"Lavrov Ceyhun Bayramovun iradını ciddi qəbul etdi" ÖZƏL - AÇIQLAMA
"Rusiyaya səfəri zamanı baş tutan görüşdə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Lavrovun diqqətinə çatdırdı ki, Rusiyanın Tovuz təxribatından sonra bir neçə dəfə təklif etdiyi Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların bərpası o halda mümkündür ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Yeri gəlmişkən, Rusiya XİN rəhbəri ilə danışıqlardan sonra Lavrov erməni həmkarına zəng edib". Bu sözləri SİA-ya açqılamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, görüşdə əldə olunan ən böyük məhsuldarlıq son zamanlar münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın və Rusiyanın son baxış bucaqlarının bir-birilərinə çatdırılması idi: "Görüş zamanı Lavrovun narahat olduğu Azərbaycanın bundan sonrakı xarici siyasətindəki vurğular məsələsinə də aydınlıq gətirilib. Yeni Xarici İşlər naziri zamanı Azərbaycanın xarici siyasətindəki prioritetlər məsələsi Lavrova aydın olub. Məlum olub kı, regiondakı geoiqtisadi münasibətlərdə dəyişikliklər olmayacaq. Eyni zamanda Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatında bizə təklif etdiyi müşahidəçi statusu da, hələ də öz qüvvəsindədir".
Ekspert bildirib ki, Rusiya XİN rəhbəri mətbuat qarşısında çıxışı zamanı Türkiyənin Minsk qrupunun həmsədr ölkə kimi danışıqlara cəlb edilməsini yolverilməz sayıb, buna baxmayaraq, Zaur Məmmədovun fikrincə, Lavrov Ceyhun Bayramovun Moskvaya münaqişənin nizamlanmasında yetərli səylər göstərmədikləri ilə bağlı iradını ciddi qəbul etdi: "Yaxın həftələr ərzində yenidən "Lavrov planının" Ermənistanda müzakirə predmeti olacağını istisna etmirəm. Azərbaycan bu məsələdə prinsipiallıq nümayiş etdirərək silah sazişi müqabilində bir neçə rayonun azad olunmasını istəyir və hələki vaxtı uzadır. Ümumilikdə, Azərbaycan-Rusiya münasibətlərini təhlil edərkən, biz pis-yaxşı formulundan uzaq olmalıyıq. Siyasətdə maraqlar var və bu maraqların müzakirəsi üçün diplomatların səylərinə ehtiyac var. Heç nə ağ və qara olaraq qəbul edilməməlidir. Çünki siyasi proseslərdə rənglər dəyişkəndir".
Politoloq qeyd edib ki, tərəflərin baxış bucaqları bəllidir, bundan sonra Azərbaycan və Rusiyanın bir-birinə təklifləri üzərində iş davam etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB