Erməni lobbisinin dünyada müstəqil medianı susdurmaq cəhdləri iflasa uğrayır - ŞƏRH ÖZƏL
"Beynəlxalq erməni şəbəkəsi, lobbisi, diaspor təşkilatları uzun illər ərzində dünya ictimai rəyinə əsaslı şəkildə təsir edən transmilli KİV-lərini, beynəlxalq hüquq-müdafiə təşkilatlarını şirnikləşdirici vədlər, qrantlar, hətta hədə və təhdid yoluyla susdurmağa və Ermənistandakı real vəziyyət barədə obyektiv dəyərləndirmə aparılmasının qarşısını alırdılar. Azərbaycana gəldikdə isə əksinə, ölkəmiz haqqında yalan, qərəzli materialların yayılmasını təşkil edirdilər. İndiki mənzərə isə tamamilə başqadır. Belə ki, Azərbaycan Prezidentinin sentyabrın 27-dən başlayaraq dünyanın aparıcı KİV-lərinə verdiyi silsilə müsahibələr, müsahibə zamanı səsləndirdiyi sistemli, məntiqli, tutarlı, inandırıcı arqumentlər, bununla yanaşı diplomatik müstəvidə yürüdülən səriştəli siyasət vəziyyəti kökündən dəyişir. Artıq erməni şəbəkəsinin həqiqətləri gizlətməsi, Azərbaycan haqqında yalan informasiyalar yayaraq beynəlxalq ictimai rəyi çaşdırması imkansız hala gəlib". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, Ermənistanın 30 il müddətində apardığı informasiya savaşının bu gün iflasa uğradığının şahidi oluruq: "Cəbhədə və diplomatik masada düçar olduqları məğlubiyyətlə barışa bilməyən ermənilər informasiya savaşında da uduzduqlarını anladıqları üçün isterikaya qapılır, bunun ağrı-acısını isə təhdid, şantaj, hədə kimi vasitələrlə çıxarmağa çalışırlar. Oktyabrın 22-də Fransanın TF 1 kanalında "saat 20" verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra, jurnalist və böyük repartyor Liseron Budul Fransanın erməni icması tərəfindən təhdidlər hədəfinə çevrildi. Erməni şəbəkəsi onu "genosid törədənlərin fahişəsi" kimi qələmə verməkdən də çəkinmədi. Hətta təhqir azmış kimi Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Papazyan TV əməkdaşlarını ölümlə də hədələdi".
Ekspert bildirib ki, Ermənilərin belə davranışları həmişə olub və təəssüf ki, çox zaman işlərinə yarayıb, effekt də verib: "İndi isə vəziyyət tamamilə başqadır. Belə ki, məşhur beynəlxalq təşkilat- "Sərhədsiz reportyorlar" bəyanat yayaraq Liseron Budul və TF1-ə qarşı olan təzyiqləri qətiyyətlə pislədi, dünya ictimaiyyətini həqiqətlərlə tanış etdi. Göründüyü kimi dünyaya adətən bir hörümçək toru və ilan zəhəri kimi yayılmış radikal, şovinist erməni lobbi qrupları söz azadlığını boğmağa çalışır".
Politoloq qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri verən, obyektiv məlumat yayan, hətta neytral, balanslı mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə götürür, onlara qarşı aksiyalar təşkil edir, ölümlə hədələyir, təhdid və təhqir edirlər: "Məsələn, Azərbaycan da “The New-York Times” qəzetində gedən reportajın bəzi hissələri ilə razılaşmaya bilər, lakin Azərbaycan media qurumlarının işinə hörmət edir".
Ş.Həsənova vurğulayıb ki, Ermənistan terror siyasətini necə döyüş meydanından uzaqda olan mülki infrastrukturu və mülki əhalini hədəf götürməklə tətbiq edirsə erməni lobbisi də informasiya müstəvisində bu terrorun eynisini reallaşdırır: "Düşünürəm ki, bütün bu hadisələrdən sonra dünya ictimaiyyəti aydın şəkildə dərk edəcək ki, Azərbaycan əslində bütün istiqamətlərdə necə mənfur bir düşmənlə mübarizə aparır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB