Yalan bəyanatlara uymamaq üçün vətəndaşlarımız ayıq-sayıq olmalıdırlar - AÇIQLAMA ÖZƏL

“Müharibə tək səngərlərdə getmir, eyni zamanda diplomatik sahədə, həmçinin ən mühümü də informasiya sahəsində gedir. Məlumdur ki, son vaxtlar ermənilər saxta xəbərlərdən çox ciddi istifadə edərək dezinformasiyalar yayırlar. Bu xəbərlərdə hətta mühüm vəzifəli hərbiçilərimizin əsir götürülməsindən başlayaraq digər bir çox istiqamətlərdə istədikləri məlumatları yayırlar”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, erməni tərəfi hər vəchlə Türkiyə ordusunun Azərbaycan ərazisində vuruşması ilə bağlı dünyaya bir çox dezinformasiyalar yaymağa çalışır: “Başqa bir məsələ isə Azərbaycan tərəfində muzdlu döyüşçülərin vuruşması, Suriya və digər ərazilərdən onların gətirilməsi məsələsini də qabardırlar. Bildirirlər ki, guya Suriyadan gələn müsəlmanlar yerlərdə hər hansı spirtli içkilərin satılmasının əleyhinədilər. Bu bəyanatı yaymaqda məqsəd müsəlman- xristian məsələsini qaldırmaqdır”.

A.Nağıyev vurğulayıb ki, bütün bunlar təbii ki, erməni cəmiyyətini çaşdırmaq üçün əl atdıqları metodlardır: “Lakin Azərbaycan tərəfindən bunların qarşısı alınır. Vətəndaşlarımız da ayıq-sayıq olmalıdır ki, sosial şəbəkələrdə və ya digər istiqamətlərdə yalan bəyanatlara uymasınlar və rəsmi şəkildə təsdiqlənməmiş heç bir xəbəri yaymasınlar. Bildiyiniz kimi Azərbaycanda qismən səfərbərlik elan olunub. Bununla bağlı da çox diqqətli olmalı və özlərinin də hansı ərazilərə getdikləri barədə heç bir məlumat verməməlidirlər. Çünki düşmən kəşfiyyat xarakterli çox ciddi məlumatlar yayır. Burada isə əsas məqsəd bizim gücümüzün azaldılmasıdır. Ona görə də, xalqımız bu məsələlərə tam həssaslıqla yanaşmalıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə