Getməyin vaxtı çatmadımı, Paşinyan? TƏHLİL

Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə apardığı uğurlu əməliyyatlar işğalçı ölkəni çətin duruma, hətta iflic vəziyyətinə salıb. Düşmənin canlı qüvvə, hərbi texnika, silah-sursat itgisi, bununla yanaşı, külli miqdarda maddi ziyanı təkzibedilməz faktdır. Bu faktı təkcə biz, dünya ictimaiyyəti deyil, erməni cəmiyyəti də yaxşı başa düşür və etiraf edənlər də az deyil. Artıq Ermənistana məxsus mətbuat səhifələrində belə etiraflara rast gəlinir.

“Azərbaycan tərəfindən döyüş əməliyyatları barədə nümayiş etdirilən kadrlar istənilən qədər təkzib edilə bilər, amma Ermənistan tərəfi üçün həqiqət, reallıq faciəlidir. Artıq ələ keçirilən torpaqların bir hissəsi və çoxlu erməni hərbçiləri itirilib”, kimi etirafları misal gətirmək olar ki, bu da özülüyündə Ermənistan tərəfinin vəziyyəti anladığı anlamına gəlir.

Bəli, düşmən tərəfinin hər zaman yalan danışdığı göz qabağındadır və hardasa bu başadüşüləndir. Çünki, daxili auditoriyadan məğlubiyyətlərini gizlətməklə nəyə isə bundan sonra nail olmağa çalışılır. Ona görə ki, belə faktları gizlətməklə hakimiyyət dövrünü uzatmaq fikrindədir. İtkilərini də azaltmağa, gizlətməyə çalışması bu baxımdan anlaşılandır və müharibədə, ümumiyyətlə, həmişə belə yalanlara rast gəlinir. Amma nəzərə alaq ki, hər şeyin də bir həddi var və bu həddən, qırmızı xətdən keçəndə mənzərə çox eybəcər görünür, necə ki, Ermənistan bu eybəcərlikləri ilə tamam fərqli şəkildə ikrah doğuran mənzərə yaradıb. Bu ikrah döğuran mənzərə də öz vətəndaşlarının gözündən əlbəttə ki, yayına bilməz. İndi Ermənistanın ən adi vətəndaşları belə görür və başa düşür ki, bu ölkənin baş naziri bir-birinin ardınca yalanlar danışır, dezinformasiyalar yayır, məlumatları təhrif edir. İlk növbədə o öz xalqını, sonra isə dünya ictimaiyyətini aldadır.

Gəncəyə, Bərdəyə, Tərtərə, Mingəçevirə və cəbhə xəttindən, münaqişə zonasından uzaq olan bir sıra başqa yaşayış məntəqələrinə, dinc, mülki əhaliyə raket zərbələri endirməsini də utanmadan təkzib edir Ermənistan tərəfi, özü də ən səlahiyyətlilərinin dili ilə. Bu artıq yalançılıqdan da başqa, həm utanmazlıqdır, həm simasızlıqdır, həm də bütün əksiklikləri özündə birləşdirən yaramazlıq. Düşmən nə qədər simasız, üzsüz, həyasız olmalıdır ki, qarşı tərəfə öz şəhərlərini özünün vurduğunu iddia eləsin. Bu qədər də hədsizlikmi olar?
Ermənistan tərəfi özünün min nəfərdən bir az artıq canlı qüvvə itgisini bəyan etdiyi halda Azərbaycan tərəfinin yedd, bəzən də on min hərbçisinin məhv edildiyini iddia edir. Utanmazlıq dərəcəsinə baxın. Kadrlardan görünənlər başqa söz deyir. Əksinə, ermənilərin dəfələrlə artıq itgi verdiyi məntiqidir axı. Digər tərəfdən də sual ortaya çıxa bilər ki, ay Paşinyan, ay Azərbaycan əsgərinin daha çox sayda məhv edildiyini deyən Ermənistan hakimiyyətinin səlahiyyətliləri, əgər sizin dedikləriniz kimidirsə, niyə hamıya yalvarırsız ki, müharibə dayandırılsın? Əgər erməni əsgəri qarşı tərəfdən daha çox itgi verdirirsə, niyə Ermənistan hakimiyyəti əl-ayağa düşüb atəşkəs yalvarışları edir? Bu məntiqi də deyil axı.

Cənab Prezident İlham Əliyev İnterfaks-a verdiyi müsahibəsində çox məntiqi bir aydınlıq gətirdi bu statistik rəqəmlərə. Ali Baş Komandan bildirdi ki, əgər məhv ediliş hərbi texnikanın, hərbi sursatın sayına nəzər salsaq, aydın olur ki, erməni tərəfinin itgisi göstəriləndən dəfələrlə çoxdur. Ölkə başçımız diqqətə çatdırdı ki, əgər yüzlərlə məhv edilən, qənimət kimi ələ keçirilən hərbi texnika varsa, bu texnikaları idarə edən, həmin texnikalara yaxın olan hərbi heyət də olmalıdırsa, deməli, Ermənistan tərəfinin yüzlərlə hərbi texnika itgisinin müqabilində canlı qüvvə itgisi minlərlədir və bu rəqəm düşmənin rəsmi statistikasından dəfələrlə böyükdür. Bir sözlə, Cənab Prezident işğalçı ölkənin növbəti yalanlarının da üstünü açdı və düşmənin bəyan etdiklərinin yalan, dezinformasiya olduğunu isbat etdi.

Ermənistan hakimiyyətinin yalan ifadələrlə xalqını aldatmağa çalışan səlahiyyətliləri, başda elə Nikol özü olmaqla hamısı bilməlidir ki, erməni xalqı, onların aldatmaq istədikləri vətəndaşları artıq həqiqətləri bilir, qəbul edirlər. Bilirlər ki, itkiləri böyükdür. Həm ərazi itgiləri var, həm də dəfələrlə çox insan itgilər. Bilirlər ki, itgiləri hökumətin söylədiklərindən çoxdur. Ermənistan, həqiqəti uzun müddət gizlətmək üçün çox kiçik bir ölkədir və deməli, bu yalanların üstünün açılması üçün kiçicik vaxt lazım idi ki, bu vaxt da bitdi. Elə bununla Paşinyanın da xəyalları bitdi, arzuları, ümidləri, bütün bunları da ona bəxş edən hakimiyyəti bitdi demək olar.

Erməinstan cəmiyyətində bütün ərazi və insan itkiləri üçün baş nazir Nikol Paşinyanın birbaşa şəxsi məsuliyyət daşıması barədə düşünməyin vaxtı gəldi. Bəli, o, bir zamanlar Sorosun “sehrli çubuğu”nun gücü ilə hakimiyyətə gətirilən, həttə demokrat adı da verilən bir adam idi və son zamanlar adı qulağına yaman dəymişdi deyə ültimatum dili ilə də danışırdı. Ancaq Paşinyana “sehirli çubuğun” bağışladığı məqamlar belə etdiyi faciəvi səhvləri, ölkəsini indiki acınacaqlı duruma salması faktını heç bir şəkildə doğrultmur. Getməyin vaxtı çatmadımı, Paşinyan? Küçədən gələnin küçəyə də qayıtmaq zamanı yetişmədimi? Çox güman ki, yetişdi. Özü də tək sənin yox, elə səninlə gələnlərin də. Sənin kimi hakimiyyət acı olan komandanın, Azərbaycan torpaqlarına yerləşdirilən terrorçularının da getmək vaxtı yetişdi. İndi onsuz da “iti qovan” Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə erməni terrirçularını, işğalçılarını işğal etdikləri torpaqlardan, Azərbaycan torpaqlarından qovur və bir növ, öz xoşuna getməyənlərinizin getməyini “reallaşdırır”. Bu reallığı yaradan Cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, gücü, idarəçilik, liderlik qabiliyyətləri, uzaqgörənliyi, rəşadətili Azərbaycan Ordusunun fədakarlığı və Azərbaycan xalqının öz Ali Baş Komandanı ilə birliyi, həmrəyliyi oldu. Bu birliyin, bu rəşadətin, bu siyasi iradənin, qətiyyətin fonunda Nikol Paşinyan da, onun tör töküntüləri də, işğal olunmuş ərazilərimizdəki işğalçılar, terrorçular da getməyə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə