Nazarbayevdən sonra Qazaxıstan ermənilərə tərəf meyllənir... - ŞƏRH

"Bu günlərdə Rusiyanın Ermənistana silah göndərişini Qazaxıstan üzərindən etməsinə bu ölkənin razılıq verməsi bəzi məsələlərə təkrar baxmaq zərurəti yaratdı. Qənaətimiz budur ki, Qazaxıstanın Azərbaycana münasibəti dəyişir. Nursultan Nazarbayevin və Qasım-Comərt Tokayevin dövrü Azərbaycanın mənafelərinə baxış məsələsində fərqlənir. Nazarbayevin dövründə Ermənistan Qazaxıstana aid heç nəyi Azərbaycana qarşı yönəltməyə cürət etməzdi". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, 2016-cı ildə Ermənistan Avrasiya birliyinə üzv qəbul olunanda Nazarbayevin İlham Əliyevin məktubunu necə təəssübkeşliklə oxuduğunu yəqin hamı xatırlayar: "Həm də bu bir çox uyğun faktlardan tək biridir. İndi isə cənab Tokayevin bəzi etdiklərinə baxın. İki ildir hakimiyyətdədir. Qazaxıstanda ermənilərin azərbaycanlılara qarşı təxribatı, Xəzərdə Azərbaycan balıqçılarının həbsi və öldürülməsi təsadüf idimi? Cənab Tokayevin gəldiyi ilk vaxtlarda qazax xalqı ilə ermənilərin etnik-tarixi birliyi barədə verdiyi çox təəccüblü bəyanat nə demək idi? Tokayevin Böyük İpək yoluna Ermənistanın qoşulmasını həvəsləndirən davranışları da unudulmayıb. Bu da axırı...".

A.Quliyev bildirib ki, ən sonda Ermənistanın beynəlxalq hüquqa zidd silahlandlrılmasına öz hava məkanını açdı və faktiki vasitəçilik etdi: "Sanki fərqi yox imiş ki, Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. Nazarbayevdən sonra Qazaxıstan niyə belə etdi..? Məncə Azərbaycan bu sualı dövlət səviyyəsində təhlil etməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə