Jurnalistlər üçün iş otağının yaradılması informasiyanın daha dolğun çatdılmasında vacibdir - ŞƏRH ÖZƏL

“Milli Məclis Ali Qanunverici orqan kimi özfəaliyyətinin Azərbaycan informasiya məkanında obyektiv, doğru və gerçək şəkildə öz əksini tapmasında maraqlıdır. Hər şeydən öncə bunun üçün şübhəsiz ki, texniki şərtlər və münbit stasionar vəziyyət təmin edilməlidir. Biz əslində bu gün bunun şahidi olduq. 6-cı çağırış Milli Məclis Parlamentin sədrinin rəhbərliyi altında bir sıra yeniliklərə imza atıb. Biz bu gün mühüm bir hadisənin iştirakçıları və şahidləri olduq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redatoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan Milli Məclisinə akkreditasiya olunmuş jurnalistlərin iş şəraitinin və texniki təchizatının yaxşılaşdırılması və eyni zamanda Milli Məclisin deputatları ilə normal şəraitdə ünsiyyətinin qurulması üçün yeni iş otaqlarının açılışı olub: “Hansı ki, Milli Məclisin deputatları burada həm müsahibə verə, həm də brifinq keçirə bilərlər. Bu otaqlarda 16-dan çox komputerlər var və böyük monitorlar quraşdırılıb. Bu həm jurnalistlərin Milli Məclisin sessiyalarını müşahidə etməsi baxımından, həm də yaradılmış şəraitdə informasiyanı daha yaxşı yazaraq Azərbaycanın milli informasiya məkanına ötürməsi baxımından olduqca əhəmiyyətlidir”.

H.Babaoğlu vurğulayıb ki, bu yenilik çox mühüm bir məsələdir: “Əminəm ki, bundan sonra artıq Milli Məclisin deputatları da Milli Məclisin müxtəlif yerlərində deyil, onlar üçün yaradılmış xüsusi iş otaqlarında Azərbaycan mediası ilə daha rahat və daha keyfiyyətli ünsiyyət saxlaya biləcəklər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə