"Laçın rayonunun işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür" Adil Əliyev

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməklə, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyü bərpa edildi". SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.

Adil Əliyev bildirib ki, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda rəşadətli Ordumuz misli görünməmiş şücaət göstərdi və düşmənə vurulan ağır zərbələrin nəticəsində Ermənistan məğlub olaraq döyüş meydanından qaçdı. Vətən müharibəsi zamanı düşmən tam şəkildə məğlub oldu, döyüş meydanında başlayan Qələbə yürüşü adekvat olaraq diplomatik masada da dövlətimizin başçısı tərəfindən çox böyük uğurla davam etdirilir.

Dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsinin şanlı qələbəmizin təcəssümü olduğunu vurğulayın Milli Məclis Sədrinin müavini deyib: “Prezident İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələr zamanı Ermənistanın təcavüzkar siyasətini bir daha dünyanın diqqətinə çatdırması, bütün dünyanın de-fakto olaraq Ermənistanı təcavüzkar ölkə kimi tanımasına gətirib çıxardı. Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən icra edilməsə də bu vaxta qədər işğalçıya qarşı heç bir tədbir görülməmişdir. Yalnız sentyabrın 27-də erməni təxribatından sonra əks-hücum əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu bu qətnamələrin icrasına nail oldu. Döyüş meydanında qazandığımız uğurlar düşməni Ağdamdan, Kəlbəcərdən və Laçından çıxmağa məcbur etdi. Beləliklə, bu qətnamələrin də icrası təmin olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Laçının mühüm strateji əhəmiyyət kəsb etməsi səbəbindən Ermənistan və onun havadarları bu rayonun təhvil verilməsini heç vaxt istəməmişdilər. Lakin Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi. Dövlətimizin başçısının xalqa müraciətində qeyd etdiyi kimi, “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Adil Əliyev qeyd edib ki, Laçın rayonunun təhvil verilməsi ilə birgə Bəyanatın daha bir müddəası icra edildi. 28 il ərzində üzərinə götürdüyü öhdəliklərə, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə məhəl qoymayan Ermənistan Azərbaycan Respublikası Prezidentinin qətiyyətli iradəsi, şanlı Ordumuzun göstərdiyi şücaət sayəsində məğlub edildi və torpaqlarımızdan çıxmağa məcbur oldu. Yaşasın bizə bu qələbəni bəxş edən Müzəffər Ali Baş Komandan, eşq olsun Azərbaycan Ordusuna. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə