Rasim Quliyev: “Biz hərbi gücümüzü nümayiş etdirdik və hərb meydanında qalib gəldik” ÖZƏL-MÜNASİBƏT-VİDEO
“Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bugünkü müasir dünyaya həm yüksək texnologiyalar müharibəsinin nümunəsini, həm də Azərbaycan əsgərinin, vətəndaşının cəsarətini, şüaciətini, milli ruhunu göstərdi. Bütün dünya mətbuatı də birmənalı olaraq qeyd etdi ki, Azərbaycan əsgəri öz şəhidini çiyninə alaraq, yaralı qardaşını qollarının arasına alaraq cəngavər kimi Şuşanın alınmaz qalası uğrunda döyüşə atılırdı. Bu özü müasir dünyanın döyüş səlnaməsində, hərb tarixində bir yenilik idi. Hətta deyərdim ki, bu müasir dünyanın son 50 ildən çox bir dövründə ən qanlı müharibəsi idi. Bu müharibə Azərbaycan Ordusunun, Ali Baş Komandanın zəfəri ilə başa çatdı. Təbii ki, bu bütün Azərbaycan xalqının qələbəsidir, sevincidir. Ötən gün gecədən başlayaraq Azərbaycanın hər bir guşəsində və dünyanın azərbaycanlılar yaşayan bütün bölgələrində zəfər bayramı qeyd olunur. Qardaş Türkiyədə, eləcə də digər başqa-başqa ölkələrdə azərbaycanlılar, türklər həmin qələbəni böyük coşqu, sevinclə qeyd edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.
Mərkəz rəhbərinin sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə müraciətlərində demişdi ki, əgər Ermənistan tərəfi bizim tələblərimizi yerinə yetirsə, biz hərbi fazadan diplomatik siyasi fazaya keçməyə razıyıq: “Qarabağın döyünən ürəyi Şuşa şəhəri Azərbaycanın qəhrəman ordusu tərəfindən işğaldan azad olunandan sonra düşmən əlini yerə qoydu və gördü ki, yaxın vaxtlarda onların ordusu son nəfərinə kimi mühasirədə məhv olacaq. Ona görə də işğalçı tərəf öz ordusunu ərazilərimizdən geri çıxarmaq üçün bəyanat verməyə məcbur oldu. Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan bizim Ali Baş Komandan, cənab Prezidentin tələbləri əsasında hazırlanmış bəyanatı öz imzaları ilə təsdiq etdilər. Bəyanatın hər bir bəndi əsas tezislər və müddəalardır. Yəni həmin bəndlərin hamısı detallaşdırılacaq.
Cənab Prezidentimizin də müraciətində dediyi kimi Dağlıq Qarabağa heç bir statusdan söhbət gedə bilməz. İşğala qədərki dövrdə yaşayan ermənilər öz ərazilərində bizim vətəndaş kimi qayıdıb yaşaya bilərlər. Amma Ermənistan ordusu Azərbaycan sərhədləri daxilində qala bilməz. Ermənistan ordusu bizim ərazilərimizi tərk edib çıxdıqca dəhliz vasitəsilə gələcəkdə ölkəmizdə yaşayacaq ermənilərin Ermənistanda olan qohum-əqrəbalarının yanına gedib-gəlmələrinin təhlükəsizliyinə təminat vermək üçün sülhyaratma kontingenti hələlik 5 il müddətinə fəaliyyət göstərəcək. Bu ilin dekabrın 1-nə qədər Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərin hamısını birmənalı surətdə boşaltmalıdır. Daha sonra bəyanatda olan müddəalar mərhələli şəkildə icra olunacaq. O cümlədən Azərbaycanın bir əsrdən artıq ayrı düşmüş Naxçıvanla quru əlaqələri bərpa olunacaq. Bu bizim xalqımızın və Türk dünyasının çox böyük zəfəridir. Eləcə də bu Türkiyə ilə Orta Asiyanı birləşdirən bir magistralın yaranmasıdır.
Əminəm ki, cənab Prezidentin öz müraciətində dediyi kimi Ermənistan baş nazirinin təslim aktını bəyan etməsi və həmin bəyannaməyə imza atması kapitulyasiyadır. Bu məsələnin hüquqi tərəfi ondan ibarətdir ki, BMT-nin və digər beynəlxalq təşkilatların hansı ki boşaltmalı olduğu Azərbaycan ərazisinin indi boşaltmağa məcbur olmasını təsdiq edir. Dolayısı ilə o işğal faktını təsdiq edir. Əgər o işğal faktını təsdiq edirsə, deməli, növbəti mərhələdə Ermənistan öz hərbi cinayətlərinə görə hərbi məhkəmə qarşısında cavab verməlidir və beynəlxalq məhkəmədə Azərbaycana vurduğu iqtisadi zərərin təzminatını ödəməlidir. Hüquqi cəhətdən bu bizə çox böyük üstünlük verir. Sözsüz ki, bu bizim qələbimizi rəsmiləşdirir. Bizim şəhidlərimiz, qazilərimiz, vətəndaşlarımız Azərbaycan dövləti üçün nə qədər qiymətlidirsə hər bir əsgərimizin həyatı bizim üçün o qədər qiymətlidir. Bunu dəfələrlə Ali Baş Komandan, cənab İlham Əliyev öz müraciətlərində, müsahibələrində bildirib. Biz hərbi gücümüzü nümayiş etdirdik və hərb meydanında qalib gəldik. İndi isə o bəyanatın imzalanması ilə diplomatiya meydanında qalib gəlmişik. Mən qazanılan Qələbə bayramı münasibətilə hamını ürəkdən təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB