Fransanın cinayətkar keçmişi: Makron faşizmi dirçəldir - TƏHLİL

Prezident İlham Əliyev: “Əgər ermənilər fransızların "fətva"sına gedib məlum bəyanatın bəndlərinin pozulmasına görə, orada qarşılarına qoyulan tələblərin yerinə yetirilməməsi istiqamətində nələrsə edəcəksə, onqat cavablarını qalacaqlar”

Bu gün deyəndə ki, Azərbaycanını uğurlarını, apardığı mübarizə haqqın, ədalətin, ərazi bütövlüyünün bərpasıdır, buna qısqanclıqla yanaşanlar, ortada əl-ayağa dolaşırlar. Xüsusilə də, Azərbaycanın öz tarixi torpaqlarını düşmən tapdağından azad edərək ərazi bütövlüyünü bərpa etməsi hələ də Fransa kimi ölkənin rəhbərliyini ciddi narahat edir. Belə olmasaydı, nə Paris meriyası, nə də Fransa Senatı artıq 30 ildən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Müzəffər Ordumuzun, igid əsgər və zabitlərimizin rəşadəti ilə həll olunmuş münaqişəni separatçılara dəstək məqsədilə yenidən alovlandırmağa hesablanmış addımlar atmazdı. Fransanın Azərbaycan Respublikasının ərazisində ikinci erməni dövlətinin yaradılmasına yönəlik cəhdləri qəti şəkildə pislənir, işğalçıya dəstək verən Parisin son davranışları hiddət doğurur.

Artıq Qarabağ münaqişəsinin bitdiyi halda yenidən Fransanın problemi gündəmə gətirib regionu qan çanağına çevirməkdə marağının nələrdən ibarət olduğunu anlamamağın səbəbi bəllidir.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətəndə də sözügedən məsələlərə toxunaraq çox gözəl siyasi mesajlar səsləndirdi. Yəni bu cür davranışlar bizim üçün əlavə baş ağrıdan, boş-boş söhbətlərdən başqa bir şey deyil: “Əgər ermənilər fransızların "fətva"sına gedib məlum bəyanatın bəndlərinin pozulmasına görə, orada qarşılarına qoyulan tələblərin yerinə yetirilməməsi istiqamətində nələrsə edəcəksə, onqat cavablarını qalacaqlar. Nə qədər döyüş meydanında məhv ediliblərsə, ondan da artıq itkini görəcəklər. Əgər ermənilər bundan sonra da dövlət kimi mövcud olub yaşamaq istəyirlərsə, bizim keçdiyimiz son dərslərdən sonra ağıllarını başlarına yığmalıdırlar. Fransanın və digər onun kimi fitnəkar dövlətlərin "fətva"sına getməsinlər. Düşdükləri hazırkı ağır iqtisadi-sosial və siyasi vəziyyətdən çıxmaq üçün yollar axtarsınlar”.

Elman Məmmədov: “Əslində Fransa haqq-ədalət və ümumilikdə hansısa azadlıqlar mövzusundan danışacaq ən son dövlət olmalıdır”

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov isə bildirib ki, yaxın keçmişində müstəmləkəçi olan Fransanın indi hansısa “azadlıqlar”dan danışması absurddur: “Yaxın keçmişində müstəmləkəçi olan Fransanın indi hansısa "azadlıqlar"dan danışması absurddur. Azərbaycana qərəzli mövqe göstərmək əvəzinə, Fransa prezidenti öz tarixlərinə nəzər yetirərək ölkəsinin müstəmləkəçi siyasətini yada salmalıdır. Azərbaycan öz torpağında işğalçıya qarşı mübarizə aparır. Azərbaycanın işi haqq işidir. Bizim mövqeyimiz həm beynəlxalq hüquqa, həm də tarixi ədalətə əsaslanır. Qarabağ Azərbaycandır!”.

E.Məmədov bildirib ki, əslində Fransa haqq-ədalət və ümumilikdə hansısa azadlıqlar mövzusundan danışacaq ən son dövlət olmalıdır: “Çünki bu ölkənin tarixinə nəzər saldıqda Fransa nəinki Avropa, ümumilikdə dünya dövlətləri içərisində özünün işğalçılıq və müstəmləkəçilik siyasəti ilə seçilib. Yəni bu istənilən ölkədə kitablardan oxunması mümkün olan tarixdir. Heç kim bunu Fransaya şər-böhtan kimi demir, yazmır. Fransanın tarix boyu Şimali Afrika, Asiya, hətta Şimali Amerikada törətdiyi soyqırımlar, qırğınlar və apardığı işğalçılıq siyasəti səngiməyib. Bu ölkə müstəmləkəçiliyi ilə seçilib və xüsusən də Afrikada fransız hərbçilərinin dinc sakinlərə hansı vəhşiliklər etməsi ilə bağlı yüzlərlə fakt mövcuddur. Ötən əsrin əvvəllərinə nəzər saldıqda görərik ki, indi özünə Avropanın demokratik dövləti deyən Fransa Türkiyəni belə parçalamağa çalışırdı, burada ermənilərə dövlət yaratmaq planları var idi. Hər cür murdar əməllərə əl atdılar ki, bu plan reallaşsın. Hətta Fransa ordusunun tərkibində sayı minlərlə olan erməni legionu yaradılmışdı. Dinc sakinlərin, türklərin qırğınına da məhz silahlandırılmış erməni dəstələri səbəb olmuşdu. Əgər ermənilərin özlərinin dediyi kimi həmin dövrdə etdikləri qələtlərə görə itkilər veriblərsə, bu gün Ermənistan Türkiyədən yox, Fransadan təzminat istəməlidir. Çünki onları qırğınlara təhrik edən, Türkiyəyə qarşı qaldırıb torpaq iddiasına salan Fransa idi”.

“Fransanın bu gün Makronun rəhbərliyi ilə sərgilədiyi ermənipərəst mövqeyi, Azərbaycanın haqq, ədalət işinə qarşı apardığı siyasət birbaşa sülhə təhlükədir”

Millət vəkili onu da deyib ki, rəsmi Paris bu gün də həmin “tarixi yol”u tutub: “Bu ölkə indi də noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın pozulması, ermənilərin yenidən qarşıdurmalara, müharibəyə getmələri üçün əlindən gələni edir. Fransanın son iki ayda etdiyi bütün cəhdlər axırda ona gətirib çıxaracaq ki, Qarabağda qalan beş-on min tör-töküntü millətçi erməni də bezib bu torpaqlardan rədd olub gedəcək. Bunun günahkarı birbaşa olaraq Fransa və onun kimi hazırda həll olunmuş münaqişəni yenidən qızışdıran dövlətlər sayılacaq. Makronun ölkəsində 600 mindən çox erməni yaşayır. Bu ermənilər Fransa mediası, iqtisadiyyatı, maliyyə-bank sistemində və ümumilikdə siyasətində çox güclü yer tuturlar. Yeri gəlmişkən, hazırda onların əlinə oynayan Makronun da milli kimliyi tam bəlli deyil. Bilinmir atası, ya babası erməni əsillidir, yoxsa elə təmiz etnik ermənidir! Çünki siyasi maraqlar bir yana, ümumilikdə ermənilərin xeyrinə hədsiz dərəcədə canfəşanlıqlar edir. Deməli, şübhə yaranır ki, belə bir siyasətçinin qanında erməni xəstəliyi var. Fransanın bu gün Makronun rəhbərliyi ilə sərgilədiyi ermənipərəst mövqeyi, Azərbaycanın haqq, ədalət işinə qarşı apardığı siyasət birbaşa sülhə təhlükədir. Bir də qondarma erməni soyqırımını tanıyıb nə qələtlər etdilər ki?! Dırnaqarası soyqırımı qəbul etməyənlərə Fransa ərazisində cərimə kəsəcəklərini dedilər. Bununla nəyəsə nail oldularmı? Bu ölkənin belə siyasi hikkələri, separatizmi, yalançı soyqırımı dəstəkləyən hərəkətləri elə Fransanın özündə faşizmin dirçəlişini göstərir. Rəsmi Parisin son davranışları sülhə ciddi təhlükədir və zənnimcə, onun müttəfiqləri, xüsusən də ABŞ kimi ölkələr Fransanın bu siyasətini müzakirə edib Makronu yerində oturtmalıdır”.

Bəli, göründüyü kimi, Fransız ikiüzlülüyü aydın şəkildə görünməkdədir. Fransa artrıq özünün əsl ermənipərəst simasını gizlədə bilmir. Xüsusilə də, özünü və niyyətlərini Minsk Qrupunun pərdəsi altında gizlədən fransızlar Azərbaycan ordusunun uğurlu əməliyyatlarından sonra danışmağa başlayıblar. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir. O, ölkəsinin öz üzərinə götürtdüyü vasitəçilik missiyasını unudaraq tərəf kimi, yəni ermənilərin yanında duran mövqe kimi çıxış edir. Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil. Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir. Makronun verdiyi bəyanatdan açıq-aydın hiss olunur ki, Fransa işğalçının yanındadır. İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməlı, Ermənistana beynəlxalq təzyiq edilməlidir. Amma biz fransızlardan bunun tamamilə əksinə yürüdülən siyasət görürürük. Fransa vasitəçilik missiyasını yerinə yetirmir, hər cəhdlə erməniləri qorumağa, mühafizə etməyə çalışır. Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir.

Son günlər sərt bəyanatlar verən bəzi Avropa dövlətlərinin və beynəlxalq təşkilatların qanunsuz məskunlaşdırmaya etiraz səsini bu illər ərzində eşitdikmi? Eyni sərt bəyanatlarına şahid olduqmu? Olmadıq. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını alıb əks-hücum əməliyyatına başlayan Ordumuz düşmənə hərbi məğlubiyyətin acısını yaşatdıqdan dərhal sonra, həmin ölkələrdən humanitar atəşkəslə bağlı Azərbaycana ünvanlanan çağırışları isə eşitdik. Bir çox avantüraların altında imzası olan Paşinyanın dörd dəfə Rusiya Prezidentinə, beş dəfə Fransanın dövlət başçısına telefon zənglərinin, yalvar-yaxarının şahidi olduq. Amma döyüş bölgəsindən onkilometrlərlə uzaqlıqda yerləşən Gəncə, Mingəçevir, Xızı və hətta Abşeronun, digər rayonlarımızın mülki əhalisi Ermənistan ərazisindən atılan raketlərin,kasetli bombaların qurbanına çevriləndə, etiraz səslərini, Ermənistana dur, dayan çağırışlarını eşitdikmi? Eşitmədik.

Birinci Vitse-prezident Mehriban xanım Əliyeva: “İrəvan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır”.

Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Ermənistanın bu vəhşiliyinə kəskin etirazını bildirərkən dünya birliyinə müraciət etdi: “Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. İrəvan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır”.

Göründüyü kimi, erməni vandalizminə qarşı, humanitar atəşkəsin təşəbbüskarlarından, ilk növbədə ermənipərəst bəyanatlara müəlliflik etmiş Fransadan Ermənistanın bu vandalizminə qarşı eyni sərt bəyanatını eşitdikmi? Hələ ki, eşitməmişik. Əgər bügünkü Ermənistanda Njde kimi faşist buyruqçusu dünyanın gözü qarşısında ermənilərin milli qəhrəmanı elan olunursa, şərəfinə abidə ucaldılırsa, bu susqunluğa niyə təəccüblənməliyik ki?! Çünki bu, erməni siyasətinin xislətidir. O cümlədən Fransa kimi ikiüzlü Bəzi dövlətlər və ışğalçıya havadarlıq edənlər ya onların bu xislətindən xəbərsizdirlər, ya da özlərini hansı səbəbdənsə görməməzliyə vururlar. Belələri başqa bir həqiqətin, Azərbaycan və Ermənistan cəmiyyətləri arasındakı real fərqin də mahiyyətinə varmırlar. 30 il davam edən hərbi təcavüzə baxmayaraq, ölkəmizdə, paytaxt Bakıda etnik ermənilərlə qarışığı olan minlərlə ailə bu gün də sərbəst və ləyaqətli şəkildə yaşamaqda, çalışmaqda davam edir. Onların sayı 30 mindir, bəlkə də indi daha çoxdur. Ermənistan isə tarixən monoerməni cəmiyyəti yolunu seçib. Bu bir həqiqətdir. Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, guya orada ermənilərin etnik təmizlənməsi aparılacağını Qərb dünyasına sırıyan işğalçıya da bu həqiqət yaxşı məlumdur. Bugünlərdə Ermənistandan atılan raketin Gəncədə yaşayan erməni qadınının özünə və evinə ziyan vurması da danılması mümkün olmayan faktdır. Amma nədənsə bəzi dövlətlər yenə də özlərini görməməzliyə vurur. Onların media qurumları Ermənistanın qərəzli təbliğatına uyub, Qarabağda guya ermənilərin etnik təmizləməyə məruz qala biləcəyi yalanını xüsusi qabardır, bunu manşetlərə çıxarırlar. Beynəlxalq mediada ermənilərin bu yalanının təbliğat mövzusuna çevirməsinin səbəbi, təbii ki, ciddi suallar doğurur. Bəlkə də bu, ermənilərin həmin cəmiyyətlərə assimilyasiyasının pərdə arxasında qalan təsirinin nəticəsidir və qərəzli təbliğat da elə bundan qaynaqlanır. Təəssüf ki, belə bir qənaətin ortaya çıxması artıq təsadüfi görünmür...

Bu yerdə belə bir söz var: ədalət tərəzisinin tarazlığı həqiqətənmi yoxsa artıq pozulub? Torpaqlarımızın müqəddəratını etibar etdiyimiz, ədalətli yanaşma, ən azından tərəfsiz münasibət gözlədiyimiz Fransadan, nə qədər acı olsa da, bu açıqlamanı eşitdik: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik». Tərəfsiz vasitəçilik öhdəliyinə, beynəlxalq hüquqa,altında öz ölkəsinin imzası qoyulan BMT-nin dörd qətnaməsinə etinasızlıq və hörmətsizlik nümunəsi olan bu bəyanat mütərəqqi Avropa dövləti tərəfindən səsləndirildi. Tariximizdə bu cür bir çox ədalətsizlikləri görmüş əcdadlarımız ona görə deyərdilər ki, «dağıl səni belə dünya”...

Prezident İlham Əliyev “CNN-Türk” televiziyasına bugünlərdəki müsahibəsində, işğalçı Ermənistanın hərbi təchizatı ilə, S-300-lə bağlı suala belə bir diplomatik cavab verdi: “Yalnız bir fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəkildə alır. Amma o kredit kağız üzərində qalır, qaytarılmır. Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan çözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər. Yəni, fərq bundadır”.

Müxbirin “Siz bütün Dağlıq Qarabağı,mübahisə predmeti olan bütün torpaqları geri götürmək niyyətindəsiniz?” sualına cənab Prezident İl0ham Əliyevin cavabı dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə birmənalı ismarıc idi: “Biz Dağlıq Qarabağdan və sabiq Dağlıq Qarabağ muxtar vilayətini əhatə edən yeddi rayondan danışırıq”.

Göründüyü kimi, dünyanın pozduğu ədalət tərəzisinin tarazlığının bərpasına xidmət edə biləcək yeganə və ədalətli cavab da məhz budur. Bu da tarixi bir həqiqətdir ki, Ermənistan adlı işğalçı qonşumuz de-fakto heç vaxt müstəqil olmayıb və bu gün də deyil. Bu ölkənin siyasi hakimiyyətində kimin olmasından asılı olmayaraq, o, müstəqil siyasi iradənin sahibi olmayıb və rəhbərlik etdiyi ərazi kiminsə əyaləti, özü isə vassalı olub.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyə» televiziya kanalına müsahibəsindən Fransa hökumətinə verdiyi cavab da Azərbaycan xalqının ürəyindən tikan çıxardı. Bu cavab ilin ən möhtəşəm cavabıdır: «Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar, demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə