“Azərbaycanın iqtisadi platforması liderlik gücünün göstəricisidir” İsa Həbibbəyli

Güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir. Bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış - Milli Məclisin ilk iclasındakı çıxışında da son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri olmadığını vurğulayıb və qeyd etdi ki, statistika da bunu təsdiqləyir: "Son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Əgər varsa, desinlər, götürsünlər statistikaya baxsınlar, hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib. Ondan sonra yoxsulluq, 50 faizə yaxın idi, indi 4,8 faizdir və daha da aşağı düşəcək. Çünki maaşlar, pensiyalar artır və artırılacaq, müavinətlər də həmçinin. Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni, istəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun”.

Göründüyü kimi, dövlət başçısının vurğuladığı rəqəmlər sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.

Avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə də dövlət başçımız yenə də sosial sahədə görülən işlərdən danışaraq bildirib ki, pandemiya dövründə 5 milyona yaxın vətəndaşımız həm sosial-iqtisadi və digər proqram çərçivəsində dövlət dəstəyindən faydalana bilib: “İqtisadi proqram çərçivəsində 300 min fərdi mikro sahibkarlara dəstək, birbaşa maliyyə dəstəyi nümayiş olundu. Eyni zamanda 300 min vətəndaşımızın əmək haqları tam və ya qismən ödənildi. Eləcə də 600 min vətəndaşımıza aprel-may ayları birdəfəlik ödəniş həyata keçirildi, 287 min vətəndaşımız isə iyun-iyul aylarında bu yardımlardan faydalana bildi”.

“Neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, bütün sosial öhdəlikləri yerinə yetirəcəyik”

Bəli, neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək. Bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb: “Bu gün bu barədə də məlumat veriləcək və bundan sonra da biznesə dəstək proqramları icra edilməlidir. Həm ilin əvvəlində nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, eyni zamanda, pandemiya ilə əlaqədar görülmüş işlər hesab edirəm ki, bizim siyasətimizi tam şəkildə əks etdirir. Biz büdcəyə düzəlişlər edirik və artıq bu məsələ müzakirə olunur. Milli Məclis artıq bu məsələ ilə bağlı müzakirələr aparır. Bu, bir daha onu göstərir ki, biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik. Çünki bizim büdcəmiz təsdiq olunanda, əlbəttə ki, pandemiya hələ başlamamışdı. Bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək. Ümid edirəm ki, yaxın günlərdə Milli Məclis dürüstləşmə ilə bağlı öz sözünü deyəcəkdir. Hökumətin təklifi ondan ibarətdir ki, neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürülsün və ilin sonuna qədər biz öz xərclərimizi bu rəqəm əsasında planlaşdıraq”.

Göründüyü kimi, bu, Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünki Azərbaycan güclü iqtisadiyyata malik olan ölkə olaraq bütün sosial öhdəlikləri yerinə yetirməyə qadirdir.

Düşünülmüş siyasətin uğurlu nəticələri…

Keçirilən müşavirədə dövlət başçısı koronavirusla mübarizə tədbirləri çərçivəsində mühüm işlərdən və bu işlərin nəticəsində virusa yoluxma sayının xeyli azaldığını və bu mübarizədə müsbət dinamika müşahidə olunduğunu da bildirib. Fakt odur ki, məhz bu düşünülmüş siyasətin nəticəsində ölkəmiz bu böhranlı vəziyyəti dünyanın bir çox ölkələrindən daha yaxşı idarə edə bilib. Bu faktdır, reallıqları görməmək ancaq və ancaq korluqdur. Prezident İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd edib ki, koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Dövlət başçısının qeyd etdiyi kimi, artıq üç həftədir ki, müsbət dinamika müşahidə edilir: "Bütövlükdə isə, pandemiya başlayandan dərhal sonra dövlət tərəfindən bütün lazımi qabaqlayıcı tədbirlər həyata keçirilməyə başlandı. Bunun nəticəsində ölkəmiz vəziyyətdən az itkilərlə çıxa bilir”.

Prezident müşavirədə bir daha söylədi ki, əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Dövlət başçısı diqqətə çatdırıb ki, koronavirusla bağlı mübarizədə addımlar vəziyyətə uyğun şəkildə atılacaq. Karantin vəziyyəti hamını yorsa da, pandemiyanın fəsadları nəzərə alınmalıdır. Nəzərə alsaq ki, dövlət rəhbərliyi, Operativ Qərargah insanların sağlamlığı və təhlükəsizliyi üçün fasiləsiz işləyir, vətəndaşlar vəziyyətin ciddiliyini nəzərə almalıdır. Dövlət başçısı diqqətə çatdırıb ki, karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olub. Vətəndaşlar nəzərə almalıdır ki, əgər bu yumşalmadan sonra yenə də xəstəlik kəskin artsa, karantin rejimi yenə də sərtləşdiriləcək. Ona görə də, hamı məsuliyyətli olmalı, qaydalara əməl etməli, tibbi maskalardan, dezinfeksiyaedici vasitələrdən istifadə etməli, sosial məsafəni gözləməlidir. Belə olarsa, karantin rejimini daha da yumşaldıb normal həyata tez qayıtmaq mümkün ola bilər.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır və Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaq. Yetər ki, məsuliyyətli olaq və qaydalara əməl edək.

İSA HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə