"Ölkəmizdə virusun daha geniş yayılmasının qarşısı alındı" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan ilk gündən koronavirusla mübarizə sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başladı. Burada ilk öncə əhalinin sağlamlığı məsələsi önə çəkildi. Cənab Prezident öz çıxışlarında bu məsələni xüsusilə vurğuladı ki, insan sağlamlığı bizim üçün xüsusi önəm daşıyır. Bu bir milli təhlükəsizlik məsələsidir”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev mühüm sərəncamlar imzaladı, fond yaradıldı, yeni modul tipli xəstəxanalar açıldı, biznes sahəsində çalışan vətəndaşlara kömək olundu və qeyd etmək olar ki, bütün mümkün üsullardan dövlət səviyyəsində istifadə olundu: “Bu bir böhran vəziyyəti idi və bu böhran vəziyyətini Azərbaycan uğurla idarə etməyi bacardı. Bütün ölkələrə və hər kəsə bunu idarə etmək nəsib olmur. Azərbaycan bunu etdi və bunu etmək üçün bütün istiqamətlərdə səylərini birləşdirdi. Həm mətbuat qurumları, həm dövlət qurumları və bütün strukturlar davamlı olaraq prosesin ardıcıl və şəffaf həyata keçirilməsi üçün zəruri addımları atdılar. Bunun nəticəsində bu gün ölkəmizdə virusun daha geniş yayılmasının qarşısı alındı.

Burada bütün proseslərin maksimum şəffaf və ictimai nəzarət çərçivəsində olması üçün gərəkən bütün addımlar atıldı. Dövlət həyata keçirdiyi bütün addımlar barədə davamlı olaraq cəmiyyəti məlumatlandırdı. Operativ Qərargah davamlı olaraq vətəndaşlara müraciət edirdi, onlara öz tövsiyələrini verirdi. Bütövlükdə prosesi şəffaf həyata keçirilmiş proses kimi qiymətləndirə bilərik, çünki dövlət gərəkən bütün addımları atırdı. Görülən işlər barədə davamlı olaraq insanları məlumatlandırır, dövlətin hansı işləri həyata keçirdiyi və nələrin edilməsini planlaşdırdığı barədə iclaslar keçirir və davamlı olaraq ictimaiyyəti məlumatlandırırdı.

Burada düzgün kommunikasiyanın qurulması məsələsi də xüsusi önəm kəsb edir. Mən hesab edirəm ki, dövlətimiz düzgün kommunikasiyanı qurmağı da bacardı. Televizorlar vasitəsilə daim məlumatlar verilir, eləcə də təbliğatlar gedirdi. Ümumən nəzər saldıqda dövlətin bu sahədə çox böyük addımlar atdığının şahidi oluruq. Bu prosesin ən vacib tərəflərindən biri tam şəffaf həyata keçirilməsi idi. Azərbaycan hökuməti bu prosesin şəffaf həyata keçirilməsi üçün gərəkən bütün addımları atırdı. Bu addımların nəticəsində bu gün deyə bilərik ki, ölkəmizdə biz bu prosesi qaydalara uyğun və yaxşı şəkildə idarə edə bildik. Bu proses idarə edilməyə də bilərdi və bu zaman ciddi çətinliklərlə üzləşə bilərdik. Amma qeyd etdiyimiz kimi, bu proses çox yaxşı səviyyədə idarə olundu, dövlət qurumları gərəkən bütün addımları atdı ki, vətəndaşlarımız bu prosesdən maksimum qorunsun. Mən hesab edirəm ki, dövlətin bu istiqamətdə gördüyü işlər bizim ümumi işimizə çox böyük töhfələr verdi. Bu prosesin tənzimlənməsində Azərbaycan bir sıra dövlətlərdən öndədir. Çünki buna nail olmaq üçün dövlət gərəkən bütün addımları atdı və bu gün də bu istiqamətdə səylə çalışır. Bu bütövlükdə Azərbaycanın, eləcə də hər birimizin uğurudur və hər birimiz bu sahədə üzərimizə düşəni etməliyik ki, ölkəmiz uğur əldə etsin”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə