"Qərbin Paşinyandan gözləntiləri puç olub" ÖZƏL-MÜNASİBƏT

"Paşinyanın BBC-yə müsahibəsində diqqət çəkən, qeyri-adi görünən məqam təkcə ingilis dilində zəif danışması, yaxud diplomatik bacarıqsızlığının üzə çıxmasında deyil. Baxmayaraq ki, bunlar da ciddi məqamlardırlar və Paşinyanın bircə kəlmə “Qarabağ əhalisinin cəmi 18 faizi erməni olub” deməsi, bizim üçün yetərli sayıla bilər. Müsahibədəki çox qabarıq görünən qeyri-adilik, həm də BBC-nin aparıcısı Stefan Sackurun mövqeyindədir". Bunu SİA-ya media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, aparıcı illərlə topladığı bütün təcrübəni, “HARDtalk” (Çətin söhbət) proqramları üçün xarakterik olan bütün manevrləri Paşinyanın üzərində sınaqdan keçirir: "Sackurun Paşinyana ünvanladığı suallar onun Ermənistanın baş nazirinə qarşı kinayəli olduğunu göstərir; BBC əməkdaşı fürsət düşən kimi jurnalistik çərçivələrdən çıxaraq açıq mövqe sərgiləyir, Ermənistanın və Paşinyanın riyakarlığı barədə rəy bildirir. Deyir ki, “Ermənistanda baş vermiş siyasi inqilab onun Dağlıq Qarabağ üzərində Azərbaycanla uzun illər davam edən münaqişəsinə son qoyacağına ümidlər yaratdı, lakin belə olmadı”. Bu, sual deyil, Paşinyanın yalançı vədlərlə hakimiyyətə gəlib, sonradan mövqeyini dəyişməsi barədə şərhdir, konkretləşmiş rəydir, həm də BBC əməkdaşının rəyi. Sackur bu fikirləri proqramın başlanğıcında, öz şərhində verir. Paroqramın anonsu, təqdimatı da eyni ruhludur. Verilişin internet səhifəsindəki təqdimetmə mətnində Paşinyan haqqında belə bir ifadə var: “O, hakimiyyəti siyasi islahatlar vədi ilə ələ keçirmişdir, bəs necə oldu ki, Ermənistan hələ də köhnə müharibələrə qərq olmuş vəziyyətdədir?”.

BBC əməkdaşının sualları da şərhləri və təqdimatı qədər kəskindir, eynilə bənzərdir. “Ermənistan əhalisinin əhvalına baxanda onların məxməri inqilaba olan böyük ümidlərinin puç olduğunu görürük. Səhv nədə idi?” deyən Sackura təkcə sual vermir, həm də sualın tərkibində qətiləşmiş mövqe bildirir, Paşinyanın səhvə yol verdiyini qətiləşmiş fikir kimi ifadə edir, onun bəraəti üçün yolları bağlayır.

Şərhləri və təqdimat bölümündən sonra başlanan sual-cavab bölümü də Paşinyan üçün ölümcül zərbəyə çevrilir. Suallar qarşısında aciz duruma düşən Paşinyan ölkədəki hazırkı acınacaqlı vəziyyətin bütün günahını koronavirus pandemiyasının üzərinə yıxmağa cəhd göstərir. Amma Sackur onun sözünü kəsir, yalan danışmasına imkan vermir, koronavirus mövzusuna köklənməklə müsahibənin məğzindən uzaqlaşmaq cəhdinin qarşısını alır: “Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Ermənistan indi də əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?” sualını verir. Bununla da Paşinyanı isterik vəziyyətə salır. Aparıcı Paşinyanın vəziyyətdən çıxmaq üçün sərgilədiyi manevrlərin qarşısını alır, sadə dillə desək, tərpənməsinə imkan vermir.

Paşinyanın Azərbaycanın ünvanına səsləndirmək istədiyi cəfəng ittihamları dinləmək istəməyən S.Sakur onun sözünü dərhal kəsir və əks sual verir: “Siz özünüz son aylarda gərginliyi artıran bir sıra təxribatçı hərəkətlərə yol vermisiniz. Məsələn, niyə siz keçən ilin avqust ayında “Stepanakert”ə (Xankəndiyə) gedərək “Artsax (Siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə” bəyanatını etdiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi”. Paşinyan ənənəvi “erməni nağıllarını” dilə gətirməklə çıxış axtarır. Amma bu nağıllar BBC əməkdaşı üçün keçərli olmur. Sackura onun sözünü kəsir: “Sizin iddia etdiyiniz minillik tarixinizə girməyə niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz”.

Müsahibə bu ruhda davam edir və istər-istəməz sual yaranır: Paşinyana və Ermənistana qarşı belə yanaşma dünyaca məşhur BBC telekanalının məşhur “HARDtalk” proqramının aparıcısı Stefen Sackurun şəxsi mövqeyidirmi? Yoxsa Ermənistana qarşı bütövlükdə Qərbin yanaşması dəyişir?

Bu suala da Stefen Sakurun özü aydınlıq gətirir: “Münaqişə və Yerevandakı hərbi ritorika ilə yanaşı Ermənistan digər çağırışdan da əziyyət çəkir: koronavirus pandemiyası ölkəyə ağır zərbə vurmuşdur, iqtisadiyyat dərin böhrandadır, Rusiya, Türkiyə və ABŞ-dan strateji təzyiqlər göstərilir”.

BBC əməkdaşının bu sözlərindən belə nəticə çıxır ki, Paşinyanın və ümumilikdə Ermənistanın yanlış siyasəti ölkəni çıxılmaz duruma salıb, həm region ölkələrinin, həm də ABŞ simasında Qərbin münasibəti pisə doğru dəyişib. Sackur deyir ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni yolun inşa edilməsi avropalı ekspertlər tərəfindən beynəlxalq hüququn pozulması, qeyri-qanuni işğal faktının möhkəmləndirilməsi kimi dəyərləndirilir. Onun sözlərinə görə, “Ermənistanın Dağlıq Qarabağ məsələsində millətçilik mövqeyindən çıxış edir, Ermənistan hakimiyyətinin hazırkı strategiyasında heç bir mənalı sülh elementi sezilmir. Siz sələflərinizdən heç nə ilə fərqlənmirsiz. Ermənistan əhalisi üçün vacib olan bu problemin həlli üçün siz heç bir fərqli yanaşma təqdim etmirsiz”.

Müsahibənin ruhundan belə anlaşılır ki, N.Paşinyanın nəinki ölkə rəhbəri kimi, hətta adi siyasətçi və jurnalist kimi nüfuzu itib, Qərbin ondan gözləntiləri puç olub. Qərb həm Ermənistanda mürəkkəb və ziddiyyətli daxili prosseslər, antidemokratiya, həm də Ermənistan -Azərbaycan münaqişəsinin həllində sələflərinin mövqeyini davam etdirdiyinə görə Paşinyandan üz döndərir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə