“Azərbaycan nizamlama prinsipinə sadiqdir” ÖZƏL-MÜNASİBƏT

Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil, çünki, Ermənistan danışıqlar məcrasında özünü konstruktiv aparmayıb və elə hazırda da aparmır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.
İctimai Birliyin sədri qeyd edib ki, Azərbaycan nizamlama prinsiplərinə hər zaman sadiq olub və yenə də sadiqdir.

“Azərbaycan münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa əsaslanıb, ilk əvvəldən münaqişənin dinc yolla həlli üçün üzərinə götürdüyü bütün öhdəliklərə hər zaman olduğu kimi, sadiq qalmaqdadır. Döyüş meydanında öz üstünlüyünü nümayiş etdirdiyi bir vaxtda, işğal altında olan əraziləri bir-birinin ardınca işğaldan azad etdiyi bir məqamda da Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatının qorunması niyyəti ilə bu məsələni siyasi yolla həll etməyə hazır olduğunu bəyan etdi. Amma, baxmayaraq ki, erməni ordusu fiaskoya uğrayır, itgiləri saya-hesaba gəlmir, Ermənistan atəşkəs rejimini kobud şəkildə, özü də bir-birinin ardınca pozur, danışıqlardan sonra da Gəncənin timsalında Azərbaycanın bir çox şəhərinə, eləcə də kəndlərinə hücum edir, mülki obyektlərə, dinc əhaliyə məqsədyönlü şəkildə raket zərbələri endirir, günahsız mülki əhali arasında bir neçə nəfərin əyatını itirməsinə bais olur. Ermənistan atəşkəsi utanmadan, özü də dərhal pozursa, deməli, beynəlxalq hüquqla yanaşı, vasitəçilərə də, öz üzərinə götürdüyü öhdəliklərə də hörmətsizlik edir. İşğalçı tərəf Moskvada sonunci dəfə baş tutan uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə belə hörmətsiz davranışları bir daha təkrarladı.

Minsk qrupunun həmsədrlərinin belə Azərbaycanın mövqeyini dəstəkləməsi fonunda Ermənistanın tərəfi bəyan edirsə ki, Azərbaycana bircə qarış da torpaq verilməyəcək, deməli, Ermənistanın özünün mövqeyi sülhə mane olur. İndi hamı tərəfindən haqlı olaraq təqsirləndirilən, bu münaqişənin qızışmasında günahlandırılan Nikol Paşinyan təsadüfən hakimiyyətə gəlməyib, hamıya bəllidir ki, o Sorosun əlaltısıdır. Məhz bu baxımdan da Qafqazda vəziyyətin daha qaynar mərhələyə keçirilməsində nəini maraqlıdır, həm də bunun üçün əlindən gələni əsirgəmir”, deyə Mehriban Abdullayeva bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə