"Paşinyan törətdiyi əməllərə görə öz cəzasını almalıdır" ÖZƏL-MÜNASİBƏT

"Oktyabrın 16-dan 17-nə keçən gecə işğalçı Ermənistanın silahlı birləşmələrinin Gəncəyə raket atması erməni terrorunun növbəti bariz nümunəsidir. Bu, barbarlıq, beynəlxalq hüququn ayaqlar altına salınması və müharibə qanunlarının pozulmasıdır. Bir sözlə, bu, əsl terror aktıdır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, bu qərarı verən Ermənistanın hərbi-siyasi rəhbərliyi və şəxsən işğalçı dövlətin baş naziri Nikol Paşinyandır: "Buna görə də o, mütləq hərbi tribunal qarşısında cavab verməli, törətdiyi əməllərə görə öz cəzasını almalıdır. Azərbaycan hazırda bu məsələlərlə bağlı diplomatik, siyasi və digər bütün istiqamətlər üzrə fəal iş aparmaqdadır. Əgər beynəlxalq təşkilatlar bu cinayəti lazımınca qiymətləndirməsələr, Ermənistana müvafiq cəza tədbirləri tətbiq etmək istəməsələr, Azərbaycan bunu edəcəkdir. Çünki 30 illik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində biz gördük ki, beynəlxalq təşkilatlar, müvafiq qurumlar işğalçı ölkəni qınamırlar və cəzalandırmırlar. Məhz bunun nəticəsidir ki, bu gün işğal olunmuş ərazilərimizdə 30 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı edilən bütün cinayətlərin cəzasını Azərbaycan Ordusu verir, bundan sonra da verəcəkdir. Hər kəs əmin olsun ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu döyüş meydanında erməni işğalçılarının layiqli cavabını verəcəkdir. Ən gözəl cavab torpaqlarımızın son qarışına qədər işğaldan azad edilməsi olacaqdır. Bizə qarşı hansı erməni bir güllə atıbsa, bu mərhələdə də, bundan sonrakı dönəmdə də, dinc dövrdə də mütləq cəzası veriləcəkdir. Ya hüquq tərəfindən, ya Azərbaycan əsgəri tərəfindən cəzalandırılacaq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Son hadisələr bir daha Ermənistanın vandalizminin, terrorizminin göstəricisi oldu. Həm hərbi xunta, həm də Paşinyan rejimi bu addımı ilə özünün siyasi intiharına imza atmış oldu. Əgər bu intihar olmayacaqsa belə, Azərbaycan Ordusu bu qərarı qəbul edən Ermənistanın hərbi-siyasi rəhbərliyini, Paşinyanı, Tonoyanı mütləq cəzalandıracaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...