"Həm dini, həm də hüquqi baxımdan insanların sağlamlığı əsas götürülür" ÖZƏL - AÇIQLAMA
"Sizcə hansı daha yaxşıdır, əvvəlcədən ehtiyatlı tədbirlər görərək kütləvi mərasimlərdə iştirak etməmək yoxsa sağlamlığını təhlükəyə ataraq daha sonra xəstəxanada mübarizə aparmaq? Ona görə də, nəzərə almaq lazımdır ki, bu gün hər şeydən üstün insanlarımızın sağlamlığıdır, bu İslamda da belə qəbul olunub, Qurani Kərimdə ayələrdə də öz əksini tapıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü olan deputatı Kamilə Əliyeva Məhərrəm ayında kütləvi dini mərasimlərin keçirilməsinin pandemiya dövründə yoluxmaların sayının artmasına səbəb ola biləcəyindən danışarkən deyib.
Onun sözlərinə görə, bu gün ölkəmizlə yanaşı bütün dünya pandemiya şəraitində yaşayır və aydın məsələdir ki, belə bir vəziyyətdə tətbiq edilən xüsusi qaydalara riayət etməliyik: "Virusun yayılması üçün şərait yaradan kütləvi tədbirlərin qadağan edilməsi başlıca məqsədin əsas hissəsini təşkil edir. Artıq Məhərrəm ayı daxil olub. İslam dövləti kimi bu vaxta qədər hər il Məhərrəm ayı ilə əlaqədar din xadimlərimiz, başda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri olmaqla məscidlərdə Məhərrəm ayı ilə əlaqədar mərasimlər keçirir, namazlar qılınır, dini ayinlər oxunurdu. Eyni zamanda, Aşura günü ilə əlaqədar qan aksiyaları keçirilirdi".
Millət vəkili bildirib ki, bu gün insanlarımızın sağlamlığı hər şeydən üstündür və insanların sağlamlığının qorunması dövlətimizin, həmçinin, dövlət başçısının prioritet istiqamətidir: "Məhərrəm ayında, xüsusilə də, Aşura günündə kütləvi dini mərasimlərin keçirilməsinə qəti yol verilə bilməz. Operativ Qərargahın da insanların qəti surətdə kütləvi şəkildə bir yerə toplaşmaması haqqında qərarı var. Bununla əlaqədar kütləvi mərasimlərin keçirilməsi hazırda qaydalara ziddir. Elə İranın özündə də Məhərrəm ayı mərasimləri qadağan edilib. Əgər, din xadimləri bir yerə toplaşıb kütəvi şəkildə dini mərasimlərə qoşulsa onların COVID-19-a yoluxma ehtimalı çox yüksəkdir. Bu da insanların kütləvi şəkildə xəstəxanalara düşməsinə səbəb ola bilər. Təbii ki, bu insanların da virusa qalib gəlib ya ya qalib gələ bilməyəcəyi sual altındadır. Sizcə hansı daha yaxşıdır, əvvəlcədən ehtiyatlı tədbirlər görərək belə kütləvi mərasimlərdə iştirak etməmək yoxsa sağlamlığını təhlükəyə ataraq daha sonra xəstəxanada mübarizə aparmaq?".
Kamilə Əliyeva qeyd edib ki, bu gün hər şeydən üstün insanların sağlamlığıdır, bu İslamda da belə qəbul olunub, Qurani Kərimdə, ayələrdə də öz əksini tapıb: "İstər dini baxımdan, istər hüquqi cəhətdən insanların sağlamlığının qorunması əsas götürülür. İnsanlara üz tutaraq bildirmək istəyirəm ki, qarşıdan Aşura yaxınlaşır. Belə bir gündə öz təhlükəsizliklərini, ailələrinin təhlükəsizliklərini və ümumilikdə əhalimizin təhlükəsizliyini qorumuş olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB