Paşinyan Prezident İlham Əliyev qarşısında ağ bayraq qaldırdı! ANALİTİK
Ermənistanın siyasi xəritədən silinməməsi üçün başqa yolu qalmadı
Azərbaycanın şanlı Silahlı Qüvvələrinin Qarabağ cəbhəsində işğalçı Ermənistanın təcavüzkar siyasətinə qarşı apardığı qələbə yürüşü sonda düşmən tərəfinin diz çökməsinə səbəb oldu. Bu reallıq bir daha sübut etdi ki, Prezident İlham Əliyev əzmli, qətiyyətli və dönməz iradəyə söykənən dövlət başçısıdır. Əbəs deyil ki, erməni tərəfinin cəbhə bölgəsindəki mövqelərini ard-arda itirməsi, ordu sıralarının darmadağın edilməsi və s. kimi hallar sonda Paşinyanın Prezident İlham Əliyev qarşısında ağ bayraq qaldırmasına səbəb olmaqdadır. Halbuki, bir müddət bundan əvvələ-yəni Qarabağda lokal döyüşlər başlayana qədər həmin Paşinyan lovğalanaraq, təkəbbürlə sərsəm bəyanatlar səsləndirir, bununla özünü “qalib ölkənin” başçısı kimi təqdim etməyə cəhdlər göstərirdi. Amma o cavabını aldı və elə bir cavab aldı ki, məğlubiyyətə düçar olduğunu etiraf etmək məcburiyyətinə düşdü. Bir sözlə, hazırda baş verən proseslər işğalçı Ermənistanın kapitulyasiyaya imza atmağa hazır olmasının göstəricisidir!
Nələr əldə olundu?
Cəbhədəki ardıcıl məğlubiyyətlərindən sonra Ermənistan hakimiyyətinin “şərt” dili kökündən kəsildi. Artıq Paşinyanın və komandasının Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün (!) iddiaları alt-üst edildi, darmadağın oldu. Yəni Ermənistan məhz Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün yalvarmağa başlayıb. Bu gün ermənilərin baş naziri Azərbaycan Prezidentinin qarşısında diz çökür, ölmək üzrə olan, can verən siyasi hakimiyyətini yaşatmaqdan ötrü yalvarışlarını sürdürür.
Nəticədə belə bir qənaətə gəlmək mümkündür ki, danışıqlar prosesi baza prinsiplərinə əsaslanacaq və eyni zamanda Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam edəcək. Danışıqlar birmənalı olaraq Azərbaycan dövlətinin diktəsi ilə müəyyən olunur və Prezident İlham Əliyevin tələb etdiyi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.
Əsgərlərimiz cəbhədə əldə etdiyi uğurlarını diplomatiyadakı uğurlarımıza çevirdi!
Söz yox ki, qəhrəman əsgərlərimiz döyüş meydanında düşmənə layiqli, sarsıdıcı, əzici zərbələr endirdi və qarşı tərəfi sülhə getməyə məcbur etdi. Məsələyə bu kontekstdən yanaşarsaq, deyə bilərik ki, Ali Baş Komandan, Prezident İlham Əliyev status-kvonu özü dəyişib. Bununla dövlətimizin başçısı qətiyyətli siyasətçi olduğunu isbatlamış oldu. Belə ki, işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistanın havadarları olan bir sıra ölkələr, müxtəlif güclər yürütdükləri təzyiqlərinə heç nəyə nail ola bilmədilər, Azərbaycanın haqı, ədalətli mübarizəsinə qarşı sədd qoymağı bacarmadılar. Burada da Prezident İlham Əliyevin qətiyyəninin rolu olduqca nəhəng və əhəmiyyətli oldu.
Bu gün də xalqımızın Lideri, Prezident İlham Əliyev həm də bir Sərkərdə olaraq ermənilərin havadarlarına yerlərini göstərdi, sübut etdi ki, Onun xalqının milli maraqları hər şeydən üstündür və heç bir təzyiq, təsir bu maraqları üstələyə bilmək iqtidarında olmayıb, bundan sonra da olmayacaq!
Beləliklə...
Beləliklə, fakt göz önündədir və onun ən əhəmiyyətli məqamı budur ki, torpaqlarımızın işğaldan tam azad olunması istiqamətində diplomatik cəbhə öz sözünü deyir. Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı Silahlı Qüvvələrimiz cəmi 10 gün müddətində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Artıq bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun.
Başqa tərəfdən, bu ölkəyə uzun illər də lazım olacaq ki, onsuz da çökmüş iqtisadiyyatının əsasları yenidən özünə gələ bilsin. Bu baxımdan, ermənilərin, daha dəqiqi isə Paşinyanın Prezident İlham Əliyev qarşısında diz çöküb, yalvarmaqdan, işğalçı güclərin torpaqlarımızdan çıxaracağını vəd etməsindən başqa heç bir yolu qalmayıb. Əks halda, Ermənistan bundan da ağır vəziyyətə düşməklə, siyasi xəritədən silinmək təhlükəsini yaşaya bilər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB