“Dağlıq Qarabağ üzərində bir həftəyə nəzarət tamamilə itəcək” Erməni seqmenti

“Dağlıq Qarabağ üzərində bir həftəyə nəzarət tamamilə itəcək” Erməni seqmenti

General-leytenant Onik Qasparyan, Karen Abrahamyan və digər generallar Nikol Paşinyana susmayacaqlarını bildiriblər

İşğalçı Ermənistan ordusunun və bu ölkənin marioneti - separatçı “DQR”in qanunsuz hərbi birləşmələrinin Qarabağ cəbhəsindəki ard-arda aldıqları sarsıdıcı məğlubiyyətlərinin ardınca baş nazir Nikol Paşinyanın iştirakı ilə mərkəzi hərbi komandanlığın bunkerində iclas keçirilib. SİA xəbər verir ki, bu barədə Paşinyan hökumətinə müxalif olan jurnalistlər qrupu telegram və digər sosial şəbəkə seqmentlərində məlumat yayıblar. Belə ki, gizli müşavirədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Onik Qasparyan və onun müavini Karen Abrahamyan Nikol Paşinyana vəziyyətin kritik olduğunu çatdırmaqla yanaşı, onu da bildiriblər ki, artıq Azərbaycan ordusu Turşsu - Şuşa yolunu tamamilə nəzarətə götürüb. Erməni jurnalistləri bunu Laçın - Şuşa yolu ilə əlaqələndirməklə Azərbaycan Ordusunun cəbhə xəttində sürətlə irəlilədiyinə işarə ediblər.

Baş qərargah rəisi xilas üçün əsas rıçağın Rusiya olduğunu deyib

Sözügedən məsələdə xüsusilə qeyd olunub ki, general-leytenant Onik Qasparyan kəskin bir müdaxilə edilməyəcəyi təqdirdə, Azərbaycan ordusunun bir həftəyə Şuşa - Xankəndi üzərində nəzarəti ələ keçirəcəyini bildirib. Baş qərargah rəisi xilas üçün əsas rıçağın Rusiya olduğunu deyib və Paşinyana Rusiyadan təcili müdaxilə üçün müraciət etməyi tövsiyə edib. “Əsk-təqdirdə Dağlıq Qarabağ üzərində bir həftəyə nəzarət tamamilə itəcək”, erməni seqmentləri yazır. Ancaq fakt budur ki, Rusiya tərəfi öz sözünü deyib və Azərbaycanın öz torpaqlarında mübarizə apardığını da etiraf edib. Bu baxımdan, münaqişəyə cəlb olunmayacağını da bir neçə rəsmi şəxsləri tərəfindən açıqlayıb.

Lakin sözügedən məsələdə daha bir maraqlı fakt hərbi komandanlıq daxilində yaranmış böhranla yanaşı, komandanlığın siyasi hakimiyyət rəhbərliyi ilə də anlaşılmazlıqlar yaşaması ilə bağlıdır.

Erməni hərbçiləri müharibənin nəyə görə uduzulması səbəblərini açıqlayacaqlar

Belə ki, mənbənin qeyd etdiyinə görə, əgər birdəfəlik məğlubyyət baş verəcəyi təqdirdə, qərargah rəisi, general-leytenant Onik Qasparyan, Karen Abrahamyan və digər generallar susmayacaqlarını, müharibənin nəyə görə uduzulması səbəblərini açıqlayacaqlarını da bildiriblər.

Əgər biz Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi informasiyalarının ardıcıllığını və təqdim edilən rəsmi videomaterialları izləyərsək, bir daha əmin olarıq ki, cəbhənin müxtəlif xətlərində inamla irəliləyən Azərbaycan Silahlı Qüvvələri çox yaxın vaxtlarda növbəti zəfər və qələbələri ilə xalqına sevinc, fərəh və qürur hissi bəxş edəcək. Hər halda, işğalçı və quldurların düşdükləri mövcud vəziyyət də, məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə