"Qarabağın açarı Rusiyadadırsa..." ÖZƏL - AÇIQLAMA

"Qarabağın açarı Rusiyadadırsa..." ÖZƏL - AÇIQLAMA

"Türkiyənin Rusiya ilə aparacağı danışıqlara etibar edə bilərik. Bu danışıqlar da Azərbaycana uğur gətirəcək. Əgər, doğurdan da Dağlıq Qarabağın açarı Rusiyanın əlindədirsə, deməli Türkiyənin Rusiyaya müəyyən təsir imkanı varsa, bu təsir imkanları Azərbaycanın xeyrinə ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olan deputatı, tarix elmlər doktoru Anar İsgəndərov Rusiya və Türkiyə Prezidentləri arasında keçən danışıqlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hamıya məlumdur ki, bölgədə əsas söz sahibi Rusiya Fedarasiyasıdır, hətta, təsadüfi deyil ki, jurnalistlər də, siyasətçilər də Qarabağın açarının Rusiyanın əlində olduğunu yazırlar:

"Bu fikri mübahisə etmək də olar, etməmək də olar. Bunun mübahisəsini etməsək daha yaxşı olar. Çünki, son 30 ilin hadisələri onu göstərir ki, Qarabağda hadisələrin bu məcraya düşməsində Rusiyanın müstəsna dırnaqarası "rolu" və ya "xidməti" olub. Bu gün Türkiyə Cənubi Qafqazda söz sahibi ola bilirsə və ya söz sahibidirsə, Rusiya istər-istəməz Türkiyə ilə bu məsələləri müzakirə etməlidir. Sevindirici hadisə isə ondan ibarətdir ki, Türkiyə Cümhuriyyəti bu məsələlərə müdaxilə edə bilər. Qərb dövlətlərinin müqavimətinə baxmayaraq Türkiyənin Suriyada, İraqda, Liviyada, Aralıq dənizində nüfuzunun artması, onun Cənubi Qafqazda hadisələrə tam mənasında nüfuz etməsi və üstəgəl Rusiya ilə qərb arasında olan sərt münasibətlər, Türkiyə və Rusiyaya imkan verir ki, onlar Qarabağ məsələsini də gündəmə gətirsinlər, bununla bağlı haqlı qərar versinlər. Əgər, Rusiya tarix boyu erməniləri müdafiə edibsə ki, bu müdafiə ən çox Osmanlı ilə bağlı olub. Rusiya ilə Osmanlı arasında neçə müharibə olubsa, Krım Müharibəsini çıxmaq şərti ilə bu müharibələrin hər birində Rusiya qalib gəlib və Osmanlıdan torpaq qoparıb. Bağlamış müqavilənin bir bəndi də ermənilərlə bağlı olub. Bu gün, əgər Türkiyə ilə Rusiya arasında münasibətlər siyasi cəhətdən səmimiləşirsə, o zaman Türkiyənin Azərbaycanın haqq işini müdafiə etməsi və Rusiyanı da bu işə cəlb etməsi Azərbaycan üçün uğurdur".

Millət vəkili vurğulayıb ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azərbaycan ərazisindədirsə və Azərbaycanda hərbi istiqamətdə təlimlərə başlayıbsa, bu o deməkdir ki, Türkiyə Cənubi Qafqaza, o cümlədən, Azərbaycanın işlərinə tam mənada dəstək verə bilir:

"Digər tərəfdən Türkiyə Cümhuriyyəti Rusiya ilə yaxınlaşa bilirsə, bu, Azərbaycan-Ermənistan sərhədində Dağlıq Qarabağ probleminin həlli istiqamətində işlərin yeni istiqaməti ilə bağlı işarədir. Bu münasibətlərin tənzimlənməsi, yəni, Rusiya ilə Türkiyə Cümhuriyyəti arasında münasibətlərin tənzimlənməsi əslində Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən uğurlu addımlara gətirib çıxara biləcək. Azərbaycan torpaqlarının işğaldan azad olunması, Türkiyə və Rusiyanın bu istiqamətdə aparacağı danışıqlar birmənalı olaraq Azərbaycanın xeyrinə olmuş olar. Çünki, Türkiyə Azərbaycana dost dövlətdir və Azərbaycan həqiqətlərini öz həqiqətləri kimi qəbul edir, Azərbaycan acısını öz acısı kimi qəbul edir. Bu istiqamətdə Türkiyənin Rusiya ilə aparacağı danışıqlara etibar edə bilərik. Bu danışıqlar da Azərbaycana uğur gətirəcək. Əgər, doğurdan da Dağlıq Qarabağın açarı Rusiyanın əlindədirsə, deməli Türkiyənin Rusiyaya müəyyən təsir imkanı varsa, bu təsir imkanları Azərbaycanın xeyrinə ola bilər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə