“İnsanların sağlamlığının qorunması üçün bütün tədbirləri həyata keçirilir” ÖZƏL-RƏY

“Hazırda dünyada 60 milyona qəzər insan koronavirusa yoluxub, 1.5 milyonadək insan isə bu virusun qurbanı olub. Dünyada koronavirusa yoluxanların sayına görə ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Fransa və Rusiya yer alır. Bu beş ölkədə virusa yoluxanların ümumi sayı dünya üzrə xəstələrin sayının təxminən 50 faizini təşkil edir. Avropada da, xüsusən Fransa, İtaliyada, İspaniyada və Böyük Britaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edir. Adları çəkilən 4 ölkədə ümumilikdə yoluxanların sayı 7 milyon, ölənlərin sayı isə 250 min nəfərə qədərdir. Əlbəttə ki, son vaxtlar koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, Azərbaycandan da yan keçməyib. Bu gün Ermənistanda 130 min, Gürcüstanda 115 min, Azərbaycanda isə 98 min insan koronavirusa yoluxub. Baxmayaraq ki, Azərbaycan əhalisinin sayı digər iki ölkənin əhalisinin sayının ümumi cəmindən 2 dəfə çoxdur, ölkəmizdə yoluxanların sayı nisbətən aşağıdır. Lakin buna rəğmən biz virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara getməli, yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq”. Bunu “Səs” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, koronavirusla mübarizədə dövlət insanların sağlamlığının qorunması üçün bütün mümkün tədbirləri həyata keçirir: “Burada söhbət xəstələrin müalicəsindən tutmuş testlərin götürülməsinə, hətta xəstəxanaların inşanına qədər olan işlərdən gedir. Elə təkcə Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanaların inşası və açılması COVID-19-la aparılan mübarizədə dövlətin qətiyyətini, niyyətini və gücünü göstərir. Sirr deyil ki, qısa müddət ərzində ölkəmizdə modul tipli 11 xəstəxana inşa edilib. Bundan əlavə fəaliyyətdə olan digər onlarla tibb müəssisəsi də insanların sağlamlığı üçün koronavirusla mübarizəyə səfərbər edilib. Ölkəmizdə koronavirusla əlaqədar işləyən laboratoriyaların sayı 45-ə çatdırılıb və hazırda 1.6 milyondan çox test keçirilib. Yəni, görülən bütün bu tədbirlər və işlər onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığını, onları koronavirus bəlasından qorumaq üçün lazımi infrastruktur, şərait formalaşdırıb. Eyni zamanda, bir neçə şirkətlə koronavirusa qarşı peyvəndin ölkəmizə gətirilməsi istiqamətində fəal iş aparılır. Heç şübhəsiz, Azərbaycan peyvəndi əldə edən ilk ölkələr sırasında olacaq”.

“Həyata keçirilən tədbirlərin fonunda isə biz ölkəmizdə gündən-günə virusa yoluxanların sayında artım müşahidə edirik. Əlbəttə ki, yoluxmanın sayının artmasının obyektiv və subyektiv səbəbləri var” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ən böyük səbəb Vətən müharibəsi idisə, artıq böyük Qələbə qazandığımızdan indi diqqəti koronavirusla mübarizəyə yönəltməliyik: “İşğalçıları qovaraq, torpaqlarımızı azad edərək Qələbə qazandığımız kimi koronavirusa da qalib gəlib insanlarımızı qorumalıyıq. Böyük zəfəri birlik olaraq əldə etdik, elə koronavirusla mübarizədə də birlik nümayiş etdirməli və virusa qalib gəlməliyik. Bu mənada, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin artırması, bəzi məhdudiyyətləri tətbiq etməsi də tamamilə məntiqlidir. Çünki, 2-3 ay öncə gündəlik yoluxmanın sayı 100-150 idisə, hazırda bu rəqəm 15-20 dəfə artaraq 2500-3000-ə çatıb. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır olar. Ona görə də, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmə, məsafə saxlama və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir. Əgər pandemiyanın əvvəlki dalğalarını az itki ilə başa vurmuşduqsa, bu, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində olmuşdu. Yəni, dövlət üzərinə düşəni edib və artıq insanlarımızın növbəsidir ki, pandemiyanın növbəti dalğasının başlanmasının qarşısını alaq. Buna isə dediyimiz kimi yalnız karantin qaydalarına maksimum şəkildə riayət etməklə nail ola bilərik. Əminəm ki, insanlarımız karantin qaydalarına riayət edəcək və xəstəliyin geniş yayılmasını önləyəcəyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə