"Sülhməramlıların öz vəzifə səlahiyyətlərini aşmağa ixtiyarları yoxdur" - ŞƏRH ÖZƏL

"Sülhməramlıların öz vəzifə səlahiyyətlərini aşmağa ixtiyarları yoxdur" - ŞƏRH ÖZƏL

"Rusiya sülhməramlıları onlara məxsus olan öz funksiyalarını yerinə yetirməlidir və onların vəzifələri imzalanan bəyanatda açıq şəkildə əks olunur. Sülhməramlıların öz vəzifə səlahiyyətlərini aşmağa, hansısa xərtiəni tərtib etməyə, hansısa bir rəqəmləri və dislokasiya yerlərini dəyişdirməyə heç bir ixtiyarları yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, əgər Rusiya dövlət başçısı bu sənədi imzalayıbsa, sülhməramlılar hansı hüquqa əsasən bunu edirlər? "Aydın məsələdir ki, Rusiya uzun illər ermənilərə dəstək vermək üçün çalışıb. Amma bu gün Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişib. Azərbaycan öz torpaqlarını azad edib. Bizim öz torpaqlarımızda hər hansı bir düzəlişlər etmək və xəritəyə yeni dəyişikliklər etmək həm bizim Azərbaycan maraqlarına ziddir, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə müəyyən dərəcədə zərbədir".

F.Sadıqov vurğulayıb ki, həm Azərbaycanın Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyimiz bu məsələyə kəskin reaksiya verəcək və verməlidir: "Bu məsələyə qarşı biz özümüz vətəndaş cəmiyyəti olaraq da çıxış etməliyik. Bu o deməkdir ki, yaranmış real vəziyyəti anlamağa sülhməramlıların ya qabiliyyəti çatmır, ya da bu məsələlərin nəticələrini axıra qədər dərk etmirlər. Yaxud da bunu qəsdən edirlər. Qəsdən edirlərsə, onda gərək biz Rusiya rəhbərliyinə öz etirazımızı bildirək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə