Dəlil yox, sübut yox, ortada saxta hesabat var - ŞƏRH

"Human Rights Watch"un direktor müavininin Azərbaycana növbəti qərəzi

Yenə də hədəf Azərbaycandır. Bu günlərdə "Human Rights Watch"un təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Reyçel Denberin (Rachel Denber) Azərbaycana qarşı növbəti qərəzli hesabatı verilib. Yenə də eyni oyun, eyni hücum. Hesabatda hər zaman olduğu kimi, bu dəfə də ölkəmizə qarşı qərəzli münasibət göstərərək yenə də Azərbaycanı sonuncu sıralarda qeyd edib. 195 ölkənin yer aldığı hesabatda "qeyri-azad" ölkələr sırasında "yer aldı"ğı bildirilir. Təbii ki, təşkilatın qərəzli davranışı hər zamankı kimi ictimaiyyət tərəfindən qınaqla qarşılanıb. Hesabatın lağ-lağı obyektinə çevrilməsinə səbəb olan əsas amil isə guya Ermənistanda vəziyyətin bizdən yaxşı olduğunun qeyd olunmasıdır. Yəni, Azərbaycanı "qeyri-azad" hesab edən təşkilat bu dəfə də Ermənistanı "qismən azad" ölkə kimi təqdim edib.

Belə qərəzli, dəlilsiz, sübutsuz hesabatlar ictimaiyyət tərəfindən hiddətlə qarşılanaraq ölkəmizin uğurlarını gözügötürməyənlərin özlərinin saxta olduqlarını bildiriblər.

Mehdi Balabəyov: "Human Rights Watch» təşkilatının Azərbaycanı hansısa dövlətlərlə üz-üzə qoymaq, düşmənçilik toxumu səpmək niyyəti ortadadır"

Sözügedən məsələyə münasibət bildirən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov açıqlamasında deyib ki, "Human Rights Watch" təşkilatı həmişə böhtan atmaqla, qara yaxmaqla dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışıb: "Amma bu, heç vaxt baş tutmayıb. Çünki həmin təşkilatın heyətində kifayət qədər erməni olduğu məlumdur. Onu da qeyd edim ki, sözügedən təşkilat erməni lobbisi tərəfindən maliyyələşdirilir. Tək "Human Rights Watch" deyil, həmçinin "Freedom Hous", «Amnesty International» kimi qərəzli təşkilatların verdiyi şərhlər artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur və "Human Rights Watch"un təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Reyçel Denberin Azərbaycan haqqında qərəzli hesabatları bu təşkilatın riyakarlığına dəlalət edir. Çünki son illər dünyada baş verən xoşagəlməz hadisələr fonunda, gərginliyin, iqtisadi böhranın, dünyanı ağuşuna alan koronavirus pandemiyası zamanında Azərbaycanın ön sıradı olması, xüsusilə də, sabitliyin qorunub saxlanması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, həmçinin azad sözün, müstəqil mətbuatın sərbəst fəaliyyəti istiqamətində qətiyyətli addımlar atması anti-Azərbaycan qüvvələri yenə də təlaşlandırıb. Onlar ölkəmiz haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmaq üçün yenə də yalan, böhtan və qarayaxma «maşınlarını» işə salıblar. Hesabatda, guya 195 ölkədə siyasi hüquqlar və vətəndaş azadlıqları qiymətləndirilib. Bu ölkələrin 87-si azad, 59-u qismən azad, 49-u azad olmayan ölkə hesab olunub. Azərbaycan yenə də «azad olmayanlar»ın, həm də son 10 ildə geriləyən ölkələrin sırasında olduğu bildirilir. Zaman-zaman bu təşkilatın Azərbaycan haqqında yalan və böhtanla dolu hesabatlar hazırlaması hər birimizə bəllidir. Əslində, "Human Rights Watch" xarici ölkənin qeyri-hökumət təşkilatıdır. Ona görə də bu təşkilat tərəfindən ölkəmiz haqqında yayılan hesabatın heç bir əsası yoxdur. İşğalçı Ermənistanı "qismən azad" ölkələr sırasına qatmaqla "Human Rights Watch", əslində, kimlərinsə sifarişini yerinə yetirdiyini təsdiqləyir. Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə təxribat törətməklə azyaşlı uşaqları, dinc əhalini qətlə yetirməsinə münasibət bildirməyən bu oyuncaq təşkilat, guya Azərbaycanda vətəndaşların hüquqlarının qorunması ilə maraqlanır. Əslində, muzdla fəaliyyət göstərən bu təşkilatın əsas məqsəd Azərbaycanı demokratiya yolundan kənarda qoymaq, bütün vasitələrlə inkişafa mane olmaq və digər dövlətlərin təsiri altına salmaqdır. Mənasız, dəlilsiz, əssasız və özləri yazıb, özləri də eşitdikləri hesabat nə xalqımız, nə də beynəlxalq aləmdə qəbul olunur və bundan sonra da qəbul olunmayacaq".

