Bahar Muradova: “Ümummilli lider Azərbaycan xalqının heç zaman unudulmayacaq görkəmli lideridir”

Bahar Muradova: “Ümummilli lider Azərbaycan xalqının heç zaman unudulmayacaq görkəmli lideridir”
"Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının bəşər, ictimai-siyasi, fikir tarixinə, o cümlədən Azərbaycan xalqına yetirdiyi ən böyük dühalardan biri, çox zamanlar da birincisisidir". Bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar verdiyi açıqlamasında deyib. Ulu öndər Heydər Əliyevi çox yüksəkdə dayanan şəxsiyyət adlandıran vitse-spiker bildirib ki, ümummilli lider siyasətçi, dövlət rəhbəri olmaqla yanaşı, həm də zamanını qabaqlayan, zamanın qarşısına çıxdığı problemləri vaxtında qarşılamağı və onu həll etməyi bacaran qeyri -adi intellektual imkanlara malik olan şəxsiyyətdir. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev Azərbaycanın tarix boyu əldə etdiyi ən böyük nailiyyətlərdən biridir.

"Ümummilli lider fərd olmaqla yanaşı, eyni zamanda Azərbaycan xalqının uğurudur. Onun dünyaya gəlməsi, fəaliyyəti, Azərbaycan üçün gördüyü işlər bütövlükdə xalqımızın nailiyyətləri sırasında ən yüksəkdə dayanır. Məhz onun sayəsində Azərbaycan dövləti son illər həm dövlət, həm cəmiyyət, həm vətəndaş formaşlaşdırılması işini çox uğurla həyata keçirə bilib və indi də keçirməkdədir. Ümummilli lider Azərbaycan xalqının heç zaman unudulmayacaq görkəmli lideridir",- deyə vitse-spiker qeyd edib.

B. Muradova vurğulayıb ki, ulu öndərin özünün bir şəxsiyyət, dövlət rəhbəri kimi üstünlük verdiyi prinsiplərdən, keyfiyyətlərdən biri də varislik idi. Vitse-spikerin sözlərinə görə, ümummilli lider ənənədə, mədəniyyətdə, dövlət həyatında, ictimai-siyasi mühitdə, dövlətçilikdə varislik prinsipinə üstünlük verirdi: "Arada fasilə olduğu təqdirdə Azərbaycanda nələr olduğunu biz gördük. Ona görə də varislik əsas prinsipdir və bütün istiqamətlərdə o özünə qədərki, özünün iştirakı ilə yaradılan bünövrənin üzərində müstəqil Azərbaycan dövlətini qurdu və onu əmin əllərə tapşırdı. Bu gün də Azərbaycan dövləti onun qoyduğu ənənələr üzərində daha praqmatik, daha çevik uğurla inkişaf etməkdədir. Onun uğurunu şərtləndirən əsas cəhətlərdən biri də məhz varislikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə