Azərbaycan BMT-ni islahatlara çağırır… - AÇIQLAMA ÖZƏL

"BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilmə mexanizmimin olmaması, taşkilatda islahatların zəruriyinin göstəricisidir. BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əldə etdiyi uğurlar və Qarabağ həqiqətləri dunya içtimaiyyətinə çatdırıldı. Sözü gedən iclasda ölkə başçısı Qoşulmama Hərəkatının sədri kimi, BMT Təhlükəsizlik Şurasını islahatların aparılmasına çağrırdı". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partıyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin əməkdaşı Məhəmməd Şirinov deyib.

Onun sözlərinə görə, ilk öncə Qoşulmama Hərəkatına üzv dövlətlərin adından çıxış edən Prezident İlham Əliyev bildirdi ki, İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekoloji problemlər ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasət, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir: "Beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Yaranmasının 75-ci ildönümündə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Cənab İlham Əliyev, BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırdı".

Siyasi şərhçi bildirib ki, daha sonra Prezident İlham Əliyev, Azərbaycan adından çıxışını davam edərkən Qarabağ problemlərini və Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını bir daha dünyaya çatdırdı: "Ölkə Başçısı bildirdi ki, Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Bu da əslində BMT-də köklü islahat zamanının çoxdan yetişdiyinin bir göstəricisidir".

M.Şirinov vurğulayıb ki, Ermənistan dövləti öz işğalçı və ilhaqçı siyasətindən əl çəkməyərək və beynəlxalq hüquqa məhəl qoymayaraq sülh prosesindən birtərəfli şəkildə imtina edir: "Prezident İlham Əliyev bildirdi ki, Ermənistan sülh prosesində iştirak etmir və danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır deyən ölkə başçısı, Azərbaycanın mövqeyinin qəti və birmənalı olduğunu BMT tribumasıdan bir daha dünyaya çatdırdı".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...