"Ermənistanın indiki rəhbərliyi Sorosun sifarişini icra edir" - İLHAM ƏLİYEV

"Heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

Prezident bildirib ki, Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub: "Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin beyinlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad açıblar və gizlətmirlər, bu, açıq bir ianədir. Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir. Ona görə bu gün Soros fondu açıq-aydın Ermənistan rəhbərliyinə 600 min dollar ianə verib. Bu, KTMT-yə üzv olan ölkələri düşündürməməlidir? Əlbəttə ki, düşündürməlidir. Bir də Ermənistan qorxa-qorxa gedib KTMT-nin ətəyindən yapışarkən yadına salsın ki, KTMT-ni necə diskreditasiya etmişdi, təşkilatın baş katibini həbs etmişdi. Sonra təzyiq nəticəsində onu buraxdı. Ancaq cinayət işi bağlanmadı. KTMT-yə bir il ərzində yeni baş katibin təyin olunmasına imkan vermirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...