“Rusiya ilə münasibətlərdə çatların qarşısını almaq Ermənistan üçün həyati vacibdir” Anna Karapetyan

“Rusiya ilə münasibətlərdə çatların qarşısını almaq Ermənistan üçün həyati vacibdir” Anna Karapetyan

Ermənistan-Rusiya münasibətlərinin möhkəmləndirilməsi və bu münasibətlərdə əmələ gələn çatların qarşısının alınması bu gün Ermənistan üçün həyati əhəmiyyət daşıyır. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, nunu "Ayask" ("Baxış") Tətbiqi Siyasət və Tədqiqat Analitik Mərkəzinin direktoru Anna Karapetyan deyib.

“Ermənistan-Rusiya münasibətlərinin bu və ya digər şəxsə, siyasi qrupa münasibətindən və buraxdıqları səhvlərdən sarsılmaması çox vacibdir. Son 2 il yarım şübhəsiz ki, Ermənistan-Rusiya münasibətləri üçün ən yaxşı dövr deyil və biz bunun fəsadlarını mütəmadi olaraq görürük”, deyə Anna Karapetyan etiraf edib.
Mərkəzin direktoru Nikol Paşinyanın Tavuşdakı hadisələr kontekstində Rusiyanın rolu ilə bağlı söylədiklərinə də toxunub.

“Rəsmi açıqlamalardan bildiyimiz kimi, Rusiya atəşkəs rejiminin bərpasında növbəti dəfə fəal iştirak edib, eyni zamanda fəal vasitəçilik səylərini davam etdirir. Bunu həm də qiymətləndirmək və vurğulamaq vacibdir", deyə Karapetyan bildirib.

Karapetyanın sözlərinə görə, bu gün Türkiyənin bölgədəki imici, mövqeyi fonunda Ermənistanın Rusiya ilə fəal əməkdaşlıq etməsi çox, özü də həyati vacib məsələdir.

Ekspertin fikrincə, Rusiya ilə əməkdaşlıq, ilk növbədə təhlükəsizlik baxımından, Azərbaycana, Türkiyəyə qarşı durmaq baxımından vacibdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə