Telefon zəngi: Prezident qətiyyəti və xalqın səsi ANALİTİK

Azərbaycan dövləti onun milli-dövlətçiliyi ilə bağlı istənilən məqamlara görə izahat vermir, əksinə tələb edir!

Rusiyanın işğalçı Ermənistanı silahlandırması ilə bağlı növbəti faktların üzə çıxması geosiyasi arenada tez-tez dəyişən olayları bir daha gündəmə çıxarmış oldu. Daha dəqiq desək, bu fakt sübut etdi ki, əslində, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri hesab edilən Rusiya ona göstərilən etimadını doğrultamaqla yanaşı, həm də onu birdəfəlik itirmiş oldu. Nəzərə alarsaq ki, Rusiya daha əvvəllər də təcavüzkar rejimə müxtəlif vaxtlarda silah-sursat və s. hərbi məqsədli məhsullar göndərib, bu zaman ortaya geniş və müfəssəl amillər çıxmaqla yanaşı, eyni zamanda, Şimal qonşumuzun siyasi arenadakı mövqeyi daha aydın şəkildə görünməyə başlayır. Belə ki, Ermənistanın Tovuz rayonu istiqamətində - dövlət sərhədində törətdiyi silahlı təxribatının ardınca Rusiya-Qazaxıstan-Türkmənistan-İran-Ermənistan marşrutu üzrə iyulun 17-də 2, iyulun 18, 20, 27, 29 və avqustun 4-də 1, avqustun 6-da isə daha 2 təyyarə reysi ilə işğalçı ölkənin silahlandırılması Azərbaycan ictimaiyyətində haqlı narazılıq, hiddət yaratmış oldu. Məhz bu baxımdan, sözügedən məsələyə yanaşma edərsək, ATƏT-in Minsk Qrupunun yararsız olması reallığı özünü büruzə edir.

Artıq işğalla barışmayacağı faktını dəfələrlə ortaya qoymuş Azərbaycan xalqı Minsk Qrupunun formatına yenidən baxılmasını tələb etməklə yanaşı, Türkiyənin bu quruma həmsədr ölkə kimi qartılmasını istəyində olduğunu bildirir.

Azərbaycan dövləti ən ali mövqedən çıxış edərək, Rusiyadan izahat tələb etdi!

Ancaq həmin məqamda qürurverici faktorlardan biri də bu oldu ki, Azərbaycan dövləti ən ali mövqedən çıxış edərək, Rusiyadan izahat tələb etdi. Xüsusilə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinə telefon zəngi edərək, baş verənlər barədə açıqlama tələb etməsi sübut etdi ki, ölkəmiz nəinki işğal faktı ilə barışmayacağını, hücum diplomatiyasından geri çəkilməyəcəyini nümayiş etdirir, o cümlədən, təhlükə yarada biləcək istənilən hadisəyə adekvat, sərt münasibət də sərgiləyir. Bu, ilk növbədə müstəqil və qətiyyətli siyasətin məntiqi nəticəsidir və bundan əlavə, Azərbaycanın regiondakı mühüm rolunun göstəricisidir. Ümumiyyətlə, diqqət yetirdikdə onu da görərik ki, Azərbaycan və Rusiya dövlət başçılarının telefon danışığında fərqli nüanslar oldu. Yəni fakt budur ki, Prezident İlham Əliyev xalqın və dövlətin milli-təhlükəsizlik maraqlarının təmin olunması üçün Azərbaycan ictimaiyyətinin haqlı narazılığını və suallarını birbaşa Rusiya prezidentinə Vladimir Putinə bildirib. O da əbəs deyil ki, rəsmi məlumatlarda “telefon zənginin əsas məqsədi bu məsələnin aydınlaşdırılmasıdır” fikri yer aldı. Bu, eyni zamanda dövlət başçısının milli mənafe və xalq-dövlət naminə göstərdiyi birmənalı qətiyyətinin və möhkəm iradəsinin isbatıdır.

Bu, tamamilə fərqli bir məsələdir və Azərbaycanın nəinki regionda, eyni zamanda dünyadakı yerinin və rolunun artması ilə bağlıdır

Biz daha bir reallığı da etiraf etməliyik ki, əslində Rusiya supergüc dövlət kimi tanındığına görə müxtəlif məsələlərdə hər hansı bir digər ölkələrə izahat verən deyil. Misal üçün, Rusiya Serbiyaya sülhməramlı adı altına hərbçilərini göndərmiş, hərbi kontingentini Tbilisinin 20 kilometrliyinə qədər aparıb-çıxarmış, Krımı hərbi yolla özünə birləşdirmiş, hətta ABŞ seçkilərinə müdaxilələr edə biləcək qədər hegemonluq nümayiş etdirir. Amma bu, o demək deyil ki, müxtəlif vaxtlarda strateji tərəfdaş adlandırdığı Azərbaycana qarşı etdiklərinə görə izahat verməli olmayacaq. Çünki bu, tamamilə fərqli bir məsələdir və Azərbaycanın nəinki regionda, eyni zamanda dünyadakı yerinin və rolunun artması ilə bağlıdır.

Azərbaycan dövləti qardaş və strateji tərəfdaşı olan Türkiyə ilə kifayət qədər genişmiqyaslı hərbi təlimlər keçirir və bu təlimlərin səsi-sədası artıq bütün dünyanı bürüyüb. Azərbaycan bu təlimlərə görə kimsəyə, hər hansı xarici ölkələrə, beynəlxalq təşkilatlara hesabat vermir və bunu etmək fikrində də deyil. O cümlədən, Azərbaycanın regiondakı maraqlarını birmənalı olaraq müdafiə edən, dəstək göstərən Türkiyə dövləti də daim Azərbaycanın yanında olacağını qətiyyətlə bəyan edir. Məhz bu kimi məsələlərin təhlillərini apararkən növbəti dəfə qeyd edə bilərik ki, əslində Azərbaycan dövləti onun milli-dəvlətçiliyi ilə bağlı istənilən məqamlara görə izahat vermir, əksinə tələb edir!

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...