"Beynəlxalq ictimaiyyət hələ də bu terror aktlarını sükutla qarşılayır" ÖZƏL-MÜNASİBƏT

"Qısa zaman kəsiyində, cəmi 20 gündə 50-dən artıq kənd və şəhərlərimizin, strateji yüksəkliklərin düşməndən azad olunması Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığının faktoloji sübutudur. Xüsusilə, Cəbrayıl və Füzuli şəhərlərinin, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi istər xalqımıza, istərsə də əsgərlərimizə böyük ruh yüksəkliyi oldu". Bu fikirləri SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, bu məğlubiyyətləri həzm edə bilməyən mənfur düşmən cəbhə xəttindən, döyüşlərin getdiyi ərazidən 100 km-ə yaxın aralıda olan Gəncə şəhərini raket atəşinə tutdu və əvvəlki illərdə olduğu kimi, dünya ictimaiyyətinin çağırışlarını növbəti dəfə heçə saydı. Gəncəyə edilən hücumlar Ermənistanın terrorçu bir dövlət olduğunu, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam etdiyinin açıq nümayişidir. Gəncənin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə raket atəşinə tutulması işğalçı dövlətin faşist və təcavüzkar xislətini bir daha sübut edir. Ermənistanın bu barbar və vəhşi hücumları nəticəsində yaşayış binaları dağılıb, mülki şəxslər həlak olub və yaralanıb. Ölənlər arasında günahsız uşaqlar və qadınlar da var.

"Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır, müharibə cinayətidir. Humanitar atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və onlarla insanı öldürməsi, yaralaması tarixdə görünməmiş bir cinayətdir. Təəssüfləndirici haldır ki, beynəlxalq ictimaiyyət hələ də bu terror aktlarını sükutla qarşılayır və işğalçı, terrorçu dövlətə qarşı ciddi sanksiyalar həyata keçirilmir. Bəzi ermənipərəst dövlətlərin Ermənistanı açıq şəkildə dəstəkləməsi isə bu cinayətlərin dəstəklənməsi deməkdir"-deyə, deputat söyləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...