Qərb dünyanın birqütblü olması istiqamətində ciddi addımlar atır - ANALİZ

Qərb dünyanın birqütblü olması istiqamətində ciddi addımlar atır - ANALİZ

"Minskdə baş verən mitinqə 200 mindən çox etirazçı qoşulmuşdu. Əgər etiraz aksiyaları yüksələn xətlə davam etsə, Lukaşenkonun gedəcəyini proqnozlaşdırmaq olar. Digər tərəfdən Avropa İttifaqının, ABŞ Dövlət Departamentinin Belarusdakı seçkilərlə bağlı mövqeyi bəllidir. Qərb Belarusda təkrar seçkilərin keçirilməsini istəyir. Lukaşenko da deyir ki, Belarus təkrar prezident seçkilərinə getsə, bu, dövlətin sonu olacaq. Düşünürəm ki, hər şey Rusiyanın proseslərə hansı kontekstdə müdaxiləsindən asılı olacaq. Əgər Rusiya Qərbin bu ölkədə növbəti dəfə “narıncı inqilab” keçirməsinin qarşısını alsa, Lukaşenko hakimiyyətdə qalacaq. Belə bir cəhdlərin olacağı göz önündədir". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

O, bildirib ki, Lukaşenkonun əsas rəqibi olan xanım Tixanovskyanın bu seçkilərdə qalib gəlməsi iddiasına da inanmıram: "Ümumiyyətlə Belarus müxalifətinin Lukaşenkoya rəqib kimi konkret planı yoxdur. Yəni onların nə edəcəkləri ilə bağlı proqramları yoxdur. Tixanovskayanın özünü də bir ay əvvələdək Belarusda kimsə tanımırdı. Tixanovskayanın sosial bazasını bir il ərzində Belarusa gedib-qayıdan 2 milyona yaxın ölkə gəncləri təşkil edir. Amma ölkədə ümumilikdə götürəndə orta yaş həddində olanlar və yaşlı nəsil Lukaşenkonun tərəfdarlarıdır. Belarusda adambaşına düşən illik gəlir digər MDB ölkələri ilə müqayisədə çox yuxarıdır. Eyni zamanda Belarusda maşınqayırma, energetika, kimya sənayesi, kənd təsərrüfatı, nəqliyyat və digər sahələr MDB-nin digər ölkələri ilə müqayisədə daha rentabelli və səmərəli çalışır. Ona görə də baş verənlər Qərbin, Belarusun ictimai- siyasi həyatına müdaxilədən başqa bir şey deyil. Əgər Belarusu Rusiya ilə ittifaqdan çıxara bilsələr, bu NATO-nun Şərqə doğru genişlənməsi istiqamətində kifayət qədər ciddi addım olacaq. Bu da Rusiya- NATO arasındakı münasibətləri kritik həddə çatdıra bilər".

Politoloq qeyd edib ki, güc strukturları da etirazlara sərt təpki göstərmirlər: "Düşünürəm ki, avqustun 16-da Lukaşenkonun güc strukturlarının rəhbərləri ilə görüşü zamanı bir sıra tədbirlərin keçiriləcəyi ilə bağlı sərəncam da verilib. Belarusun siyasi rəhbərliyi Rusiya və KTMT-yə müraciət etsə ki, ölkədə siyasi çevrilişi həyata keçirmək istəyən qüvvələr var, o zaman proseslərə müdaxiləni istisna etmirəm. Hələ ki, nümayişlər dinc formada gedir. Əgər nümayişlər silahlı formaya keçərsə, hadisələrin necə cərəyan edəcəyi ilə bağlı iki fikir olacaq. Ya Rusiya bu məsələlərə müdaxilə edəcək və belə olan halda proseslərin qarşısı alınacaq. Ya da Rusiya, Qərbin Belarusda siyasi elitanı dəyişmək üçün hansı addımları atacağını müşahidə edəcək".

E.Manafov vurğulayıb ki, Belarusun qısa zamanda Avropa İttifaqına üzv olacağını və Avropaya inteqrasiyasının sürətlə gedəcəyinin düşünənlər yanılırlar: "Ortada Ukrayna təcrübəsi var. Ukraynanın özünü də Avropa İttifaqına və NATO-ya qəbul etməyiblər və yaxın zamanda etməyəcəklərinə də əminəm. Bu, Belarusda növbəti dəfə Qərbin politexnoloqları tərəfindən “narıncı inqilab”ın keçirilməsi üçün yazılmış ssenaridir. Bunun da qarşısını Rusiya almalıdır. Bu alınmasa, biz yenidən dünyanın birqütblü olması istiqamətində Qərbin ciddi addımlar atacağını müşahidə edəcəyik. Bir maraqlı məqam da Amerikada keçiriləcək prezident seçkiləri ərəfəsində Trampın Putinlə görüşmək istəyidir. Bu faktın özü çox şeydən xəbər verir. Düşünürəm ki, Belarusdakı seçkilərə Birləşmiş Ştatların siyasi elitası tərəfindən deyil, “Dərin dövlət” nəzəriyyəsinin tərəfdarı olan Dünya Məxfi Hökumətinin ssenarisi əsasında müdaxilə edilir. Əgər bu, belədirsə, ABŞ-ın rəsmi iqtidarı ilə Rusiya arasında razılıq əldə edilməklə Belarusiyada “narıncı inqilab”ın qarşısını almaq olar".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə