"Hər il təhsil sahəsində yeniliklərin şahidi oluruq" ÖZƏL-MÜNASİBƏT

“Pandemiya dünyanın əksər ölkələrində müəyyən çətinliklər yaratdı. İqtisadi fəallıq aşağı düşdü. Ölkələrin iqtisadi duruma iflic oldu. Bir sıra ölkələr yardım üçün beynəlxalq maliyyə təşkilatlarına müraciətlər etdi. Neft gəlirlərinin də azalması baş verənlərin fonunda labüd idi”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, hazırda pandemiyanın yaratmış olduğu reallıq bütün dünya ölkələrinin iqtisadi sferasına ciddi təsir göstərir: “Azərbaycan da sözsüz ki, pandemiyanın zərərləri ilə üzləşən ölkələrdəndir. Amma bütün bunlara baxmayaraq ölkəmizdə heç bir sosial layihə ixtisara salınmadı. Yeni məktəblər inşa, təmir və bərpa olundu.

Qeyd etməliyik ki, ölkəmizdə təhsil və digər həyatı önəm kəsb edən sahələrdə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilib. Yeni ali məktəb korpuslarının, məktəblərin tikintisi və təmiri, modul tipli məktəblərin inşası həyata keçirildi. Eyni zamanda bu il 147 məktəb məktəbin inşası nəzərdə tutulub. Ümumiyyətlə isə, son 17 ildə ölkəmizdə 3700 məktəb tikilib. Son illər Heydər Əliyev Fondunun xətti ilə də çoxlu sayda məktəbin tikintisi həyata keçirilib. Ötən gün onların bir neçəsinin açılışı keçirildi. Fond öz fəaliyyətində elm və təhsilə xüsusi önəm verir.

Artıq ali və orta təhsil müəssisələri tədris ilinə tam hazırdırlar. Bütün bunlara bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində nail olunub. Hər il tədris ili ərəfəsində təhsil sahəsində yeniliklərin şahidi oluruq. Son bir neçə gündə İqtisad və ADA universitetlərinin yeni korpuslarının istifadəyə verilməsi, yeni orta məktəblərin inşası, təmir və bərpası, eyni zamanda təhsilə ayrılan büdcə vəsaitinin artırılması bu fikri bilavasitə təsdiq edir.

Onu da qeyd edək ki, bu gün dünyada təhsil sahəsində ciddi dəyişikliklər baş verir, universitetlər arasında ciddi rəqabət gedir. Bu baxımdan, ölkəmizdə təhsilin məzmun və keyfiyyətinin artırılması istiqamətində səylər daha da gücləndirilməlidir. Yeni informasiya texnologiyalarının tətbiqi, müasir laboratoriyaların qurulmasına, distant təhsil sisteminin yaradılması istiqamətində işlər daha da gücləndirilməlidir. Eyni zamanda, Azərbaycan universitetlərinin beynəlxalq reytinqinin artırılması işinə xüsusi önəm verilməlidir. Bu gün inkişaf və tərəqqinin yolu yüksək bilik və təlimdən keçir. Böyük uğura nail olan dövlətlər hər zaman təhsilə xüsusi önəm verirlər. Bu gün universitetlərimizin bölgənin güclü təhsil müəssisələrindən birinə çevrilməsi üçün geniş imkanlar var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə