"Biz yeni qələbə xəbərləri eşidəcəyik" Tahir Rzayev

“Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmayıb və barışmayacaq. Ermənistanın mənfur işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilib. 30 ilə yaxındır davam edən bu vəziyyətdə Ermənistan nə beynəlxalq hüquqa, nə də BMT-nin qətnamələrinin tələblərinə məhəl qoymur. Bu, azmış kimi Paşinyan hakimiyyəti Azərbaycana qarşı yeni təxribatlar törətməyə cəhd edir. Lakin artıq ordumuz tərəfindən onların layiqli dərsi verilir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, erməni hərbi birləşmələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb, Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, ilk növbədə işğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarılmalı, dinc insanlar, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar: “Hazırda ölkəmiz müharibə şəraitindədir. Ermənistan Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti dəfə qeyri-humanist mahiyyətini, insanlığa qarşı olduğunu sübut edir. Mülki obyektlərin və dinc əhalinin vurulması Ermənistanın insanlığa qarşı cinayətidir”.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxışı zamanı işğalçı Ermənistanın yeni təxribat planları haqqında dünya ictimaiyyətini məlumatlandırdı: “Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında işğalçı Ermənistana layiqli cavab veriləcəyini bəyan etdi. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycanın işi haqq işidir. Təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Artıq cəbhədən sevindirici xəbərlər var. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Artıq düşmənin ön xətti yarılıb və bbir sıra ərazilərimiz işğaldan azad edilib. Şübhə yoxdur ki, rəşadətli ordumuz tərəfindən bu zəfər yürüşü davam etdiriləcək və biz yeni-yeni qələbə xəbərləri eşidəcəyik. Onu da qeyd edim ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirilər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə buna qadirdir. İnanırıq ki, tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...