Hafiz Hacıyev: "Bu qurum bilavasitə erməni lobbisi və himayədarlarının vassalı olaraq fəaliyyət göstərir"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Human Rights Watch"un təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Reyçel Denberin öz rəflərində toz basmış anti-Azərbaycan xarakterli sənədini yenidən ictimailəşdirməklə, köhnə ampluasından çıxış edərək ölkəmizə qarşı hazırlanmış qərəzli kampaniyanın flaqmanı rolunda özünü bir daha təsdiq etdiyini bildirib: "Dəlil yox, sübut yox, "Human Rights Watch" muzdlu təşkilat nə vaxta kimi Azərbaycanla bağlı qərəz nümayiş etdirəcək? Əslində, burada heç bir yenilik yoxdur və. Əslində, bu təşkilatın qərəzli hesabatlar yaymaqda əsl məqsədi Azərbaycana qarşı təzyiqləri artırmaq, Ermənistana himayədarlıq etmək və Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır. Söz yox ki, bu kimi qərəzli hesabatlar müəyyən qaranlıq dairələrdən, həmçinin erməni lobbisi tərəfindən verilən sifarişdir. Əgər "Human Rights Watch" təşkilatının əsas məqsədi insan hüquqlarını qorumaq olsaydı, bu qurum Azərbaycan ərazilərinin uzun müddət ərzində işğalda saxlanılmasına son qoyulması və yüz minlərlə insanın hüquqlarının bərpası istiqamətində addımlar atardı. Bu qurum nədənsə, bu günə qədər Ermənistanda kobudcasına, qətliamlarla nəticələnən pozuntuları, insan hüquq və azadlıqlarının pozulmasını, iqtisadi böhranın getdikcə güclənməsini bir dəfə də olsun dilə gətirməyib. Nəyə görə? Məsələ bəllidir - bu qurum bilavasitə erməni lobbisi və himayədarlarının vassalı olaraq fəaliyyət göstərir. Digər tərəfdən hadisələrin təhlili həm də onu göstərir ki, beynəlxalq aləmdə aparılan anti-Azərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, "Human Rights Watch" təşkilatının hesabatı da bu kampaniyanın tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə edilməkdədir. Bu zaman belə bir sual yaranır ki, bütün bəşəri qanunlara zidd olan, eyni zamanda insanlığın, mənəvi dəyərlərin məhv olunmasına yönəlmiş layihələr icra edən bir təşkilatın ümumiyyətlə insan hüquqlarından danışmağa hansı mənəvi haqqı ola bilər?! İşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları bir kənara qoyub, sərsəm hesabatlar, bəyanatlar yayan bu təşkilat barədə necə ciddi düşünmək olar?! Hesab edirəm ki, bu kimi qərəzli kampaniyalar heç vaxt onların istədikləri nəticələri verməyəcək və böhtançı fəaliyyətləri ifşa ediləcək".

Bir sözlə, bu tip təşkilatlar həmişə təlimatla işləyib, onların qarşısında qoyulmuş vəzifələri yerinə yetirməyə xidmət edirlər. Belə təşkilatlar nəhayət anlamalıdırlar ki, onların vaxtaşırı nümayiş etdirdikləri qərəzli mövqelər bumeranqa çevrilərək yavaş-yavaş özlərinə təhlükə yaradacaq. Azərbaycan dövlətinin günü-gündən inkişaf etməsini, əhalisinin rifahının yüksəlməsini, müstəqil siyasət yürüdülməsini bir çox xarici qurumlar, eləcə də onların təsirində olan daxili destruktiv qüvvələr həzm edə bilmir, həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv fikir formalaşdırmağa çalışırlar. Çox təəssüf ki, "demokratiya carçılarının" əsl siması budur.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə