"Paşinyan ermənilərin sərt tənqidi ilə üzləşdi" "Qolos Armenii" qəzeti yazır

"Nikol Paşinyanın məşhur BBC HARDTalk proqramına verdiyi müsahibə artıq səs-küyə səbəb olub. Baş nazirin səriştəsizliyi, tarixdən bixəbərliyi Ermənistanda narazılıqla qarşılanıb və sərt tənqidlərə məruz qalıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qolos Armenii" qəzeti yazır.

Qəzet yazır ki, əvvəla, baş nazirin inadla ingilis dilində danışmaq istəməsi, yumşaq desək, düşüncələrini tam ifadə etmək istəyi heç də yaxşı alınmadı. Üstəlik, verilişin aparıcısı həqiqətən çətin suallar vermək bacarığı ilə məşhurdur və cavab vermək üçün Nikol Paşinyanın ən azından çevik zehni olmalı, söhbət mövzularında mümkün qədər səriştəli olmalı, diplomatiya bacarığına sahib olmalı, eyni zamanda İngilis dilini də aparıcını təmin edəcək dərəcədə danışa bilməli idi ki, bu da erməni baş nazirdə yoxdur.

Nəşr etiraf edir ki, aparıcı Steven Sakur sözün həqiqi mənasında həmsöhbətini, Paşinyanı çox narahat vəziyyətdə qoyur. Ermənistana məxsus qəzet açıq-aşkar yazır ki, Sakurun suallarını ingilis dilində cavablandırmaq, öz imkanlarını həddən artıq qiymətləndirmək qərarı, Paşinyanın ilk növbədə dövlət maraqları ilə deyil, yalnız özünə heyranlığı, həddindən artıq özünə inamı və gerçəkliklə hesablaşmaq istəməməsi ilə izah edilən növbəti oyunudur ki, bunun nəticəsi Ermənistan üçün çox pis oldu. Qəzetin yazdığına görə Paşinyan, həmişəki kimi, ingilis dilini kifayət qədər bilmədiyini bir daha nümayiş etdirdi və bir sıra hallarda gülünc və gülməli vəziyyətlərə düşdü.

“Aydın və açıq şəkildə ortaya çıxan başqa bir məsələ də ondan ibarət idi ki, Nikol Paşinyan dövlət başçısına xas olan diplomatiyanın əsaslarını, özünü idarə etmək bacarığını heç vaxt mənimsəməmişdir. Bunun əvəzinə o, mövzudan, mətləbdən uzaqlaşır və nəticədə yenə də inamsız və axmaq görünür.

Digər tərəfdən isə Nikol Paşinyan həmişə olduğu kimi, bu dəfə də əsas məsələlərdə cahil, məlumatsız olduğınu göstərdi. Halbuki, müəyyən bilikləri, məlumatları əldə etmək və HARDTalk kimi proqramda çətin vəziyyətə düşməmək və vəziyyətlərdən çıxmaq üçün kifayət qədər vaxt və fürsətə sahib idi. Ancaq onun komandasında hələ bu məsələ ilə bağlı vahid ekspert məsləhətçisi belə yoxdur. Bu bir daha sübut edildi.
Bununla yanaşı, Paşinyanın heç olmasa bir çox elementar faktlardan xəbərdar olmadığına inanmaq çətindir. İnanmaq çətindir ki, Paşinyan Sakurun bəhs etdiyi məsələlərdən xəbərsizdir.

Ermənistanın baş naziri öncə də qeyd edildiyi kimi, nə dil, nə mövzu, nə də diplomatiya bacarıqlarını bilmədiyindən açıq-aşkar, aydın şəkildə özünü itirdi. Nəticədə, Ermənistan günahını qarşı tərəfin üzərinə atmağa çalışan günahkar rolunda özünü tapdı.

İndi sual yaranır: Ermənistanın baş nazirinin administrasiyası bu jurnalistlə müsahibə aparmağın bu üsulundan xəbərdar idimi? Yoxsa Paşinyanın özü və işçiləri özlərinin "parlaqlığı" ilə o dərəcədə kor olmuşlar”, deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə