"Regionun ən riskli müharibəsi ABŞ-İran müharibəsidir" ÖZƏL-MÖVQE

"Regionun ən riskli müharibəsi ABŞ-İran müharibəsidir" ÖZƏL-MÖVQE

“Azərbaycana region olaraq qonşu olduğu Yaxın Şərqdə baş verənlər müəyyən dərəcədə təsir edir. İlk növbədə İranın Yaxın Şərqdə aktiv hərbi-siyasi hərəkətliliyi ABŞ-la davam edən problemlər müharibə variantini taktiki olaraq arxa plana keçirsə də, müharibə variantı daima masadadır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Suriya və İraqdakı müharibələr lokal olaraq davam edir: “Həmçinin İsrail-İran münasibətləri son günlərdə daha aktiv fazaya keçib.Yaxın Şərqdə suların bundan sonra isinəcəyi, sülh və sabitliyin təmin olunması uzun illər davam edəcək. Çünki regionda olan dövlətlərin siyasəti, buradakı karbohidrogen yataqları üzərindən maraqlı ölkələrin bu regionda maraqlarının toqquşması hələ davam edəcək. Azərbaycanda Yaxın Şərqdə və qonşusu İran ətrafında baş verənlərə diqqətli olmalı və bu istiqamətdə öz maraqlarına uyğun siyasət həyata keçirilməlidir ki, öz təhlükəsizliyinə risk olmasın. Çünki Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi problemlər qalmaqdadır. Hesab edirəm ki, Azərbaycanın da yaxın olduğu regionda müharibə və problemlərin davam edəcəyi gözlənilir. Regionun ən aktual, daha riskli müharibəsi ABŞ-İran müharibəsidir. Bu ABŞ-da seçkilərə görə müəyyən dərəcədə müzakirə edilməsə də, amma risk qalmaqdadır. İsrail Suriyada onsuz da Vaşinqtonun təlimatlari ilə İran hərbi obyektlərinə mütəmadi aviazərbələr endirir.

Bundan əlavə, BƏƏ ilə İran arasında son günlərdə vəziyyət daha da kəskinləşib. Bu geniş müharibəyə gətirməsə də, körfəz də müharibə riskini gündəmdə saxlayır. BƏƏ və İran arasında müharibə başlasa, ABŞ və İsrail İrana kəskin hücum edə bilər. Bu da Yaxın Şərqdə ciddi və geniş müharibəyə gətirib çıxarar. Bunun da Azərbaycanın daxil olduğu regiona təsirləri qaçılmaz olar. İsrail, ABŞ çalışa bilərlər ki, İrana qarşı hər istiqamətdə hücumlar etsin. Əlbəttə ki, bu müharibə Azərbaycanın maraqlarına cavab vermir. Amma İranın zəifləməsi ölkəmizin maraqlarına cavab verir. Çünki İranın hərbi gücü və maliyyə imkanları genişləndikcə region ölkələrinə təsirləri artır. Yaxın Şərqdə baş verənlərdə İranın rolunun hansı istiqamətdə təhlükəli olduğunu görürük. Hesab edirəm ki, İranın zəifləməsi bu ölkənin öz daxili işlərinə çəkilib aqressiv siyasət yeritməməklə qonşularla normal münasibətlər qurmasına gətirər. Amma hesab edirəm ki, ABŞ-da prezident seçkilərindən sonra biz İran-ABŞ problemlərinin daha aqressiv mərhələyə keçəcəyinin şahidi olacağıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə