALİTİK

Erməni araşdırmaları mərkəzi: “İndi burada kimin-kimlə və necə danışması bizim işimiz deyil”

Erməni siyasi-ictimai rəyinin Zəngəzur ətrafındakı təlaşları səngimir və bir sıra siyasi araşdırmaçılar, iqtisadi analitiklər bu ərazinin nə qədər əhəmiyyətli olması ətrafında mülahizələrini irəli sürürlər. Xüsusilə, Türkiyə və Azərbaycanın regiondakı artan gücündən xoflanan ermənilər bir sıra ilginc fikirlərlə çıxış etməyə başlayıblar.

Amerikanın erməni araşdırmaları mərkəzinin rəhbəri Suren Sarkisyan Qarabağdakı vəziyyətlə bağlı feysbuk səhifəsində post paylaşıb. SİA tert.am-a istinadən xəbər verir ki, erməni araşdırmaçı Qarabağın hələ başlanğıc olduğunu yazıb.

Suren Sarkisyan: “Hakimiyyətin total effektli idarəçiliyinin olmadığı bir vaxtda yeni reallıq formalaşmağa başlayıb”

“Arsax” (Qarabağ) sadəcə perelyudiyaydı... Siz nə vaxtsa uğursuzluğa düçar olursunuzsa, o zəncirvari reaksiya verməyə başlayır. Öz payını kəsməyə hazır olan bıçaqlı insanların sayı artır. İndi isə, hakimiyyətin total effektli idarəçiliyinin olmadığı bir vaxtda yeni reallıq formalaşmağa başlayıb”, deyə yazan Suren Sarksyan, hətta iddia edib ki, belə olan vəziyyətdə Azərbaycan situasiyadan yararlanıb nəinki “Arsaxdan” (Qarabağdan), eləcə də Ermənistandan (Qərbi Azərbaycandan) maksimum qoparmağa cəhd göstərir. SİTAT: “Belə düşünək ki, Ermənistanın 20%-ni əldə etmək üçün. Sünik (Zəngəzur) burada mühüm əhəmiyyət kəsb edir. Mən deyərdim ki, hər kəs üçün vacib. Niyə? Sünik (Zəngəzur) nəinki Ermənistanın xarici sərhədidir, həm də İranın sərhədidir və bura İranı ətrafdan məngənəyə salmaq üçün Amerika-İsrail alyansının strateji sərhədidir”.

“Neft və qaz Rusiyadan kənar yollarla keçəcək və Avropanın Moskvadan enerji asılılığını zəiflədəcək”

“Sünik (Zəngəzur) İran üçün ona görə əhəmiyyətlidir ki, bu Ermənistanın və Gürcüstanın Rusiyaya, eləcə də Qara dənizə çıxışı üçün Türkiyədən və türk dövlətlərindən icazə alınmayacaq yeganə quru sərhədidir”, deyə qeyd edən erməni araşdırmaçı iddia edib ki, Sünikə (Zəngəzura) planı olan Türkiyənin regiondakı rolu güclənir, çünki planları reallaşarsa, ona Amerika-İsrail alyansı və İran müraciət edəcək.

“Bundan əlavə, türk ölkələrinin neft və qazının Avropaya çatdırılması məsələsi də Azərbaycan və Türkiyə üçün artıq problem deyil”, bildirən Sarkisyan hesab edir ki, bu çatdırılma Rusiyadan kənar yollarla keçəcək və Avropanın Moskvadan enerji asılılığını zəiflədəcək.

“İndi burada kimin-kimlə və necə danışması bizim işimiz deyil. Biz bundan sonra faktor hesab olunmuruq. Onlar hətta mübahisə də etmirlər”, deyə Amerikanın erməni araşdırmaları mərkəzinin rəhbəri Suren Sarkisyan sosial şəbəkədəki postunda yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə