“YAŞAT” Fondu Prezidentin bəşəri məqsədlərinin təzahürüdür” ÖZƏL-MÜNASİBƏT

“YAŞAT” Fondu Prezidentin bəşəri məqsədlərinin təzahürüdür” ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev daimi öz çağırışları, təşəbbüsləri ilə bəşəri ideyalara xidmət etdiyini bütün dünyaya göstərib. Əlbəttə ki, bu təşəbbüslər, çağırışlar saysız-hesabsızdır. Biz bunu bütün sahələrdə hiss edirik, görürük." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti dünyada sülhün, əminamanlığın carçısı, təbliğatçısı kimi çıxış edir və özünün fəaliyyəti ilə, əməli işi ilə bunu bir daha dünya ictimaiyyətinə göstərir.
"Koronavirusla əlaqədar BMT-nin növbəti sessiyasının çağırılması və həmin sessiyada dövlətimizin başçısının çıxışı, onun irəli sürdüyü fikirlər dünyaya bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti insanların sağlamlığı, dünyada insanların xoşbəxt və sağlam yaşaması üçün əlindən gələn hər bir vasitədən istifadə edir və istifadə etməyə qadirdir. Çox yaxşı haldır ki, əfsuslar olsun, Ermənistan istisna olmaqla, Prezidentimizin bu təşəbbüsü bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi, alqışlanıldı və bu dünya tibb sahəsinə çox böyük bir dəstək oldu, insanların sağlamlığı üçün pandemiyaya qarşı mübarizənin gücləndirilməsi üçün bilavasitə qüvvələri səfərbər etdi.
Digər tərəfdən, dünyada baş verən müəyyən fəlakətlər, zəlzələlər, yanğınlar, insan qırğınları nəticəsində baş verən fəlakətlərə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev daimi öz dəstəyini göstərir və həmin o ziyan çəkmiş dövlətlərə Azərbaycan dövləti birinci sıralarda öz yardımını, köməyini göstərir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, humanitar konfranslar, görüşlər bir daha göstərir ki, Azərbaycan xalqı, Azərbaycan dövlətinin rəhbəri insanların kamilləşməsi, insanların qorunması, insanların maarifləndirilməsi yolunda öz təşəbbüslərini davam etdirməkdədir və bu təşəbbüslər bugünkü həyatımızda özünün real əksini tapmışdır.
Azərbaycan Respublikasının Prezidentinin şəhid ailələrinə və qazilərə dəstək məqsədilə yaratdığı "YAŞAT" fondu məhz onun bəşəri istəklərinin, bəşəri məqsədlərinin bir təzahürüdür. Əlbəttə ki, şəhid ailələri, qazilər bizim üçün, xalqımızın hər bir nümayəndəsi üçün əzizdir. Çünki, 44 günlük Vətən Müharibəsində qazandığımız möhtəşəm qələbələr, ordumuzun şanlı zəfər yürüşü məhz şəhidlərimizin, qazilərimizin şücaəti, mətinliyi, vətənə, xalqa məhəbbəti sayəsində qazanılmışdır. Ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd etmiş, şəhidlərimizə, qazilərimizə böyük hörmətini, məhəbbətini ifadə etmiş, yaralıykən onlara baş çəkmiş, şəhid ailələri ilə görüşmüş, onlara lazım olan bütün qayğını göstərmişdir. Bu gün ölkədə şəhid ailələrinə, qazilərə göstərilən qayğı və diqqət əvəzolunmazdır, əvəzsizdir. Onlar üçün minlərlə evlər tikilmiş, onlara minlərlə maşınlar verilmiş, onların sağlamlığının qorunması, onların adlarının əbədiləşdirilməsi üçün dövlət hər cür köməkliklərini əsirgəməmişdir. Belə bir fondun yaradılması əlbəttə ki, Azərbaycan xalqını ürəkdən sevindirir və hər bir kəs elə bilərəm ki, bu fondun fəal iştirakçısı olacaq, bu fonda öz maddi köməyini əsirgəməyəcək. Sözsüz ki, bu fond Azərbaycanda ən öndə gedən bizim şəhid ailələrinin, qazilərimizin vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarının genişləndirilməsi üçün əsaslı işlər görəcək, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində əməli dəstək olacaq və gənclərimizi vətəni, xalqı, torpağı sevməyə ruhlandıracaqdır. Bu təşəbbüs bəşəri bir təşəbbüsdür və sözsüz ki, bizim hər birimiz bunu alqışlayırıq və ölkə rəhbərinə, Ali Baş Komandanımıza belə nəcib təşəbbüsləri üçün, şəhid ailələrinə, qazilərimizə göstərdiyi qayğı və diqqətə görə bir daha öz minnətdarlığımızı bildiririk. Qələbə bizimlədir, Azərbaycan xalqı qalibdir. Azərbaycan xalqı bundan sonra da öz Prezidenti, Ali Baş Komandanı ətrafında möhkəm birləşməklə, dünyada müdrik, qalib, yenilməz, sülhsevər bir xalq olduğunu bir daha nümayiş etdirəcəkdir", deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə