Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə hökumətinin başçısına, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısını alıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə işğalçı ölkənin Milli Təhlükəsizlik Xidməti informasiya yayıb.
Məlumata görə, Milli Təhlükəsizlik Xidməti, hakimiyyəti qəsb etmək, devirmək və baş nazir Nikol Paşiyana sui-qəsdin hazırlanması cəhdi ilə əlaqədar açılan cinayət işinin təfərrüatlarını təqdim edib. İşin bir hissəsi olaraq, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanesyan və “Aşot Yerkat” könüllü dəstəsinin komandiri Aşot Minasyan tutulub.
Milli Təhlükəsizlik Xidməti tərəfindən yayılan informasiyaya görə, Syunik bölgəsi sakini Aşot Minasyan, hökumət əleyhinə fikirlərinə sadiq qalaraq Ermənistan hökumətinin daxili və xarici siyasəti ilə razılaşmır və Qarabağdakı müharibə bölgəsində çox sayda silahın mövcudluğundan istifadə edərək, qanunsuz yolla Ermənistan ərazisinə silah-sursat alıb gətirib, bu silah-sursat, partlayıcı maddələr Sisian şəhərindəki binalardan birində saxlanılıb.
Aşot Minasyan Ermənistanda və Qarabağda fəaliyyət göstərən partiyaların rəhbərləri ilə və hökumət əleyhinə fikirləri olan siyasi xadimlərlə bir sui-qəsd, Ermənistan Respublikasının baş nazirinin həyatını almaq və Konstitusiyaya uyğun olmayan üsullarla hakimiyyət dəyişikliyinə nail olmaq niyyətində olub. Bundan əlavə, şübhələr əsasında Rodina partiyasının sədri Artur Vanesyan, eləcə də, Respublika Partiyası fraksiyasının keçmiş rəhbəri, Daşnaktsutyun üzvü və komandirlər də daxil olmaqla, bir çox şəxs tutulub.
Şübhəlilərin mənzillərində və digər binalarda cinayət işi çərçivəsində aparılan axtarışlar zamanı, 3 Kalaşnikov avtomatı - PK, bir Kalaşnikov yüngül pulemyotu - RPK, 2 tank əleyhinə qumbaraatan, 3 pulemyot, 14 optik cihazlı tüfəng, 9 qutu 5,45 çaplı patron, 5 qutu 7.62 çaplı patron və digər silah-sursatlar ələ keçirilib.
Xatırladaq ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və “Rodina” partiyası lideri Artur Vanesyanın tutulması barədə məlumat şənbə günü günortadan sonra verilmişdi. Qeyd edək ki, Vanesyanın rəhbərlik etdiyi “Rodina” partiyası, digər 16 siyasi qüvvə ilə birlikdə bir neçə gündür Nikol Paşinyan hökumətinin istefasını tələb edən mitinqlər və yürüşlər keçirib, hakimiyyəti xəyanətdə və məğlubiyyətçi mövqedə ittiham edib. Onu da diqqətə çatdıraq ki, Vanesyan bir neçə gün əvvəl artıq tutulmuşdu və tutulduqdan bir gün sonra sərbəst buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB