Anna Akopyan - “sülh göyərçini”, yoxsa müharibə qarğası? ANALİTİK+FOTOLAR

“Daily Sabah”a görə, Nikol Paşinyanın arvadı da özü kimi Azərbaycanı müharibəyə təhrik edir və...

Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın "Qadınlar sülh naminə" adı altında işğal altındakı ərazilərimizdə Azərbaycan uşaqlarına, mülki vətəndaşlarına silah tuşladı və bunun adını öz təbirincə "müdafiə üsulu" adlandırdı. Ancaq fakt budur ki, onun və əri Nikolun heç də sülh, əmin-amanlıq və s. kimi məsələlərlə işləri yoxdur. Belə ki, o, bu dəfə daha da irəli gedərək, qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istədiyini bəyan edib. Bu barədə onun rəsmi saytında informasiya yer almaqdadır. Məlumata əsasən, Ermənistan müdafiə nazirliyinin köməyi ilə keçiriləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaş arası qadınlar Anna Akopyanın saytına müraciət edə biləcəklər. O cümlədən, təlim detallarının gizli saxlanılması (?!) üçün təlim müddətində görüşlər və ezamiyyətlər, eləcə də foto və videoçəkilişlər qadağan olunacaq. Məhz gizli saxlanılması (!) nəzərdə tutulan təlimlərin bilavasitə Azərbaycana qarşı keçirilməsi öz təsdiqini tapmaqdadır. Buna daha bir sübut kimi göstərə bilərik ki, təlimlərdən sonra erməni qadınları imtahan verərək, hərbi xidmətlərini davam etdirəcəklər, yəni cəbhəyanı ərazilərə göndəriləcək və Ermənistanın işğalçılıq siyasətini icra etmək üçün əllərinə silah alacaqlar.

Anna Akopyan özü də iştirak edəcəyi təlimlərdə müxtəlif silahlardan atəş açmaq üçün imtahanlar verəcək. Yəni fakt budur ki, "Qadınlar sülh naminə" adlı hərəkatın başçısı - Ermənistanın baş nazirinin arvadı Anna Akopyan gerçəklikdə "Qadınlar terror naminə" hərəkatına rəhbərlik edir, yaxud o özünü “sülh göyərçini” kimi təqdim etməyə cəhd göstərsə də, əslində, insanlara müharibə qarğası obrazını təqdim edir. Əslində, tarix də sübut edir ki, belə hadisələr - yəni erməni qadınlarının silahlı terrorlar törədərək türkləri amansızlıqla öldürmələri faktları kifayət qədərdir. Nəticədə, Ermənistanın baş naziri Nikol Paşinyan, hətta onun arvadı Anna Akopyan hərbi ritorikaları vasitəsi ilə işğalçılıq siyasətinin davam edəcəyinə işarə edirlər.

“Daily Sabah” yazır ki, Akopyan müharibəni alovlandıracaq addımlar atır, Əliyeva isə…

SİA xəbər verir ki, artıq Türkiyədə ingilis dilində nəşr edilən və beynəlxalq aləmdə nüfuzu olan “Daily Sabah” nəşri də bu məsələyə toxunaraq, digər maraqlı detalları üzə çıxarıb, dünya ictimaiyyətinə Ermənistandakı mövcud hakimiyyətin, eləcə də hakim ailənin hansı məqsədə qulluq etdiklərini bütün çılpaqlığı ilə ictimailəşdirib. Nəşr yazır ki, Paşinyanın arvadı Anna Akopyan erməni ordusunun işğal altındakı Dağlıq Qarabağda keçirdiyi hərbi təlimlərə qatılıb. Üstəlik, “Kalaşnikov” avtomatı ilə fotosessiyalar düzənləyərək, müxtəlif pozlar da verib. Bu isə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin gərginləşdiyi dövrə təsadüf edir. Türk nəşri “Anna Akopyan: sülh haqqında danışan, lakin müharibəyə üstünlük verən birinci xanım” sərlövhəli məqaləsində yazır ki, Anna Akopyan cəmi 2 il əvvəl – 2018-ci ildə özünü regionda sülhün müdafiəçisi kimi təqdim edir, azərbaycanlı xanımları da “Qadınlar sülh naminə” kampaniyasına qoşulmağa çağırırdı. Cəmi 2 il sonra isə o, əlində avtomatla sülhü necə “dəstəklədiyini” göstərir.

“Daily Sabah” xatırladır ki, bu ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsilə bütün dünyanın diqqəti yenidən bu regiona yönəltdi. Məhz həmin vaxt Ermənistan Azərbaycanın Tovuz rayonuna təxribat xarakterli hücumu ilə iki ölkəni genişmiqyaslı müharibənin bir addımlığına gətirmişdi. Silahlı qarşıdurma zamanı qarşılıqlı artilleriya atəşləri və digər əməliyyatlar nəticəsində hər iki tərəfdən ümumilikdə 20 əsgər həyatını itirib. Sonda ermənilər Azərbaycan Ordusunun cavab həmləsi ilə çox sayda itki verərək, geri çəkilmək məcburiyyətində qalmışdılar.

Beləliklə, ingilis dilli türk nəşri təəccüblə sual edir və soruşur ki, Ermənistanın 42 yaşlı birinci xanımı10-15 erməni qadınla bərabər hədəflərə nişan alıb, silahla poz veribsə, silahını Azərbaycana tərəfə yönəldibsə, cəmi 2 il əvvəl isə azərbaycanlı qadınlardan sülhə töhfə vermələrini istəyirdisə, bu təzad özündə nəyi ehtiva edir? “Təəccüblü deyilmi? Axı onun Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa səfəri gərginliyi daha da artırır. Bu isə onun sülh çağırışları ilə qətiyyən üst-üstə düşmür”, “Daily Sabah” yazır. SİTAT: “Təəccüblüdür ki, Ermənistanın birinci xanımı son hərbi təlimlərdə “Qadınlar sülh naminə” kampaniyası çərçivəsində iştirak edib. Başqa sözlə, o, dünyada hərbi forma geyərək “sülh kampaniyası” təşkil edən ilk şəxsdir. Halbuki, Akopyan iyulun 13-də “Facebook” səhifəsində fərqli fikirlər yazırdı: “Qadınlar sülh naminə” kampaniyası qadınların müharibəyə qarşı birləşməsinə, münaqişə tərəflərinə problemin danışıqlar yolu ilə həlli yollarının tapılmasında kömək edilməsinə hesablanıb”.

Nəşr onu da yazır ki, əslində, Akopyanın bu addımları “sülh uğrunda savaş” mesajıdır və bu mesaj onun hərəkətlərindən də bəllidir.

Türk nəşri: “Azərbaycanın birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva deyir ki, “gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır”

“Daily Sabah” çox maraqlı fərq apararaq, Ermənistanın baş naziri Anna Akopyanın əməllərini Azərbaycanın birinci xanımı, ölkəmizin birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ilə müqayisə edib. SİTAT: “Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi baş verənləri sakit qarşılayır. Azərbaycanın birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva deyir ki, “gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Ən yüksək qələbələri əldə etmək, ən böyük zirvələrə qalxmaq üçün məhz bu mənəvi dəyərlər uca tutulmalıdır”.

“Mehriban Əliyeva güclü dövlət xadimi mövqeyindən çıxış etməyi üstün tutub, bu davranışı ilə güclü səbrə malik olduğunu göstərib”

Nəşr vurğulayır ki, dünyada Azərbaycanın təbliğatını aparan, siyasəti zənginləşdirən Mehriban Əliyeva vətəninin tərəqqisinə xidmət edir, ölkə mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır. SİTAT: “Azərbaycan mediası yazır ki, Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilməsi həm də ölkəsinin mədəniyyəti üçün tarixi nailiyyətdir. Bu, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüq açıb.

UNESCO çərçivəsində müxtəlif layihələr həyata keçirən Azərbaycanın birinci xanımı eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu istiqamətlərdə səylərin birləşdirilməsinə çalışır. Mehriban Əliyevanın bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi onun UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi gördüyü işlərlə bağlıdır. Eyni zamanda, o, mədəniyyətin təbliği, mədəni sahədə beynəlxalq mübadilə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə də çox sayda beynəlxalq mükafatlara layiq görülüb”.

Beləliklə, aparılan müqayisədən həm də belə nəticəyə gəlmək olar ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın mövqeyi qeyd olunmalıdır. Anna Akopyanın müharibəni alovlandıracaq addımlar atdığı bir dövrdə xanım Mehriban Əliyeva sülhə çalışır. SİTAT: “Halbuki, Mehriban Əliyeva birinci xanım kimi, Akopyana cavab verə, işğalçı ölkənin birinci xanımı kimi instiktiv və refleksiv davranış nümayiş etdirə bilərdi. Lakin o, güclü dövlət xadimi mövqeyindən çıxış etməyi üstün tutub. Mehriban Əliyeva bu davranışı ilə güclü səbrə malik olduğunu göstərib, başqa sözlə, bu sınaqdan uğurla keçib. Bu, təkcə Azərbaycan xalqı deyil, bütün dünya tərəfindən sülh uğrunda addım kimi, yüksək qiymətləndirilməlidir”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə