Daxili düşmənlərin erməniçilikləri necə davam edir? TƏRS BAXIŞ+ÖZƏL

Yaxud, Əli Kərimli-Cəmil Həsənli-Gültəkin Hacıbəyli triosunun növbəti məqsədləri bəllidir

Bildiyimiz kimi, Qarabağ münaqişəsi sözü artıq keçmişdə qaldı və şanlı Silahlı Qüvvələrimizin dünyaya səs salan 44 günlük zəfər yürüşü nəticəsində işğaldan azad olunmuş Qarabağımızda qalib Azərbaycan küləyi əsməkdədir. Bu reallıq həm də danılmazlıq olmaqla yanaşı, bir gerçəkliyi də sübuta yetirir: Müzəffər Ali Baş Komandanımız, adını tariximizə qalib Sərkərdə olaraq yazan İlham Əliyev qətiyyəti və iradəsi. Bizim qalibiyyət təntənəmizin kökündə-təməlində Onun mübarizlik ruhu, uğurlu hücum diplomatiyası, xalqın tükənməz etimadı və ən əsası, ordu, əsgər və zabit inamı, qəhrəmanlıq şücaətləri dayanmaqdadır. Bir vaxtlar bizə şərtlər qoyan düşmən indi özü məğlub, əzilmiş, məhv olmuş vəziyyətdə Azərbaycanın diktəsi altında çabalamaqdadır. Artıq yollar Qarabağdan keçir və nəinki keçir, eyni zamanda, bu yollar üzərində müqəddəs uçrəngli bayrağımız da sancılır, dalğalanır – şəhidlərimizin qanları, igid əsgər və zabitlərimizin tükənməyən döyüş ruhları sayəsində.

Təəssüf ki, bizim düşmənimiz mənfur olması ilə yanaşı, həm də şərəfli düşmən deyil

Diplomatiya deyərkən, biz daha bir reallığı unutmamalıyıq ki, Cənubi Qafqaz regionu hər zaman dünyanın diqqət mərkəzində olan bölgədir və xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin 30 il müddətində işğala məruz qalması faktı ətrafında bir çox təzadlar, mübarizələr aparıldı, nəticədə söz müharibənin oldu və bu müharibədə qalib tərəf biz olduq! Qalib tərəf olduğumuz üçün də söz, məhz bizdədir, bundan sonra da bizdə olacaq. Bu gün regionun digər iki əsas ölkələri – Rusiya və qardaş Türkiyə də əbədi, əzəli qonşularımız olmaqla yanaşı, həm də münaqişədən sonrakı dövrdəki təşəbbüsləri ilə mühüm rol oynamaqdadırlar.

Söz yox ki, düşmənin məkrli, hiyləgər və kinli, ləyaqətsiz olması da kimsəyə sirr deyil. O da əbəs deyil ki, biz azərbaycanlılarda belə bir deyim var: dövlətimizin düşməni də gərək mərd olsun, müharibəni uduzsa belə, həmin məğlubiyyətini qəbul etsin və sülh prosesi dövründə qədəm qoyulanda baş vermiş müharibənin tarixdə qaldığını dərk etsin. Təəssüf ki, bizim düşmənimiz mənfur olması ilə yanaşı, həm də şərəfli düşmən deyil. Biz tarixən müxtəlif xarici ölkələr arasında uzun müddətli hərblərdən sonra onların arasındakı münasibətlərin yenidən qurulması, normallaşdırılması proseslərini müşahidə etmişik. Elə də uzağa getməyərək, fransızlarla ingilisləri, almanlarla rusları və s. onlarla digər bir-biri ilə müharibə aparmış ölkələri misal gətirə bilərik. Təəssüf ki, bu misalı ermənilərə şamil etmək olmaz və bunun üçün yenidən tarixi vərəqləməyə də ehtiyac qalmır. Çünki tarixdə hər şey yazılıb.

Divan politoloqlarının, daim nədənsə narazı qalan “ağıllıların”, özəlliklə “müxalifət lideri” deyilən fərdlərin Rusiya sülhməramlıları ətrafında sərgilədikləri hay-küyləri arxasında dar, təhlildən kənar düşüncələrin dayanması şübhəsizdir

Beləliklə, məhz ermənilərin hansı “düşüncəyə” malik olduqlarını nəzərə alaraq bu gün bölgədə fəaliyyət göstərən Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəliklərini yerinə yetirməkdədirlər. O cümlədən, qardaş Türkiyə hərbi kontingentinin (hələlik, mühəndis-istehkamçılarının və minaaxtaranlarının) də burada fəaliyyətə başlaması məsələsində bənzər faktorlar dayanmaqdadır. Bu gün bəzi divan politoloqlarının, siyasətbazlarının, daim nədənsə narazı qalan “ağıllıların” özəlliklə “müxalifət lideri” deyilən fərdlərin Rusiya sülhməramlıları ətrafında sərgilədikləri hay-küyləri arxasında dar, təhlildən kənar düşüncələrin dayanması şübhəsizdir. Əldə heç bir fakt, sübut olmadan guya Xankəndinin və s. ermənlərin daha çox məskunlaşdıqları ərazilərin guya yenidən “respublika” adı altında onlara peş-kəş ediləcəyi barədə səslənən sərsəm fikirlər isə, ilk növbədə, torpaqlarımız uğrunda qanlarını axıdan şəhidlərimizin ruhlarına göstərilən böyük sayqısızlıq, dövlət maraqlarına qarşı isə təxribatçılıq və xəyanətdir!

Xain vətənşivənlər bilmirlərmi ki, üçrəngli bayrağımız Xankəndinin düz ortasında dalğalanacaq?!

Gəlin məsələyə digər müstəvidən yanaşaq. Rusiya sülhməramlıları Dağlıq Qarabağa əvvəlcə İrəvandakı “Erebuni” hava limanından gəlməyə başladılar. Lakin bu prosesdən sonra sülhməramlılara aid olan müxtəlif vasitələr və texnikalar, təchizatlar artıq Azərbaycan üzərindən Xankəndinə doğru yönəldilir – Fövqəladə Hallar Nazirliyimizin və Hərbi Polisimizin müşayiəti ilə dəmir yolu ilə gətirilən humanitar və s. məqsədli yüklər Xankəndinə doğru istiqamət alır. Məhz bu faktın ardınca heç bir əsası olmayan düşüncələri ilə sosial şəbəkələrdə siyasi şivənlər qaldıran Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Qənimət Zahid və başqaları bilmirlərmi ki, işğaldan azad olunmuş ərazilərimizin daxilində Xankədi də, digər yerlərimiz də var? Bilirlərmi ki, bu ətrafda gecəli-gündüzlü necə ağır, çətin diplomatik işlər aparılır? Yaxud bilmirlərmi ki, müəyyən tam həll olunmamış kiçik detallar var ki, onlar ətrafında da dəqiq məlumatlar veriləcək, orada yaşayan ermənilər Azərbaycan vətəndaşları olacaq, yaşamaq hüquqları olmayanlar oradan çıxarılacaq, status barədə ümumiyyətlə, söhbət ola bilməz, Azərbaycanın qanunları orada da şamil olunacaq, üçrəngli bayrağımız Xankəndinin düz ortasında dalğalanacaq?! Bilirlər, sadəcə, əllərində başqa “bəhanələr” yoxdur ki, onları da əldə edilən zəfərimizə, qələbəmizə şübhə toxumları səpirlər. Buna görə də mütləq cavab verəcəklər. Guya vətənsevər olublar, amma bugünə qədər xalqın böyük hissəsi belələrini vətənşivən kimi tanıyıb, tanıyır, tanıyacaq da!

Adıçəkilən trio Türkiyə dövlətinə qarşı da dil uzadır!

Digər faktı xatırladaq. Qardaş Türkiyə dövləti istər hərbdə, istərsə də masada Azərbaycanın yanında olduğunu bəyan edir və eyni zamanda, yuxarıda da qeyd etdiyimiz kimi, regionda sülhün tam bərqərar olması üçün əlindən gələni əsirgəmədiyini əməli ilə isbatlayır. Bu zaman “türkçü”, “millətçi”, yaxud daha nələrsə olduqlarını klaviatura arxasında oturmaqla bağıranlar həmin davranışları ilə paralel olaraq bizə tarixi dəstək göstərən qardaş Türkiyə dövlətinə qarşı da necə deyərlər, dil uzadırlar. Məgər buna da xəyanətkarlıq adını vermək olmazmı? Olar, əlbəttə ki!

Belədirsə, nəyə görə özləri bir dəfə də olsun cəbhə bölgələrinə gedib ən azından mənəvi dəstəklərini göstərmədilər?

Bu gün Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli dövlətin şəhid ailələrinə, qazilərə belə bir çətin zamanda dəstəyini göstərirsə, həmin dəstəyin “az”, ya da çox” olması ətrafında boğazlarını yırtmalarına nə gərək var ki? Dövlət müharibədən çıxıb və buna rəğmən öz gücünü, qüdrətini iqtisadi cəhətdən qoruyub-saxlayıb, üstəlik, pandemiya şəraitində olmasına baxmayaraq, şəhid ailələrinin, qazilərin sosial həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində davamlı addımlarını atır, bunlar isə kirli ağızlarını büzməkdə davam edirlər. Belədirsə, nəyə görə özləri bir dəfə də olsun cəbhə bölgələrinə gedib ən azından mənəvi dəstəklərini göstərmədilər? Təbii ki, buradan da çox şey aydın olur.

Fransa senatının qərəzli qətnaməsinə niyə etiraz etmədilər?

Aydın olur ki, Fransa senatının qərəzli qətnaməsinə görə siyasi partiya və təşkilatların müştərək bəyanatlarına nəyə görə imza atmadılar, çünki imza atsaydılar, Fransanın erməni lobbisinin dairələrindən alacaqları qrantlarının qarşısı kəsilə bilərdi. Bunun izahını nəyə görə vermirlər, ancaq dövlətin – qalib dövlətin atdığı hər bir addımına qarşı bu qədər siyasi həyasızlıq nümayiş etdirirlər? Bu sualın da cavabı çoxdan bəllidir...

İndi durub Rusiya sülhməramlılarının fəaliyyətlərini təftiş edirlər, guya dövlət, vətən sevənlərdirlər. Halbuki, Laçın rayonu Azərbaycanın Silahlı Qüvvələrinə təhvil verilərkən ermənilərin bir hissəsi oranı tərk etmək istəmirdilər. Amma Rusiya sülhməramlıları müdaxilə edərək, onları Laçından çıxardı, üstəlik qondarma, saxta “dqr” bayrağını da bələdiyyə binasının üzərindən çıxardı. Maraqlıdır, bu fakt barədə niyə susurlar? Bunun yerinə ermənilərin Xankəndində rus sülhməramlılarına tort verdiklərini, rusların isə ermənilərin xidmətində dayanacaqları barədə əfsanələr danışırlar. Məgər Rusiya sülhməramlıları ölkələrinin prezidenti Vladimir Putinin və komandanlıqlarının verdikləri tapşırığın yerinə ermənilərin nazı ilə oynamağamı gediblər? Axı nəyə görə faktları bu qədər cılızlaşdırıb və ictimai rəydə bu qədər mənfurcasına, hətta ermənicəsinə çaşqınlıqlar yaratmağa cəhdlər göstərirlər?

Gültəkin Hacıbəyli Ordumuzun "sınıq silahları" haqqında danışarkən, Əli Kərimlinin fikirləri erməni KİV-lərini bəzəyirdi, Cəmil Həsənliyə isə heykəl qoyacaqdılar!

Son xatırlatmanı da etmək tam yerinə düşərdi. 2016-cı ildə Aprel zəfərimizdən sonra erməni lobbisindən növbəti sifariş alan bu mənfur trionun nümayəndəsi - Gültəkin Hacıbəyli şanlı Azərbaycan Ordusunun "sınıq silahlarla" düşmənə qarşı döyüşdüyünü arsızcasına bildirmişdi. Hansı ki, həmin vaxt dronlarımız düşmənin başına od yağdırırdı, ən müasir silah və texnikalarımız işğalçını təxribat törətməsinə peşman etmişdi. Bu trionun digər nümayəndəsi - Əli Kərimlinin Ordumuz barəsindəki xain fikirləri Ermənistan KİV-lərinin manşetlərində bərq vururdu.

Cəmil Həsənliyə isə ermənilər heykəl qoymağa hazırlaşırdılar - Azərbaycan Ordusunun uğurlarına kölgə salması cəhdlərinə görə!

Bax, budur onların xislətləri, milli mənafelərimizə, dövlətçilik maraqlarımıza zərbə vuran düşmənçilik toxumları. Hətta deyərik ki, belələrinin bizə düşmənçilik edən ermənilərdən qətiyyən fərqləri yoxdur. Ona görə də bu cür sərsəm, düşüncəsiz və ürəkbulandırıcı fəaliyyətləri ilə ortalıqda var-gəl edirlər. Bunun isə əsas səbəblərindən biri də budur – siyasi meyit olaraq artıq kimsənin marağında deyillər, yoxdurlar, olmayacaqlar. Onlar eyni zamanda unutmamalı və qulaqlarında sırğa etməyə məhkumdurlar: QARABAĞ AZƏRBAYCANDIR!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə