Soros İrəvanla Moskvanın arasını necə vurur? ANALİTİK + FOTOLAR

Astra Militarium hərbi-siyasi Telegram kanalının rəhbəri Komissar Yarrik maraqlı məqamlara toxunub və mümkün proqnozlar irəli sürüb

Sirr deyil ki, Ermənistanın mövcud hakimiyyətinin əsaslarını başda ölkənin baş naziri Nikol Paşinyan olmaqla sorosçular təşkil edir. Məhz milyarder Corc Sorosun güclü dəstəyi ilə Ermənistandakı əvvəli Serj Sarqsyan hakimiyyətini “məxməri inqilab” adı altında küçələrdə dəyişməyə müvəffəq olmuş jurnalist Nikol Paşinyan bu gün yenə də Sorosun təsiri altında öz ölkəsini və xalqını açıq-aşkar ölümə doğru sürükləməkdə davam etməkdədir – Dağlıq Qarabağ münaqişəsini yenidən qızışdırmaq, qan tökmək və s. vasitələrlə...

Artıq bu barədə yalnız biz deyil, xarici medialar da yazır, müxtəlif və əsaslı şərhlərlə məsələnin daha da dərinliklərinə vararaq, gerçəklikləri ortaya çıxarırlar.

SİA xəbər verir ki, sözügedən hadisələrlə bağlı Astra Militarium hərbi-siyasi Telegram kanalının rəhbəri Komissar Yarrik maraqlı məqamlara toxunub.

“Cənubi Qafqazda və Dağlıq Qarabağda situasiyanın mürəkkəbləşməsi Ermənistanda partlayış vəziyyətə gətirib-çıxara bilər”, deyə qeyd edən Yarrikə görə, məhz bu ölkədəki radikal müxalifət hökumətdən Rusiya ilə münasibətləri birtərəfli qaydada pozmağa çağırışlar edirlər. Bu kampaniyaya başçılığı isə “Sasna Srer” partiyasının ideoloqlarından və rəhbərlərindən biri – Qaregin Çuqaszyan edir. Xatırladaq ki, “Sasna Srer” həmin təşkilatdır ki, 2016-cı ildə İrəvanın polis alayına hücum edərək, terror aktı həyata keçirmişdi. Orada toplaşanların əsas tərkibi isə birinci Qarabağ müharibəsinin iştirakçılarıdırlar.

Bundan əlavə, Çuqaszyan Soros Foondunun açıq “təsir agentidir” və “demokratiya naminə” Ermənistanda amerikalıların qrantlarının paylanmasına nəzarət edir.

Beləliklə, Dağlıq Qarabağ müharibəsi fonunda İrəvanın siyasi-ictimai kuluarlarında nələrin baş verdiyini, Ermənistan rəhbərliyinin Sorosun bayrağı altındakı qarant yeyintilərini, ölkədaxili parçalanmaları təhlil edən Komissar Yarrik eyni zamanda Türkiyə və Azərbaycanın bu vəziyyətdə hansı müvafiq addımlar atdıqlarını da şərh edib:

Müharibə fonunda Ermənistandakı vəziyyət

Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi fonunda İrəvanda qeyri-sağlam proses gedir və Türkiyə Azərbaycanı dəstəkləyir. Ermənistandakı bir sıra siyasətçilər və ekspertlər ölkədəki mövcud hakimiyyətin xarici siyasətində yürütdüyü vektorun dəyişilməsi vacibliyindən danışırlar. Tamamilə yanlış iddialara əsaslanan arqumentlər isə belədir: Münaqişənin qızışmasında guya Rusiyanın təqsirkar olmasına daha bir səbəb onun “Türkiyənin Cənubi Qafqazda aqressiv siyasət aparmasına və Azərbaycanı silahlandırmasına” şərait yaratmasıdır.

Bənzər iddialar Ermənistanın rəsmi mövqeyi ilə üst-üstə düşmür – İrəvan dəfələrlə bəyan edib ki, Rusiya Federasiyası həm müttəfiq kimi, həm də Minsk qrupunun həmsədr ölkəsi olaraq üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Ancaq buna baxmayaraq, digər tərəfdən, təxribatçı çıxışlar davam edir.

Bütün bunların alternativi olaraq, siyasilər orientasiyanı Vaşinqtona və NATO-ya tərəf dəyişdirməyi təklif edirlər. Yəni ABŞ və onun “təsir agentləri” Dağlıq Qarabağdakı münaqişənin artdığı zaman bütünlüklə bu cür ssenariyə gedə bilərlər.

Yarrik xatırladır ki, o daha əvvəllər RAND strateji araşdırmalar mərkəzinin hesabatında bu barədə yazıb. Belə ki, 2019-cu ildə analitiklər İrəvanı Moskva ilə əlaqələrini pozmağa çağırdığı barədə qeydlər ediblər.

“ABŞ Ermənistanı inandırmağa çalışa bilər ki, bütünlüklə NATO-nun orbitinə çıxsın. Əgər ABŞ bu siyasətdə üstünlük əldə edərsə, Rusiya Gümrüdəki hərbi bazasından və 2044-cü ilə qədər icarəyə götürdüyü İrəvan yaxınlığındakı hərbi təyyarə bazasından çıxa və Cənub hərbi dairəsinə daha çox resurslarını cəmləşdirə bilər”, analitik kitabda yazılıb.

Maraqlı personaj – “Sasna Srer” partiyasının rəhbərlərindən və ideoloqlarından biri Qaregin Çuqaszyan oldu

Bir il sonra Cənubi Qafqazda qeyri-sabitlik yarandıqdan sonra Ştatlar özünü Ermənistanla Rusiyanın münasibətlərini pozmağa yönəlmiş təbliğat kampaniyasına tərəf çevirdi və bu məqsədi önə çəkən ən fəal spiker kifayət qədər maraqlı personaj – “Sasna Srer” partiyasının rəhbərlərindən və ideoloqlarından biri Qaregin Çuqaszyan oldu. “Sasna Srer”in polis alayına qiyam məqsədi daşıyan hücumu zamanı üç nəfər ölmüş, onlarla hüquq mühafizəçisi isə yaralanmışdı.

Xatırladaq ki, həmin vaxt silahlı “Sasna Srer” İrəvanın post-patrul alayının binasını 2016-cı ilin 17-30 iyul tarixlərinə qədər girovda saxlamışdı. 30 iyulda isə qiyamçılar bütün girovları azad edərək sonradan təslim oldular. Polis alayını giriv götürməyə dair üç hissəli cinayət işi indiyə qədər məhkəmədə baxılmaqda davam edir.

Erməni KİV-lərinin məlumatına görə, Çiqaszyan alayı ələ keçirmiş silahlı qrupu koordinasiya edib və terrorçuları şəxsən verbovka edərək, ruhlandırıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun izinə düşsə də, o ölkədən qaçıb. İki il qaçaq düşdükdən sonra Çiqaszyan yenidən İrəvanda görünüb. Bu həmin vaxt idi ki, artıq Nikol Paşinyan hakimiyyətdə gəlmişdi. Məhz həmin zaman o “Sasna Srer”lə əlaqəyə girdi.

Çuqazsyan Sorosun pulları ilə qrantlar yeməyə başlayıb və özünəməxsus davranış xəttini tutub

Həmin erməni mənbələrinin digər məlumatlarına görə Çuqaszyanın Ermənistandakı Soros fondu ilə bağlılığı var. 2019-cu ildə fondun ofisi yaradılarkən o filialın direktorlar şurasının sədri olub. Çuqazsyan Sorosun pulları ilə qrantlar yeməyə başlayıb və özünəməxsus davranış xəttini tutub. Nəticədə 2019-cu ilin dekabrında “Sasna Srer” partiyasının rəhbərliyi bəyan edib ki, artıq Paşinyan hökumətini dəstəkləməyə son qoyur və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə radikal müxalifətə keçir.

Adıçəkilən Telegram kanalı davam edir:

Cənubi Qafqazdakı vəziyyət sürətlə inkişaf edir və bu əsnada Paşinyan hökuməttinin mövqeləri ciddi şəkildə laxlaya bilər. Bütün bunlardan nəticə çıxararaq ehtimal etmək mümkündür ki, hadisələrin növbəti inkişaf variantı “Sasna Srer”in ölkədə növbəti “rəngli inqilab” etməsi ilə davam edə bilər.

Birincisi. Müxalifət üzvləri İrəvanda “dərhal Vaşinqtonla dialoqa gedib, Azərbaycanla Türkiyənin “silahlı aqressiyasının” (dırnaqlar bizimdir-R.R.) dayandırılması üçün antihökumət çıxışlarına başlayırlar – mümkündür ki, ölkə parlamentinin və Rusiya səfirliyinin binaları qarşısında.

İkincisi. Əgər bu tələblər yerinə yetirilməzsə, aksiyaçılar Paşinyan hökumətinin dərhal istefa verməsini tələb edəcəklər.

Üçüncüsü. “Slühməramlı aksiyaçılarla” yanaşı, Rusiyanın Ermənistandakı hərbi bazaları blokadaya alınacaq. Əsaslı etirazı təsirli etmək üçün bu elementə paytaxtın müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən istifadə ediləcək. Necə ki, eyni mənzərə Kiyevdə, Bişkekdə, eləcə də həmin Ermənistanda 2018-ci ildə yaşanmışdı.

“Sasna Srer” partiyası iştirakçılarının radikal baxışlarını nəzərə alarsaq, bu zaman polis gücləri ilə qarşıdurmalar, itaətsizliklər də gözlənilə bilər. Necə ki, dörd il əvvəl İrəvanda eyni hallar baş vermişdi.

Ankaranın Vaşinqtonun, ya da Brüsselin əmri ilə hər hansı fikrindən imtina etməsinə ümid etmək sadəlövhlük olardı

İndi yalnız ümid etmək olar ki, mövcud hakimiyyət və Ermənistanın hüquq-mühafizə orqanları situasiyanı diqqətlə izləyir və bu cür ssenarinin baş verməsinə imkan yaratmayacaq. Vəziyyətin daha da pisləşməsi, xüsusilə Rusiya ilə münasibətlərin pozulması Ermənistan üçün kritik zərbə ola bilər. Bu kimi amillər isə göstərir ki, Türkiyə əl-qolunu daha da aça və artıq rahat şəkildə Azərbaycana silahlı qüvvələrini göndərə bilər. Ankaranın Vaşinqtonun, ya da Brüsselin komandası ilə hər hansı fikrindən imtina etməsinə ümid etmək sadəlövhlük olardı. Belə ki, müxtəlif çağırışlar, tələblər iki NATO ölkəsinin - Türkiyə ilə Yunanıstanın Şərqi Aralıq dənizindəki konfrontasiyasını bir dəqiqəliyə olsa belə dayandıra bilmədi. Əgər İrəvandakı qarışıqlıq nəticəsində Ermənistan heç nə edə bilməzsə, bu zaman rəhbərlik iradəsini itirə və Dağlıq Qarabağdakı münaqişəyə nəzarətini buraxa, Ankara isə bütün güclərini tətbiq etməklə Cənubi Qafqazdakı platsdarmı ələ keçirmək imkanını əldə edə bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...