“Görülən bütün tədbirlərə rəğmən koronavirus geri çəkilmək bilmir. Bu gün dünyada COVID-19-a yoluxanların sayı 25,5 milyona çatıb, 850 min nəfər isə infeksiyanın qurbanı olub. ABŞ kimi güclü bir dövlət pandemiyanın qarşısında aciz qalıb. Orada bu xəstəliyə yoluxanların sayı 6,2 milyon, dünyasını dəyişənlərin sayı 187 min nəfərdir. ABŞ -dan sonra koronavirusla xəstələnən insanların sayına görə Braziliya, Hindistan, Rusiya və Peru birinci beşliyə daxildirlər”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Onun sözlərinə görə, Azərbaycan təhlükəli xəstəliklə ən effektiv mübarizə aparan ölkələr sırasındadır: “Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz COVID-i nəzarətə almağı bacaran ilk dövlətlərdən biridir. Ölkəmizin əldə etdiyi müsbət nəticələr dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeyd olunub. Lakin bizdə də insanların bir çox hallarda sanitar-epidemioloji qaydalara, tövsiyələrə əməl etməməsi səbəbindən bir sıra bölgələrimizdə, o cümlədən, paytaxt Bakıda pandemik vəziyyət hələ narahatlıq doğurur. Buna görə də dövlət qurumları Prezidentin tapşırığına uyğun olaraq, sözügedən regionlarda vəziyyətin nəzarətdən çıxmaması və yaxşılaşdırılması üçün gücləndirilmiş rejimdə çalışırlar.
Qarşıdan gələn soyuq payız-qış mövsümünün yarada biləcəyi təhlükələri önləmək üçün səhiyyəmizin imkanları durmadan artırılır. Ümumiyyətlə, pandemiya dövründə bu istiqamətdə böyük işlər görülüb. Yeni xəstəxanaların inşası, mövcud klinikaların modernləşdirilməsi və müasir avadanlıqlarla təchiz edilməsi üçün böyük dövlət vəsaitləri xərclənib. Çarpayı sayının əhəmiyyətli dərəcədə artırılması bizə pandemiya ilə uğurlu mübarizə aparmağa kömək edən əsas amillərdən biridir.
Budur, bu gün Prezident İlham Əliyevin videoformatda iştirak etdiyi yeni bir tibb ocağının - Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub. Dövlət başçısının qeyd etdiyi kimi, COVID -lə mübarizədə qəbul edilmiş qərarların vaxtında və yüksək keyfiyyətlə icra edilməsi koronavirusla mübarizədə vəziyyəti nəzarətdə saxlamağa imkan verən əsas amillərdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB