"Ölkəmiz dünyanın multikulturalizm mərkəzinə və tolerantlıq məkanına çevrilib” Fatma Yıldırım

"Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasət nəticəsində bu gün ölkəmiz dünyanın multikulturalizm mərkəzinə və tolerantlıq məkanına çevrilib”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, Ermənistandan fərqli olaraq bu gün Azərbaycanda bütün ibadət ocaqları, o cümlədən Bakının mərkəzində yerləşən erməni kilsəsi, içərisində olan 5 min ədəbiyyatla birgə dövlət tərəfindən qorunur. Azərbaycanın bu siyasəti beynəlxalq qurumlar, dünyanın tanınmış nüfuzlu dini liderləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Ermənistan isə monoetnik dövlətdir. Azərbaycanlılar 1980-ci illərin sonlarında deportasiya edildikdən sonra bütün məscidlərimiz, tarixi abidələrimiz, həttə azərbaycanlılara məxsus məzarlıqlar da yer üzündən silinib. Toponimlərimiz də soyqırıma məruz qalıb.

Millət vəkilinin sözlərinə görə, 30 ilə yaxın erməni işğalı altında olmuş ərazilərimizdə də belə vandalizmlər törədilib. Ermənistanda faşizm və terror dövlət siyasətidir. Törədilən bu əməllər də məhz bu siyasətin nəticəsidir. Onlar üçün heç bir dəyər və müqəddəslik anlayışı yoxdur. Məscidlərdə donuz, inək saxlanılması, bir qisminin dağıdılması bu vəhşiliyin əyani sübutudur. Ermənistan törətdiyi bu vəhşiliklərə görə cavab verməlidir və verəcək. Bu gün biz məhz erməni faşizminə və terroruna qarşı mübarizə aparırıq. Növbəti mərhələdə məsələnin beynəlxalq məhkəmə müstəvisinə çıxarılması nəzərdə tutulur ki, Ermənistan törətdikləri bu cinayətlərə görə məsuliyyət daşımalıdırlar.

Deputat qeyd edib ki, sovetlər dönəmində ermənilər Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə Dağlıq Qarabağda abidə qoymuşdular. Amma münaqişə başlayandan sonra həmin abidəni götürdülər. Əslində, bu abidənin qoyulması ilə ermənilərin özləri də etiraf edir ki, Qarabağa gəlmə xalqdırlar.

“Ermənilər işğal etdiyi torpaqlarımızda tarixi və dini abidələri saxtalaşdırmağa və erməniləşdirməyə çalışıblar. Bu abidələr sırasında Alban abidələri də xüsusi yer tutur. Babalarımız da həmişə deyib ki, ermənilər tarixi saxtalaşdırmağa çalışıblar. Amma tarixi saxtalaşdırmaq olmaz. Ermənilər həmin abidələrə öz dilləri ilə yazılar yazıblar ki, guya bu abidələrin onlara məxsus olduğunu göstərsinlər. Amma texnologiyaların inkişaf etdiyi zamanda yaşayırıq. Beynəlxalq ekspertləri dəvət edərək müasir texnologiyalar vasitəsilə erməniləri ifşa etmək olar. Çünki hazırda tarixi abidələri, yazıları yaşına qədər aşkar etmək olur. Yəqin ki, dövlətimiz bu istiqamətdə lazımi addımlar atacağıq. Və biz sübut edəcəyik ki, ermənilər həmin alban abidələrini saxtalaşdırmağa çalışıblar. Ermənilərin Alban kilsələrinə sahib çıxmalarının və onların saxtalaşdırılmasının qarşısının alınması üçün Alban katolikosluğunun bərpasını və onların idarəçiliyinin Alban-udi icmasına verilməsi indiki dövrdə çox vacib və zəruridir”,-deyə deputat qeyd edib. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə