Ermənistanda məhkəmə sistemi siyasi maraqlar naminə çökdürülür ANALİTİK
Siyasi partiyalar və ictimai rəy konstitusiya məhkəməsinin ləğv olunaraq məhkəmələrin vahid sistemdə birləşməsinə qarşıdırlar
Ermənistanda mövcud olan çoxsaylı narazılıqlar faktoru, xalqın hakimiyyətdən əlini üzməsi reallığı hakim Paşinyan rejiminin iflası prosesinə təkan verir. Bu arada, növbəti narazılıq məhkəmələrin siyasiləşdirilməsi, daha dəqiqi isə, bu sistemin hakimiyyətin əllinə keçirilməsi ilə bağlıdır. Konstitusiya məhkəməsinin hakimlərinin fəaliyyətlərinin dayandırılmasının ardınca, indi də həmin məhkəmənin kassasiya məhkəməsi ilə birləşdirilməklə ali məhkəməyə çevrilməsi ideyası daha bir siyasi böhrana yol açıb.
Vəkil Yervand Varosyan: “Konstitusiya məhkəməsi ətrafında yaradılan süni böhran da deyilənləri təsdiq edir”
“Ermənistan hakimiyyətinin bu qərarı birmənalı olaraq siyasi hədəflərə və maraqlara söykənir. Məqsəd, konstitusiya məhkəməsini institut kimi ləğv etməkdən ibarətdir”. SİA xəbər verir ki, bu barədə tert.am-a tanınmış erməni vəkili və hüquqşünası Yervand Varosyan deyib. Onun fikrincə, hakimiyyət vahid orqan yaratmaqla həmin orqana nəzarətlərini rahatlaşdırmaq niyyətini güdürlər. Çünki iki ayrı-ayrı məhkəmə sistemini nəzarətdə saxlamaq çətindir. SİTAT: “Burada danılmaz məntiq dayanır və konstitusiya məhkəməsi ətrafında yaradılan süni böhran da deyilənləri təsdiq edir”.
Erməni hüquqşünasının sözlərinə görə, elə adamlar var ki, nəyin baş verdiyini anlayır və həmin adamlar bu gün də susmurlar, öz səslərini qaldırırlar.
Hüquq müdafiəçisi: “Hakimiyyət öz addımlarını bu cür davam edərsə, ölkənin hüquq institutları sistemi məhv olacaq”
“Biz baş verənləri geniş kütləyə çatdırmalıyıq və bildirməliyik ki, mövcud idarəçilik bizlərə necə təsir göstərir”, Varosyan deyib və bildirib ki, əslində konstitusiya məhkəməsi tamamilə fərqli funksiyaları ilə seçilən institutdur: “Kassasiya məhkəməsi isə başqa fəaliyyət sistemidir və hazırkı dövrə qədər onlar bir arada bir-birlərini tamamlamaqla işləyirdilər”.
Onun sözlərinə görə, heç bir hüquq sistemi bu prosesə hazır deyil və hakimiyyət öz addımlarını bu cür davam edərsə, ölkənin hüquq institutları sistemi məhv olacaq. Belə ki, Ermənistanın hüquqi sistemi heç vaxt qəbul etdiyi qərarlarına hazır ola bilməyəcək. “İllər ötəcək və konstitusiya məhkəməsi yenidən bərpa ediləcək”, erməni hüquq müdafiəçisi bildirib.
“Çiçəklənən Ermənistan” və “Maarifçi Ermənistan” partiyaları etiraz edirlər
Qeyd edək ki, artıq ölkənin siyasi partiyaları da öz etiraz səslərini ucaldırlar. “Çiçəklənən Ermənistan” partiyasının parlament təmsilçisi Naira Zoqrabyan bildirib ki, hələlik ləğv olunmamış konstitusiya məhkəməsinin sədri kimi Nikol Paşinyana yaxınlığı ilə seçilən Edqar Şatiryanın namizədliyi irəli sürülüb. Məhz o sədr seçildikdən sonra konstitusiya məhkəməsi qısa müddətdə ləğv edilərək, kassasiya məhkəməsi ilə birləşdirilib, vahid məhkəmə kimi fəaliyyət göstərəcək. E.Şatiryan isə həmin məhkəmənin sədri olacaq. Məhz bu istiqamətdən çıxış edən Naira Zoqrabyan etiraz səslərini ucaldacaqlarını bəyan edib.
Digər müxalifət partiyası – “Maarifçi Ermənistan” partiyasının deputatı Tiqran Simonyan da eyni fikri bölüşərək deyib ki, qanunsuz proses davam edir və onun partiyası həmin prosesdə iştirak etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB