Rasim Quliyev: “Bir çox ölkələr Azərbaycanla əməkdaşlığa maraq göstərir” ÖZƏL-RƏY

Rasim Quliyev: “Bir çox ölkələr Azərbaycanla əməkdaşlığa maraq göstərir” ÖZƏL-RƏY

“Ümumiyyətlə, Azərbaycan dövləti öz xarici, iqtisadi siyasətində və digər dünya dövlətləri ilə münasibətində balanslı, açıq əməkdaşlıq siyasəti yürüdür”. Bu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, bu münasibətlərdə yalnız milli dövlət maraqları əsas götürülür: “Ona görə də Azərbaycanın (Ermənistan istisna olmaqla) bütün dövlətlərlə əməkdaşlıq etmək imkanları vardır. Xüsusilə regionda marağı, təsiri olan, regionun və dünyanın siyasətinə töhfə verə bilən, eləcə də hansısa formada təsir etmək imkanlarına malik olan dövlətlərlə Azərbaycan əməkdaşlıq edir. Bu yalnız müsbət qiymətləndirilə bilər. Bununla belə yaxın qonşularımız Azərbaycanın regional və beynəxalq layihələrdəki iştirakı, təşəbbüsü ilə birbaşa həyata keçirilən böyük qlobal layihələrdən sözsüz ki, öz mənfəətini götürə bilər. Yəni onlar da əməkdaşlıq, maraqların uzlaşdırılması şəraitində bu imkanlardan bəhrələnə bilərlər. Bura xüsusilə Azərbaycanın şimal və cənub qonşuları, eləcə də böyük dövlətləri olan Rusiya və İranı şamil etmək olar.

Prezident İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən də bildirdi ki, “Bizim ölkələrimiz, eyni zamanda, xarici siyasət istiqamətində üçtərəfli əməkdaşlıq formatlarında da fəal iştirak edir. Artıq neçə ildir ki, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu format çox səmərəlidir”. Yeri gəlmişkən qeyd etməliyik ki, Azərbaycanın coğrafi, geosiyasi mövqeyinə görə bir çox ölkələr Azərbaycanla əməkdaşlığa maraq göstərir. Azərbaycan açıq ölkə olduğu üçün bu əməkdaşlığa hər zaman hazırdır və bu əməkdaşlıqdan məmnunluğunu ifadə edir. Azərbaycan həmçinin bir-birinə antaqonist münasibətdə olan dövlətlərlə də əməkdaşlıq, dostluq edə bilir. Məsələn, İran Azərbaycan üçün dost, qonşu ölkədir. Eyni zamanda İranda bizim çoxsaylı azərbaycanlılar yaşayır. Bu baxımdan Azərbaycan-İran münasibətləri çox diqqətəlayiqdir. Azərbaycan tərəfi eyni zamanda İranın və İsrailin bir-birinə əks antaqonist münasibətləri fonunda hər iki dövlətlə dostluq etməyi bacarır. Bizim üçün İsrail də çox vacib partnyorlardan biridir. Ümumiyyətlə bizim əməkdaşlığımız heç bir zaman üçüncü ölkəyə qarşı yönəlməyib. Bu Azərbaycanın xarici siyasətində birmənalı şəkildə də qeyd olunur. Biz əməkdaşlığımızı qarşılıqlı maraqlar, milli və dövlət mənafeyi maraqları çərçivəsində qururuq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə