Əli Kərimlinin daha bir saxtakarlığı ortaya çıxdı AUDİO + FOTOFAKT

Tarixi köhnə müddətə işlənmiş "İclas"-“protokol” oyunu ifşa olundu

AXCP-“Milli Şura” cütlüyünün əsas söz sahibi olan Əli Kərimlinin partiyası daxilində yaratdığı avtoritar idarəçiliyi, partiyadaşları arasındakı riyakarlığı, eləcə də saxtakarlıq əməllərinə rəvac verərək, onun marağında olmayan cəbhəçilərə qarşı şər-böhtan kampaniyaları yaratması dəfələrlə sübuta yetirilib. SİA xəbər verir ki, hazırkı dövrə qədər Əli Kərimlinin sözügedən fəaliyyətinə etiraz əlaməti olaraq istefa verən onlarla insan AXCP sədrini ifşa edərək, onun əsl sifətini siyasi-ictimai rəyin diqqətinə çatdırıblar.

Lakin o da gizli deyil ki, partiya sədri ilə hesablaşmayan, yaxud partiyada çatışmayan cəhətlərini nizamlamağa çalışan, partiyadaşları arasında normal münasibətlər qurmağa səy göstərən şəxslər də olub ki, onlar sonradan atılan şər-böhtan vasitəsilə, zor gücü ilə təşkilat sıralarından çıxarılıblar. Maraqlısı da budur ki, belə insanların AXCP-dən uzaqlaşdırılmaları sənədsiz, sübutsuz, heç bir iclas keçirilmədən, protokol sənədləri hazırlanmadan baş verib. Belə faktlardan biri də artıq məhkəməyə müraciət etmiş AXCP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyevlə bağlıdır. O, məhkəmə vasitəsi ilə partiyadan qanunsuz yolla uzaqlaşdırıldığını sübut etmək üçün vəsatət qaldırıb və haqqını tələb edib.

Maraqlı məqamlardan biri də budur ki, 1995-ci ildən AXCP-nin üzvü olan şəxsə qarşı bu cür davranışların sərgilənməsi həm də belə bir nəticəyə gəlməyə zəmin yaradır: Əli Kərimli üçün heç bir mənəviyyat, vicdan, yaxud ləyaqət prinsipi mövcud deyil və əgər kimlərsə onun sözünün qarşısına söz deyirsə, aqibəti məhz Aydın Əliyevinki kimi olacaq. Amma veteran cəbhəçi sona qədər mübarizə aparacağını, Əli Kərimlinin partiyanı zəbt edərək, istədiyi siyasi oyunlara əl atdığını sübut edəcəyini qarşısına məqsəd qoyub. Ona görə də indi Əli Kərimli təlaşlanaraq, işinin dalana dirəndiyini hiss edərək qeyri-rəsmi, qanunsuz şəkildə AXCP-dən çıxartdığı şəxsin neytrallaşdırılması üçün əl-ayağa düşüb. O, qısa müddətdə partiyanın digər üzvü İradə Nərimana guya Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol və digər sənədlər hazırlamasını tapşırıb.

Qeyd edək ki, bu faktlar Əli Kərimlinin məhkəmədə udması şansını sıfıra endirib və söz yox ki, onun bu saxtakarlığı da qanunauyğun şəkildə nəzərə alına bilər. Daha dəqiq desək, AXCP sədri saxta sənəd düzəltdirdiyinə görə, qanun qarşısında məsuliyyət daşıyır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə