Vazgen Manukyan Nikol Paşinyanı devirərsə... SİYASİ RAKURS+ÖZƏL

Bütün hallarda uduzan yenə də Ermənistan olacaq!

Ermənistanın birləşmiş müxalifəti ölkənin baş naziri Nikol Paşinyanı əvəz edəcək vahid namizədinin adını açıqlayıb və onun keçmiş baş nazir və sabiq müdafiə naziri vəzifələrini daşımış Vazgen Manukyan olacağı bildirilir. SİA xəbər verir ki, bu barədə RBK-ya açıqlama verən “Vətən” partiyasının idarə heyətinin üzvü Robert Arutunyan bildirib.

O cümlədən, Rusiyanın “İntefax” agentliyinə də müxalifət dairələrinin mənbələri bu məlumatı təsdiqləyiblər.

“Vazgen Manukyan Ermənistanın keçid hökumətində baş nazir postuna yeganə namizəd olacaq”, deyə məlumatda bildirilir.

Qərbin və Rusiyanın regionda toqquşan maraqları Ermənistanın başında “çatlayır”

Lakin bütün bunlara rəğmən, nəzərə alarsaq ki, Nikol Paşinyan hakimiyyətinin ömrünü uzatmaqdan ötrü bütün rıçaqlarını işə salıb və eyni zamanda, istefasını tələb edən xalq kütləsinə qarşı polis zorakılığına da yol verir, bu zaman ölkədəki vəziyyətin daha da pisləşəcəyini indidən bəlli etmək elə də çətin deyil. Daha dəqiq desək, hazırda iki cinahın – Qərbin və Rusiyanın regionda toqquşan maraqları Ermənistanın başında “çatlayır” desək yanılmarıq.

Qarabağ müharibəsində rüsvayçı və sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın dövlət müstəqilliyi onsuz da sarsılıb və belə olan vəziyyətdə Sorosun adamı olan Paşinyan iki seçim arasında qalıb. O, ya Rusiyaya tam şəkildə tabe olacağını bundan sonrakı fəaliyyəti ilə sübuta yetirməli, ya da yenidən Soros qarşısında müəyyən öhdəliklər götürərək, anti-Rusiya siyasəti aparıb, Qərbin maraqlarından çıxış etməlidir.

Vazgen Manukyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident seçkilərində rəqibi olub, amma ona uduzub

Hələlik, Paşinyanın sərgilədiyi mövqe nə qədər qəribə görünsə də, Rusiyaya tərəf meyillənməsidir. Amma kinli rus siyasəti Paşinyana dərs verməkdə davam edir. Məsələn, ötən həftə bildirilirdi ki, Paşinyan Moskvaya işgüzar səfərə gedəcək, ancaq sonradan bu səfər təxirə salındı və bunun kökündə Putinin qərarının olması kimsədə şübhə doğurmur.

Digər tərəfdən, Paşinyan müharibə dövründə Qərbdən lazım olan dəstəyi də ala bilmədi və bu gün onun yenidən Qərbdən nə isə tələb etmə haqqı var, amma Qərbin Paşinyana tərəf addm atacağı da hələlik sual altındadır. Bütün bu kimi məsələlərin fonunda erməni müxalifətinin keçid hökuməti qurması planı və ölkənin köhnə siyasi steblişmenti sayılan Vazgen Manukyanı baş nazir postunda görmək arzusu daha bir faktı da oraya çıxarır. Belə ki, Vazgen Manukyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident seçkilərində rəqibi olub, amma ona uduzub. Məlumdur ki, Ter-Petrosyan da Qərbyönümlü siyasətçi olub və Manukyan Rusiyanın seçimi olaraq həmin vaxt qarşıya qoyulmuş məqsədə nail ola bilməmişdi. Ermənistan müxalifəti hesab edir ki, Manukyan seçiminə Vladimir Putin administrasiyası da “yox” demir, amma növbəti proseslərin də necə inkişaf edəcəyini səbrlə gözləyir.

Vazgen Manukyan müxalifətin dəstəyi ilə baş nazir postuna yiyələnərsə, yenidən müharibə ritorikası ilə çxış edə bilər

Əbəs deyil ki, Vazgen Manukyan hələ oktyabrın 27-də - Qarabağda müharibənin başlamasının bir ayının tamamında Paşinyan hökumətini istefaya səsləmiş, hakimiyyəti isə orduya təhvil verməyə çağırmışdı.

“Bu hökumət hakimiyyəti orduya təhvil verib könüllü şəkildə, heç bir dağıdıcı şərait yaratmadan getməyə məhkumdur “, Manukyan bəyan etmişdi.

Hətta ordunu tam nəzarətinə götürəcəyi və Qarabağdakı ermənilərlə birgə birləşmiş komitə yaradacağını da iddia edən Vazgen Manukyan danışıqlara gediləcəyini, bu məsələdə maraqlı olan dövlətlərlə, beynəlxalq strukturlarla əməkdaşlıq edəcəyini də bildirmişdi. O, əks halda hər şeyin itiriləcəyini də bildirmilşdi.

Məhz həmin anlarda İrəvanda 17 siyasi partiyanın Paşinyanı istefaya dəvət edən bəyanatı qəbul olundu. Onlar baş nazirin üçtərəfli atəşkəs bəyannaməsinə imza atmasını xəyanət və satqınçılıq adlandıraraq, bu vəziyyətin davam edə bilməyəcəyini də demişdilər.

Lakin daha bir məsələ budur ki, əgər Vazgen Manukyan müxalifətin dəstəyi ilə baş nazir postuna yiyələnərsə, yenidən müharibə ritorikası ilə çxış edə bilər. Hansı ki, ordusu, iqtisadiyyatı məhv olan Ermənistanın bundan sonra onilliklər boyu ayağa qalxması ehtimalı yoxdur. Ancaq erməni ictimai rəyinin çoxluğunun hələ də ultramillətçilik faktorundan çıxış etmələri onu da isbat edir ki, əgər yenidən müharibə şəraiti yaranarsa, bu, həqiqətən də, Ermənistanın xəritədən birdəfəlik silinməsi ilə nəticələnəcək.

Proseslər hər iki tərəfdən yenə də Ermənistanın xeyrinə inkişaf etməyəcək və hazırda da etməməkdədir

Başqa tərəfdən, Rusiyanın vasitəçi və siyasi aktor olaraq regiondakı nüfuzunu xeyli artması faktı da təhlükə altına düşə bilər. Daha dəqiq desək, Vazgen Manukyan və onun baş nazirliyini tələb edən müxalifət partiyaları artıq Azərbaycanın nəzarətinə keçən ərazilərin geri qaytarılması tələbinin üzərində qalmaqda davam edirlər. Məhz bu kimi gedişatlar belə deməyə əsas verir ki, onsuz da dövlətçilik dayaqları laxlayan Ermənistan tamamilə məhv olmaq həddinə gəlib-çatıb. Bu mənada, Rusiya prezidenti Vladimir Putinin son vaxtlar Nikol Paşinyanla bağlı loyal münasibətə keçməsi amili də belə qənaətə gəlməyə zəmin yaradır ki, Kreml İrəvanı tam olaraq itirmək marağında deyil və mümkündür ki, Paşinyanın nə qədər Qərbə bağlı adam olmasından asılı olmayaraq, onu müxtəlif rıçaqlar vasitəsi ilə öz tərəfinə çəkərək, saxlamağa nail olacaq və belə davam edəcəksə, bu zaman Ermənistanda anti-Rusiya meyilləri müxalifət tərəfindən də artacaq və həmin kütləyə liderliyi baş nazir postuna iddialı olan Vazgen Manukyan edəcək. Proseslər isə hər iki tərəfdən yenə də Ermənistanın xeyrinə inkişaf etməyəcək və hazırda da etməməkdədir.
Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...